...

“Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır - Vüqar Rəhimzadə

Siyasət Materials 20 Sentyabr 2022 18:52 (UTC +04:00)
“Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Sentyabrın 20-si Azərbaycan neft-qaz sənayesi işçilərinin peşə bayramıdır. Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür. 1994-cü il sentyabr ayının 20-də Bakıda dünyanın 11 transmilli şirkəti ilə imzalanan “Əsrin müqaviləsi” regionda, eləcə də postsovet məkanında qarşılıqlı etimadın və geniş əməkdaşlığın təməlini qoydu. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı oldu. Bu baxımdan 20 sentyabr tarixinin ulu öndər Heydər Əliyevin Fərmanı ilə Neftçilər Günü kimi təsis olunması səbəbsiz deyil. Tam əminliklə demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu böyükdür. Təbii ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının 28 ildə müasir müstəqil Azərbaycana qazandırdığı uğurları bir yazıda əhatə etmək qeyri-mümkündür. Ümummilli Liderin bu gün artıq dillər əzbəri olan “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” məşhur tezisinin tarixi əhəmiyyətinə söykənərək deyə bilərik ki, bu saziş Azərbaycanın təkcə iqtisadi deyil, ümumiyyətlə, bütün sahələrdə davamlı uğurlarının əsasıdır. “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini təmin etdi, beynəlxalq münasibətlər sistemində ölkəmizin rolunu artırdı, etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirərək əməkdaşlığın coğrafiyasının regional çərçivədən çıxaraq beynəlxalq miqyas almasına yol açdı. Bir sözlə, “Əsrin müqaviləsi” Azərbaycana hansı uğurları qazandırdı» sualının ümumi cavabı bu gün böyük qürur hissi ilə bəhs etdiyimiz tarixi Zəfərimizdir.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan bütün dünyada “Neft diyarı”, “Odlar yurdu” kimi tanınıb: “1848-ci ildə ilk dəfə Bakıda, Bibiheybət yatağında qazılmış quyudan neft fontan vurmuş və bu hadisə dünyada neftin sənaye üsulu ilə çıxarılmasının başlanması kimi tarixə həkk olunmuşdur. XX əsrdə Azərbaycanın neft sənayesi sürətlə inkişaf etmiş, respublikamızda güclü istehsal bazaları və elmi mərkəzlər yaradılmışdır. Azərbaycan İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında çıxarılan neftin 75 faizini verməklə cəbhəni yanacaqla təmin edərək alman faşizminin məğlubiyyətə uğradılmasında müstəsna rol oynamışdır. Keçmiş İttifaqın hər yerində yeni neft yataqlarının aşkara çıxarılmasında Azərbaycan neftçilərinin, qüdrətli elmi-texniki potensialımızın mühüm yeri vardır.”

Baş redaktor onu da əlavə edib ki, ölkəmizin ən böyük nailiyyətlərindən biri 1949-cu ildə Neft Daşlarında dünya təcrübəsində ilk dəfə olaraq açıq dənizdə neftin hasil olunmasıdır: “Məhz həmin dövrlərdə görülən məqsədyönlü tədbirlər nəticəsində neft sənayesi uğurla inkişaf etdirildi, geniş infrastruktur yaradıldı.”

“Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın neft-qaz sənayesində yeni bir mərhələnin əsası qoyuldu” söyləyən Vüqar Rəhimzadə diqqəti bu mühüm məqama da yönəldib ki, Ümummilli Liderin işləyib hazırladığı yeni neft strategiyasının reallaşdırılmasında o zamanlar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin böyük xidmətləri olub. Məhz həmin dövrdə Vaşinqton, Nyu-York, Hyuston, Dallas, İstanbul və digər şəhərlərdə iri neft şirkətlərinin rəhbərləri ilə səmərəli görüşlər keçirən və danışıqlar aparan cənab İlham Əliyev xalqımızın milli maraqlarını tam təmin edən müqavilə şərtlərinin əldə olunması üçün gərgin səylər göstərmişdir.

Baş redaktor “Əsrin müqaviləsi”nin imzalanmasının 23-cü ildönümündə neft-qaz sahəsində növbəti böyük uğura imza atıldığını da diqqətə çatdırıb: “2017-ci ilin sentyabr ayının 14-də Bakı şəhərindəki Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında kontraktın imzalanması mərasimi keçirildi. Tam əminliklə demək olar ki, “Yeni əsrin müqaviləsi” adlandırılan bu kontraktın imzalanması ötən müddət ərzində Azərbaycanın artan nüfuzunun təqdimatıdır. 2014-cü ildə təməli qoyulan Cənub Qaz Dəhlizinin 2018-ci ilin mayında rəsmi açılışı oldu. Həmin ilin iyun ayında bu layihənin əsas tərkib hissəsi olan TANAP istifadəyə verildi. 2020-ci ilin dekabr ayının sonunda isə Cənub Qaz Dəhlizinin daha bir seqmenti TAP istifadəyə verildi. Bununla da Azərbaycanın çoxtərəfli əməkdaşlığının başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin icrası başa çatdı. BTC və BTƏ neft-qaz layihələrinin davamı olaraq gerçəkləşən Cənub Qaz Dəhlizi Azərbaycanın enerji sektorunda qazandığı uğurların davamlılığından xəbər verir. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib edir, dövlətlər, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Azərbaycan, eyni zamanda, regional inkişafın aparıcı qüvvəsi kimi, eyni zamanda, dünyanın enerji təhlükəsizliyinin təminatında fəal rol oynayır. Bu fikir böyük inamla qeyd edilir ki, hazırda Azərbaycanın iştirakı olmadan bölgədə hansısa qlobal iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Azərbaycan bütövlükdə Cənubi Qafqaz iqtisadiyyatının 85 faizinə sahibdir. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 280 milyard dollara yaxındır ki, onların da böyük həcmini neft-qaz sektoruna qoyulan sərmayələr təşkil edir.”

Vüqar Rəhimzadə qeyd edib ki, ümumilikdə “Əsrin müqaviləsi” Azərbaycanın dünəninə baxış fonunda gələcəyinin təqdimatıdır: “Bu baxımdan ki, ölkəmiz daim yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə dünyanın diqqətində olub. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından sonra Azərbaycana artan maraq uğurlarımızın xronologiyasında özünün aydın ifadəsini tapır. Ölkəmizdə sabitliyin, əlverişli biznes mühitinin yaradılması nəticəsində Azərbaycan yeni tərəfdaşlar, dostlar qazandı. Bu gün böyük fəxr hissi ilə qeyd etdiyimiz mühüm hadisələrdən biri Azərbaycanın bu ilin iyun ayında enerji tərəfdaşlarını Qarabağın tacı, mədəniyyət paytaxtımız Şuşada bir araya gətirməsi oldu. Bakı Enerji Həftəsi çərçivəsində yekun tədbirin Şuşada keçirilməsi və bu məkanda tərəfdaşlar arasında hazırkı dövrdə enerji siyasətimizin əsas tərkib hissəsi olan bərpa olunan enerji mənbələrinə sərmayələrin yatırılması ilə bağlı sənədlərin imzalanması da “Əsrin müqaviləsi”nin ölkəmizə bəxş etdiyi uğurlar sırasındadır.”

Baş redaktor onu da xüsusi vurğulayıb ki, neft strategiyasının uğurlu icrasında SOCAR-ın öz payı, rolu vardır: “Bu gün transmilli şirkət statusu qazanmış SOCAR biri-birindən əhəmiyyətli investisiya layihələri həyata keçirməklə imkanlarını daha da artırır. Dövlət başçısı İlham Əliyev SOCAR-ın qarşısında modern, böyük nüfuza malik beynəlxalq şirkətlərlə eyni sırada olmağı mühüm vəzifə kimi qoymuşdu. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, SOCAR ona göstərilən bu etimadı doğruldub. Şirkətdə idarəçilik sisteminin təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi istiqamətində aparılan islahatlar mühüm uğurlara yol açır. Azərbaycan neftçilərimizin əməyi daim dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə Neftçilər Gününün təsis edilməsi, hər il bu tarixdə onlarla neftçinin fəxri adlarla təltif olunması və sair kimi mühüm addımlar da bunun təsdiqidir. Dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında” Sərəncamı çoxminli neftçilər ailəsi tərəfindən böyük rəğbətlə qarşılanır və onların məsuliyyət hissini daha da artırır. Prezident İlham Əliyev 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması mərasimində Azərbaycan neftçilərinin bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazandığını önə çəkərək bildirmişdir ki, Azərbaycanda neftçi peşəsi çox hörmətli peşədir: “Bütün bu uğurlarımızın əldə edilməsində Azərbaycan neftçilərinin çox böyük xidməti, zəhməti, böyük payı var. Ona görə, mən Dövlət Neft Şirkətində doqquz il çalışmış bir insan kimi, özümü də müəyyən dərəcədə neftçi hesab edirəm.”

2003-cü ildən qarşıya qoyulan əsas hədəfin iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını xatırladan Vüqar Rəhimzadə bildirib ki, bu məqsədimiz də uğurlu neft siyasətimizin məntiqi nəticəsidir: “Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində əldə olunan uğurlar beynəlxalq səviyyədə də təqdir olunur. Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Azərbaycan iqtisadiyyatı rəqabətqabiliyyətliliyini qoruyur. Ölkəmiz ən islahatçı ölkələr sırasında qərarlaşır. Hazırda paytaxt Bakımızla yanaşı, bütün bölgələrimizin siması tamamilə dəyişib. Regional inkişaf proqramlarının icrası nəticəsində hər bir bölgə, kənd və qəsəbə yenidən qurulur, insanların rahat yaşayışı üçün bütün zəruri addımlar atılır. Neft gəlirlərinin idarə olunmasında şəffaflığın təmin edilməsi üçün 1999-cu ildə yaradılan Dövlət Neft Fondu da ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Fond şəffaflıq kriteriyaları üzrə nümunəvi qurum kimi dəyərləndirilir və onun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir ki, bu da ölkəmizin hərtərəfli inkişafını şərtləndirir. Bir sözlə, Azərbaycan iqtisadiyyatının düzgün əsaslar üzərində qurulması hər bir çətinliyin öhdəsindən yüksək səviyyədə gəlməsinə stimul verir.”

“Artıq iki ilə yaxındır ki, ölkəmizin həyatında yeni dövr başlayıb” söyləyən baş redaktor bildirib ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının son 19 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan zirvələri fəth edir: “Əsrin müqaviləsi” tarixi Zəfərimizdə əhəmiyyətli rol oynayan amillər sırasında xüsusi yer alan iqtisadi və siyasi müstəqilliyimizin daha da möhkəmlənməsində mühüm rol oynadı. Ölkəmizin bütün sahələrdə zəngin təcrübəyə, davamlı uğurlara malik olmasında iqtisadi qüdrəti əhəmiyyətli rol oynayır ki, bunun da əsası «Əsrin müqaviləsi» ilə qoyulub. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə bərpa-quruculuq işləri geniş vüsət alıb. Yeni infrastruktur layihələri uğurla icra edilir. Yeni avtomobil, dəmir və hava yolları çəkilir. Bu yollar bizi azad Qarabağa, azad Şərqi Zəngəzura aparır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə hər səfərləri bərpa və quruculuq işlərinin təqdimatı kimi dəyərləndirilir. Görülən bütün işlər Azərbaycanın daxili imkanları hesabına başa gəlir. Müharibədən yenicə çıxan ölkə üçün bərpa-quruculuq işlərinə qısa zamanda start vermək təbii ki, çətindir. Amma Azərbaycanın iqtisadi və maliyyə imkanları bu işlərə qısa zamanda başlamağa stimul verdi. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu, Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası qarşıdakı illərdə Azərbaycana daha böyük uğurlar bəxş edəcək. Azərbaycanın enerji diplomatiyasının uğurlarını bu gün tarixi Zəfərimizin yaratdığı reallıqları ardıcıl şəkildə həyata keçirməyimizdə görür və bundan böyük qürur hissi keçiririk.”

Məqalədə:
Xəbər lenti

Xəbər lenti