...

Azərbaycan Ordusu öz yaranma tarixini qalib kimi qeyd edir

Siyasət Materials 24 İyun 2021 20:05 (UTC +04:00)
Azərbaycan Ordusu öz yaranma tarixini qalib kimi qeyd edir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan Ordusu dövlət müstəqillimizin bərpasından sonra ilk dəfədir ki, öz yaranma tarixini – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününü qalib kimi qeyd edir. Bu günün qürurunu yaşamaq hər bir əsgərimizin, hər bir zabitimizin haqqıdır.

Bunu Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, bu gün müstəqil Azərbaycanımızın ərazi bütövlüyünü bərpa, sərhədlərimizin toxunlmazlığını təmin edən, üçrəngli bayrağımızı qanı və canı bahasına işğaldan azad edilmiş torpaqlarımızda dalğalandıran Azərbaycan Ordusunu böyük Zəfərə aparan yolun başlanğıcı heç şübhəsiz ki, 1918-ci il iyunun 26-dan başlayır: "Amma Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra qısa bir zaman əzində mövcud olmuş ordumuz da “sovetləşdirmə” prosesinin içərisində əridi, hərb sahəsindəki ənənələrimiz, vərəsəlik qırıldı.

Azərbaycanda hərb sənətinin ənənələrinin bərpası prosesi isə Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişindən sonra başladı. 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi liseyin əsası qoyuldu, azərbaycanlıların keçmiş SSRİ-nin ən nüfuzlu ali hərbi məktəblərində, həm də ən müxtəlif ixtisaslar üzrə təhsil almaları təmin edildi.

Heydər Əliyevin 1993-cü ildə müstəqil Azərbaycanın dövlət başçısı kimi hakimiyyətə gəlişindən sonra könüllü dəstələrin, silahlı qrupların dağıntıları üzərindən Azərbaycan Ordusunun formalaşdırılması prosesinə başlanıldı, qısa bir zaman ərzində ölkəmizdə nizami ordu formalaşdırıldı".

E.Mirzəbəyli vurğulayıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyev güclü dövlət quruculuğu strategiyasını uğurla reallaşdıraraq, Azərbaycan Ordusunun ən müasir silah-sursat, hərbi texnika ilə təchiz edilməsi, döyüş qabiliyyətinin artırılması istiqamətində ardıcıl və sistemli tədbirlərin həyata keçirilməsinə nail oldu: "Ölkəmizin dünyanın müxtəlif ölkələri ilə hərbi sahədə əməkdaşlığı genişləndirildi, rəqabətədavamlı müdafiə sənayesi yaradıldı və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasına daxil oldu.

2016-cı ilin Aprel döyüşlərində torpaqlarımızı uzun illər boyu işğal altında saxlayan düşmən qarşısında tamamilə fərqli, yüksək döyüş qabiliyyətinə malik olan Azərbaycan ordusunu gördü. Azərbaycan Ordusunun gücü, hərbçilərimizin qürur doğuran vətənpərvərliyi, peşəkarlığı və qəhrəmanlığı işğalçıya ağır psixoloji zərbə vurmaqla, erməni hərbçiləri haqqında formalaşdırılmış “məğlubedilməzlik” mifini darmadağın etdi, Ermənistandakı daxili siyasi proseslərin əsasını və cəmiyyətin özgə torpaqları üzərində qurulmiş kondalidasiyasını təşkil edən bütün ideoloji faktorları sıradan çıxardı".

E.Mirzəbəyli vurğulayıb ki, Ali Baş Komandanın ordu quruculuğu prosesində müəyyənləşdirdiyi xətt təkcə Azərbaycan Ordusunun döyüş strategiyasını deyil, müasir hərb sənətində mövcud olan bütün təməl qaydaları dəyişdi, Azərbaycan Silahlı Qüvvələrinin timsalında yeni əsrin müharibəsini aparmaq iqtidarında olan hərbi güc nümunəsini bütün dünyaya nümayiş etdirdi: "Məhz bu strategiya, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, əsgər və zabitlərimizin misilsiz qəhrəmanlıqları Vətən müharibəsindəki Böyük Zəfərimizin əsasını qoydu, düşmən tapdağında əzilən torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi.

Bu gün Azərbaycan Ordusu dövlətimiz kimi tarixinin ən qüdrətli dövrünü yaşayır və yürüdülən siyasət nəticəsində daha da güclənəcək, regionda sülhün, əminamanlığın təminatçısı kimi daim öz yüksək döyüş qabiliyyətini qoruyub saxlayacaqdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti