...

Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti – İşğaldan azad olunmuş Vejnəli qızıl yatağı (VİDEO)

Siyasət Materials 31 Oktyabr 2020 17:52 (UTC +04:00)

Bakı. Trend:

Ermənilərin işğal altında olan Azərbycan ərazilərində milli sərvətlərimizi talan etməsi, bu prosesdə xarici şirkətlərin iştirakına dair çoxsaylı faktlar var.

Trend-in məlumatına görə, ümumilikdə, işğal olunmuş Azərbaycan torpaqlarında 160 müxtəlif qiymətli metal yatağı qalıb. Kəlbəcər, Laçın, Zəngilan, Tərtərdəki qızıl, gümüş, civə, mis, qurğuşun, daş kömür, rəngli, dekorativ daşlar və digər yataqları mövcuddur.

Ermənistanın ixracında mühüm yer tutan dağ-mədən məhsulları sırasındakı qızıl, mis, sink filizləri və konsentratlarının, həmçinin qiymətli metalların konsentratlarının xeyli hissəsinin Azərbaycanın işğal olunmuş ərazilərindəki Söyüdlü (Zod), Qızılbulaq, Vejnəli qızıl, Mehmana polimetal və Dəmirli mis-porfir yataqlarından hasil olunur.

İşğaldan azad olunmuş Zəngilan rayonun ərazisində yerləşən Vejnəli qızıl yatağı kvars-qızıl-sulfid tərkibli damar geoloji-sənaye tipinə aid edilir. Yataqda 25 sayda qızıl saxlayan kvars damar zonaları öyrənilmiş, 14,15,16,19,21 və 24-cü zonalar üzrə Cı+C2 kateqoriyası ilə ehtiyatlar hesablanmışdır.

Vejnəli yatağı 1959-1962-ci illərdə Vejnəli geoloji-axtarış partiyası tərəfindən kəşf edilmişdir. 1962-1971,1976-1981 və 1983-1984-cü illərdə geoloji-axtarış və kəşfiyyat işləri aparılmışdır.

Vejnəli qızıl yatağı 1984-cü ildə Məhəlli Ehtiyatlar Komissiyasında təsdiq olunaraq Azərbaycan Respublikası Faydalı Qazıntı Ehtiyatlarının Dövlət Balansına qəbul edilmişdir.

Təsdiq edilmiş ehtiyatlar: C1 kateqoriyası üzrə filiz-183 min ton, qızıl - 2,169 ton; C2 kateqoriyası üzrə filiz - 433 min ton, qızıl - 4,347 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə gümüş - 0,19 ton; C2 kateqoriyası üzrə gümüş - 9,9 ton təşkil etmişdir. C1 kateqoriyası üzrə mis - 0,2 min ton; C2 kateqoriyası üzrə mis - 2,8 min ton təşkil etmişdir.

Azərbaycanda qızılçıxarma sənayesinin yaradılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının bir sıra qızıl yataqlarının kəşfiyyatı və işlənməsi barədə" 1996-cı il 5 fevral tarixli sərəncamına uyğun olaraq 1997-ci il avqustun 20-də keçmiş "Azərqızıl" DŞ ilə ABŞ-ın "RV Investment Group Sevrvices LLS" arasında Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyəzbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Söyüdlü, Qızılbulaq və Vejnəli perspektivli qızıl yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş imzalanmışdır. Lakin Söyüdlü(Zod), Qızılbulaq və Vejnəli yataqları ermənilərin işğalı altında olduğuna görə, həmin yataqlar üzrə işlərin aparılması mümkün olmamışdır.

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində ərazilərimiz işğaldan azad olunur, xalqımıza məxsus milli sərvətlərimiz, o cümlədən Vejnəli qızıl yatağı onun özünə qaytarılır.

Ermənistan genişmiqyaslı talan əməliyyatına Fransa, Kanada, İsveçrə və digər ölkələrdən imkanlı erməni əsilli və ya erməni diasporu ilə əlaqələri olan iş adamları Azərbaycan ərazisində yataqların istismaına cəlb edilmişdir. Bu cür kriminal biznes nümayəndələrindən biri də İsveçrənin dünyaca məşhur saat brendi "Franck Muller Group"un təsisçilərindən biri və baş direktoru Vartan Sirmakesdir.

V.Simakes 1956-cı ildə İstanbulda anadan olub və 18 yaşında İsveçrəyə köçüb. Hazırda İsveçrənin erməni diasporunun maliyyə donoru hesab olunan V.Simakes "ArmSwissBank" bankının təsisçisidir, bu ölkədə 7 brendə və 14 istehsalat müəssisəsinə sahibdir. O, Ermənistanda müxtəlif sahələrə böyük investisiyalar yatırır, rəhbərlərindən biri olduğu "Franck Muller" şirkəti dünyada yeganə nümayəndəliyini məhz Ermənistanda açıb. Keçmiş prezident Serj Sarqsyanın fərmanı ilə Ermənistanın Fransadakı Baş Konsulu təyin olunub və "Vətən qarşısında xidmətlərinə görə" ordeni ilə təltif edilib.

Yataqların istismarında nəinki xarici korporasiyalar, həm də ofşor zonalarda saxta şirkətlər yaratmaq yolu ilə Ermənistanın siyasi rəhbərliyi də iştirak etmişdir. Bu sıraya R.Koçaryan-S.Sarqsayn cütlüyü, keçmiş səfir və indiki prezident Armen Sarkisyan və baş nazir N.Paşinyan daxildirlər.

V.Sirmakesin Kəlbəcərin "Söyüdlü" və Zəngilanın "Vejneli" yataqlarından oğurlanan qızıl İsveçrə birjalarında satışa çıxarılır, qazanc isə elə həmin ölkənin banklarına yatırılır. Simarkes Azərbaycanın işğal olunmuş ərazilərində 999,9 əyyarlıq qızıl külçələrin satışı ilə məşğul olan bir sıra proqramların da əsas sərmayədarıdır.

2001-ci ildə "Franck Muller"in Ermənistandakı nümayəndəliyi açılan zaman şirkətin təmsilçisi bildirmişdi ki, burada saatların qızıl çərçivələri üçün 18 karatlıq qızıl və 550 əyyarlıq platindən istifadə olunacaq.

İsveçrəli biznesmen Ermənistanda qiymətli materialların emalı zavodunun inşasına hazırlaşdığı barədə də məlumatlar vardır. Onun zavodun tikilməsi planını 6 il əvvəl – 2014-cü ildə açıqlayıb və Ermənistan Mərkəzi Bankı ilə müvafiq memorandum da imzalayıb. Hasil edilən qızılı dünya bazarına çıxarmaq məqsədi ilə 2020-ci ildə Ermənistanda affinaj (qızıl emalı) zavodunun açılması nəzərdə tutulur. Əsas investor Vartan Sirmakesdir.

Rəsmi statistikaya görə, Ermənistandan ixrac edilən məhsulların böyük bir hissəsi Vartan Sirmakesin vətəni olan İsveçrəyə ixrac olunur. 2019-cu ildə Ermənistan məhsullarının ixrac edildiyi ölkələr sırasında ikinci ən böyük paya sahib olan ölkə məhz İsveçrədir - ixracda bu ölkənin payı 17.4% (457 milyon dollar) həcmində olub.

Azərbaycan ərazisində hazsil olunan qızıl resursları Ermənistana gətirilir, Ermənistanda müəyyən saflaşdırma mərhələsindən keçdikdən sonra üçüncü ölkələrin bazarlarına çıxarılaraq, orada satışı həyata keçirilir.

5 il əvvəl Azərbaycanın Baş Prokurorluğu Vartan Sirmakesə qarşı cinayət işi açaraq onu beynəlxalq axtarışa verib. İstintaq materiallarından aydın görünür ki, Azərbaycan tərəfi Sirmakesin qanunsuz iqtisadi fəaliyyəti və xüsusilə də, qızıl yataqlarının qeyri-qanuni istismarında iştirakı ilə bağlı kifayət qədər məlumat əldə edib. Bütün bu faktlar İsveçrə Konfederasiyası Baş Prokurorluğuna da təqdim olunub.

Azərbaycan Prezidentinin tapşırığına əsasən işğal olunmuş ərazilərimizdə Ermənistanın Azərbaycan vurduğu zərərlərin kompleks qiymətləndirilməsi aparılacaq. Vətəndaşların mülkiyyəti, infrastruktur, mədəniyyət abidələri və s. ilə yanaşı, həm də Azərbaycana məxsus təbii resursların qeyri-qanuni istismarı haqqında materiallar əsasında Ermənistanın Azərbaycan vurduğu zərərlər qiymətləndiriləcək, düşmən ölkənin, onun əvvəlki və indiki rəhbərlərinin, bu prosesdə iştirak edən xarici şirkətlərin, onların rəhbərlərinni məsuliyyətə cəlb olunması ilə bağlı bütün lazımi tədbirlər görüləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti