...

Azərbaycan xalqı 44 gün davam edən Vətən müharibəsini şanlı zəfərlə yekunlaşdırdı - Politoloq

Siyasət Materials 11 Noyabr 2020 17:48 (UTC +04:00)
Azərbaycan xalqı 44 gün davam edən Vətən müharibəsini şanlı zəfərlə yekunlaşdırdı - Politoloq

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan xalqı 44 gün davam edən Vətən müharibəsini şanlı zəfərlə yekunlaşdırdı. Bu zəfər hər şeydən əvvəl barəmizdə formalaşmış məğlub xalq sindromunu sındırdı, özümüzə inamımızı qaytardı.

Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.

C.Əhmədlinin fikrincə, bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və gec-tez, nəyin bahasına olursa-olsun, öz amalına qovuşacaqdır:

“Beləliklə, tariximizin ən şərəfli qələbəsini qazandıq. Xüsusi olaraq, vurğulamaq lazımdır ki, torpaqlarımızın işğaldan azad olunmasını şərtləndirən əsas fundamental səbəb Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət və güclü ordu strategiyasıdır. Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz”.

C.Əhmədli bildirib ki, Ermənistan dövləti 30 ildir davam edən danışıqlar prosesində nail olmaq istədiyinin heç birini əldə edə bilmədi:

“İmzalanan bəyannamənin müddəalarına da baxanda görə bilərik ki, orada Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi arxivə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu. Bir sözlə, 44 gün davam edən müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı belə hazırda ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz.

Şuşa şəhərinin işğaldan azad olunmasına xüsusi olaraq yanaşmaq lazımdır. Bildiyiniz kimi, münaqişənin siyasi tənzimləmə sürəcində vasitəçilər tərəfindən hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələrinin keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə girməsi danışıqlar predmetinə ümumiyyətlə yaxın buraxılmırdı. Hətta Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi kimi absurd tələblər irəli sürülürdü. Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti