...

Milonov məsuliyyətsiz davranışları ilə partiyasının adına xələl gətirir - TƏHLİL

Siyasət Materials 8 Yanvar 2022 13:40 (UTC +04:00)
Milonov məsuliyyətsiz davranışları ilə partiyasının adına xələl gətirir - TƏHLİL

Bakı. Elçin Mehdiyev – Trend:

Rusiya Dövlət Dumasının deputatı Vitali Milonov Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər edib.

Hakim “Vahid Rusiya” partiyasının üzvü Yeni il günlərində Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səfər edərək, orada bir sıra görüşlər keçirib. Onun bu addımı Azərbaycan rəhbərliyinin ciddi etirazına səbəb olub.

Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev “Vahid Rusiya” partiyasının sədri Dmitri Medvedevə məktub göndərərək, onun rəhbərlik etdiyi partiya üzvünün Azərbaycan ərazilərinə qeyri-qanuni səfər etməsinə qəti etirazını bildirib.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputat Cavid Osmanov bildirib ki, bu, V.Milonovun Azərbaycan ərazilərinə ilk qanunsuz səfəri deyil.

“O bundan əvvəl də bir neçə dəfə Azərbaycan ərazilərinə qanunsuz səfər edib. Vitali Milonov qanunverici orqanın üzvü və Rusiya hakim partiyasının mənsubu olaraq bu cür qanunsuz səfərləri ilə həm qanunları pozur, həm də öz partiyasına hörmətsizlik edir. Vitali Milonov qanunverici orqanın üzvü olaraq qanunların qorunmasına birmənalı məsul olan bir şəxs kimi özü qanunlara hörmətsizlik edir. Vitali Milonov məhz qanunverici orqanın üzvü kimi yaxşı bilməlidir ki, bu ərazilər Azərbaycanın tarixi və əzəli torpaqlarıdır və bu ərazilərə səfər etmək üçün ilk növbədə Azərbaycan tərəfindən icazə alınmalıdır.

Digər bir tərəfdən Vitali Milonov təmsil etdiyi partiyaya da hörmətsizlik edir və məsuliyyətsiz davranışları ilə partiyasının adına xələl gətirir. Eyni zamanda Vitali Milonov bu addımı ilə Rusiyanın özünə qarşı da müəyyən mənada hörmətsizlik edir, çünki 44 günlük Vətən müharibəsinin yekunu olaraq məhz Rusiya Prezidentinin vasitəçiliyi ilə 10 noyabr 2020-ci il tarixdə üçtərəfli bəyanat imzalandı. Bəyanatda bir sıra məsələlər öz əksini tapıb və Vladimir Putin özü də qeyd edir ki, bu ərazilər beynəlxalq hüquq çərçivəsində Azərbaycan əraziləri hesab olunur. Ümid edirik ki, Rusiya hakim partiyası müvafiq addımlar atacaq və Vitali Milonovun bu cür qanunsuz və məsuliyyətiz hərəkətlərinə son qoyulacaq”, - deyə deputat vurğulayıb.

Politoloq Şəbnəm Həsənova isə Trend-ə açıqlamasında bildirib ki, nəzərə alsaq ki, bu hal ilk dəfə deyil baş verir, Milonov Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı dəfələrlə hörmətsizlik nümayiş etdirib və daha öncə Azərbaycan xalqına qarşı həqarət dolu sözlər sərf edib, təbii ki, səssiz qala bilməzdik və bu məsələlərdə qəti mövqeyimizi bir daha ortaya qoyduq.

“Xankəndi, Xocalı, Əsgəran bütün bu torpaqlar Azərbaycan torpaqlarıdır, bu ərazilərə kimin girib-çıxması Azərbaycan qanunverciliyi daxilində olmalıdır. Ümumiyyətlə, bu torpaqlarla bağlı istənilən bir qərar Azərbaycan dövlətinə məxsusdur.

Ermənilər başa düşürlər ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsində söz sahibi ola bilməyəcəklər. Bu baxımdan da özlərinə yaxın olan fiqurlar vasitəsilə guya əllərini gücləndirməyə, ya da aranı qatmağa, suyu bulandırmağa çalışırlar. Hər belə “başqaldırış” Azərbaycan tərəfindən yerindəcə dayandırılır, birmənalı şəkildə qarşısı alınır. Niyyəti xoş olmayan Milonov haqqında onu da göz önündə tutaq ki, o, Azərbaycan və Türkiyəyə antaqonist mövqeyi ilə məlumdur. Vaxtında bu məsələlərə qəti mövqe bildirmək ən düzgün addımdır. Azəraycanın bölgədə gedən prosesləri nəzarətdə saxlaması, hər xırda detaldan tutmuş bu cür əməllərə dərhal və qəti reaksiyasını göstərilən olduqca haqlı mövqe, yerində verilmiş düzgün qərar hesab edirəm. Azərbaycan torpağında separatçı-terror birləşmələrinə və onlara dəstək verənlərə yer yoxdur.

Düşünürəm ki, bu olduqca ciddi mesaj, xəbərdarlıqdır və birmənalı olaraq da belə başa düşülməlidir. Milonovun təmsilçisi olduğu Partiya da bu məsələlərə həssas yanaşmalıdır. Azərbaycan dövləti heç bir qonşu dövlətlə neqativ məcrada deyil, müsbət, konstrutkiv istiqamətdə münasibətlər qurmaqda maraqlıdır və bunu da hər zaman ən ali səviyyədə bəyan etmişik. Lakin o da bilinməlidir ki, Azərbaycan ərazi bütövlüyü və suverenliyi məsələsində qətiyyətli davranır və bu məsələ ilə bağlı heç kəsə güzəşt olmayacağını ən ali səviyyədə bildirir”, - deyə politoloq qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti