Bakı. İlhamə İsabalayeva - Trend:
Ermənistanın baş naziri Nikol Paşinyanın BBC-nin HARD Talk proqramına müsahibəsində söylədiyi "Qarabağ - "Ermənistandır və nöqtə!", yerli erməni xalqı bir neçə min ildir ki, Dağlıq Qarabağda məskunlaşıb və Artsax adının bir neçə min il yaşı var" fikri tamamilə cəfəngiyyatdır.
Bunu Trend-ə AMEA Qafqazşünaslıq İnstitutunun "Ermənişünaslıq" şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru Qasım Hacıyev deyib.
Paşinyanın bu fikirlərinin heç bir tarixi fakta əsaslanmadığını deyən Q.Hacıyev nəzərə çatdırıb ki, ilk Ermənistan dövləti Azərbaycan torpaqları hesabına Cənubi Qafqazda 1918-ci ildə yaradılıb.
Onun sözlərinə görə, tədqiqatlar göstərir ki, XV əsrin ortalarınadək Cənubi Qafqazda ermənilər yaşamırdılar, onlar Cənubi Qafqazda aborigen deyillər. Qədim vətəni Balkanlar olan, hazırda erməni adlandırılan haylar eradan əvvəl Balkanlardan Ön Asiyaya gəliblər:
"XV əsrdə Vətən axtarışında və dövlət yaratmaq istəyən erməni din xadimləri Cənubi Qafqaza gəlib çıxıblar. Qaraqoyunlu (Baharlı) hökmdarı Cahan şahdan alban monastrı "Üçmüəzzin"i (üç əzan) (Eçmiədzin) 1441-ci ildə icarəyə götürmüş erməni katalikosluğunu Kilikiyanın Sis şəhərindən bu monastra köçürüblər. Erməni katalikosluğunun "Üçmüəzzi"nə köçürülməsi ilə erməni missionerləri də buraya üz tutmuşlar. Sonralar ermənilər "Üçmüəzzi"n adını dəyişərək "Eçmiədzin" kimi ifadə etmişlər. Monastr ermənilərin Cənubi Qafqazda dini mərkəzinə çevrilmişdir".
Q.Hacıyev əlavə edib ki, bununla da regionda erməni əhalisinin artmasına imkan və şərait yaranıb.
Alim qeyd edib ki, dövləti olmayan ermənilər dövlət yaratmaq məqsədilə Qriqoryan kilsəsinin rəhbərliyi ilə uzun müddət böyük dövlətlərə kömək etmələri üçün müraciətlər etmişlər.
Onun bildirdiyinə görə, çar Rusiyası tərəfindən Azərbaycanın şimal əraziləri işğal edilənədək (XIX əsrin birinci yarısı) Cənubi Qafqazda "Üçmüəzzi"nin hüdudlarından kənarda erməni yox idi. Türkmənçay müqaviləsindən (1928-ci il) sonra çar Rusiyasının himayəsi və yardımı ilə Şimali Azərbaycan ərazilərinə Qacarlar İranından 40 min, Türkiyədən 90 min nəfər erməni köçürülmüşdür:
"Bütün bunlar rəsmi sənədlərlə təsdiq edilir. Nəhayət, XX əsrin əvvəllərində İrəvan şəhəri də paytaxt kimi ermənilərə verilmiş, Azərbaycan torpaqları hesabına Cənubi Qafqazda 1918-ci ildə ilk Ermənistan dövləti yaradılmışdır:
"XX əsrin əvvəllərində Azərbaycanda Dağlıq Qarabağa əsassız ərazi iddiaları ilə erməni separatizmi başlanmış, 1923-cü ildə qeyri-qanuni Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdır. Əsrin sonlarında isə bir sıra anti-Azərbaycan qüvvələrin köməkliyi ilə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və ətrafındakı 7 rayonu işğal edilmişdir. 1991-ci ildə separatçı rejimin idarə etdiyi qeyri-qanuni respublika elan edilmişdir. Bu ərazilər hələ də Ermənistan hərbi qüvvələrinin işğalı altındadır".
Q.Hacıyev deyib ki, indiki Ermənistan ərazisində aborigen olmayan ermənilər (haylar) yerli xalqın (Azərbaycan türklərinin) xristian dininə aid tarix və mədəniyyət abidələrinin formasını dəyişdirmiş, saxtalaşdırmış, müsəlman abidələrini isə dağıdıb məhv etmişlər:
"Erməni tarixçiləri Cənubi Qafqazda XX əsrə qədər erməni dövlətinin olmasını təsdiq edən hər hansı bir dövlət atributu göstərə bilmirlər. Onlar XX əsrin əvvəllərindən başlayaraq, öz tarixləri ətrafında reallıqdan uzaq miflər, nağıllar, əfsanələr yaratmaqla Cənubi Qafqazın tarixini dolaşdırırlar".
Tarixçi qeyd edib ki, həm Qarabağ, həm də Artsax sözləri türk mənşəlidir. Ermənilər böyük bağ mənasını verən Qarabağ ("qara böyük, bağ isə bağ) sözünü erməniləşdirə bilmədiklərindən "Artsax" sözündən yapışıblar: "Əslində, "Artsax" sözünün mənşəyi "Ərsak" sözündən götürülüb. Ermənilər "Ərsak" sözünü saxtalaşdıra bilmədiklərindən onun formasını dəyişib "Artsax" kimi təqdim edirlər. "Ərsak" türk mənşəli sözdür. Eramızdan əvvəl 7-ci əsrdən sonra Kür və Araz arasında Sak çarlığı var idi. Bu da bizim indiki Qarabağın ərazisində olub. Sak sözünün mənası da ər, igiddir".