Bakı. Ceyhun Ələkbərov - Trend:
Ötən gündən etibarən Azərbaycan ordusunun genişmiqyaslı təlimlərinə başlanılıb. Bu, Azərbaycan ordusunun Vətən müharibəsində əldə etdiyi qələbəsindən sonra ilk və miqyasına görə ən böyük təlimlərdir. Bu təlimlər Ermənistandakı revanşist qüvvələrə bir mesaj olacaq.
Hərbi ekspert Ədalət Verdiyev Trend-ə açıqlamasında deyib ki, təlimlər silahlı qüvvələrimizin döyüş hazırlığının yüksəldilməsi üçün çox vacib amillərdən biridir:
"Ordumuz bu təlimlərdə müharibədən əldə etdiyi nailiyyətləri, döyüş təcrübəsini tətbiq etməklə raket artilleriya qoşunlarının, quru qoşunlarımızın və xüsusi təyinatlı birliklərimizin birgə, qarşılıqlı fəaliyyət şəraitində koordinasiyalı əməliyyatlar həyata keçirməsi üçün daha üstün səviyyə əldə etmək məqsədi daşıyır".
Ə.Verdiyev bildirib ki, bu təlimlərin keçirilməsi eyni zamanda Ermənistandakı revanşist qüvvələrə bir mesaj olacaq:
"Azərbaycan ordusunun keçirdiyi genişmiqyaslı təlimlərin məqsədləri arasında, aktual problemlərin, antiterror əməliyyatların keçirilməsi də nəzərdə tutulur. Təlimlərin ordumuzun döyüş səviyyəsinin yüksəldilməsindən əlavə, həm də Ermənistanda revanş haqqında bəyanatlar səsləndirən qüvvələrə ordumuzun döyüş imkanlarını bir daha nümayiş etdirmək məqsədi daşıyacaq".
Twitter: @JeyhunAlakbar