Bakı. Trend:
UNESCO-nun Ermənistanın cinayətlərinə qarşı susqunluğu sorğulanmalıdır.
Trend-in məlumatına görə, bunu bu gün “Mədəni sərvətlərin mühafizəsi və onların həyata keçirilməsinin təkmilləşdirilməsi aspektlərinə dair UNESCO Konvensiyalarının Rolu” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun prezidenti Aygün Attar deyib.
Ermənistan işğal etdiyi Azərbaycan torpağında günahsız insanları qətlə yetirib, insanlarla birlikdə, insanlıq üçün ortaq mirasımız olan mədəni irsimizi də məhv edib.
“UNESCO 30 il ərzində cinayət törədən Ermənistanla bağlı hansı qərarı verdi? Biz bunu sorğulamalıyıq. 30 il Ermənistana və onun himayədarlarına qarşı səs çıxarılmayıb. Azərbaycan 1 milyon məcburi köçkünü ilə birgə bu zərbəni yaşayıb. Bir dövlət, xalq qısa bir müddətdə bu zərbəni aradan qaldıraraq Qarabağı yenidən bərpa edir. UNESCO Azərbaycan öz torpaqlarını işğaldan azad etməsə idi, Ermənistanın bu vandallığına daha nə qədər susacaqdı? Ən əsası nə üçün susmağa davam edəcəkdi?”,- deyə o bildirib.