Bakı. Trend:
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezov Prezident İlham Əliyev məktub göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
Hörmətli İlham Heydər oğlu!
Qaraçay-Çərkəz Respublikasının çoxmillətli xalqı adından və şəxsən öz adımdan Sizi və günəşli Azərbaycanın bütün vətəndaşlarını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan əcdadların ənənələrinin müasir həyatda heyrətamiz şəkildə birləşdiyi ölkədir, dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata malikdir. Şübhəsiz ki, bu, təkcə ölkənin çoxşaxəli iqtisadiyyatı və əlverişli coğrafi mövqeyi ilə deyil, həm də onun investorları və turistləri cəlb edən özünəməxsusluğu, insanlarının əməksevərliyi və qonaqpərvərliyi ilə bağlıdır.
Əminəm ki, Azərbaycanın və Qaraçay-Çərkəz Respublikasının ikitərəfli əməkdaşlığı bundan sonra da respublikalarımızın sosial-iqtisadi inkişafına şərait yaradacaqdır.
Sizə və Azərbaycanın bütün vətəndaşlarına səmimi-qəlbdən səadət, uğurlar, əmin-amanlıq və firavanlıq diləyirəm.
xxx
Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının deputatı Dmitri Savelyev Prezident İlham Əliyevə məktub göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
Möhtərəm İlham Heydər oğlu!
İcazə verin, Sizi və bütün qardaş Azərbaycan xalqını respublikanızın suverenliyini, qüdrətini, parlaq tarixini, azərbaycanlılara xas olan həmrəyliyi və birliyi təcəssüm etdirən Müstəqillik Günü münasibətilə təbrik edim.
Azərbaycan Sizin müdrik rəhbərliyinizlə ən irimiqyaslı layihələri həyata keçirərək, vətəndaşların rifahını yüksəldərək, regionda və dünyada nüfuzunu və təsirini daim artıraraq beynəlxalq arenada öz mövqelərini möhkəmləndirir.
Əminəm ki, Sizin müdrik siyasi kursunuz sayəsində ölkələrimiz arasında çoxdan mövcud olan möhkəm qarşılıqlı etimad və dostluq ənənələrinə, strateji tərəfdaşlığa, humanitar və iqtisadi əməkdaşlığa əsaslanan mehriban qonşuluq münasibətləri Rusiya və Azərbaycan xalqlarının rifahı naminə bütün istiqamətlərdə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Bu əlamətdar bayram günündə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, Azərbaycan Respublikası naminə yeni-yeni nailiyyətlər və qələbələr üçün tükənməz enerji, hər bir Azərbaycan ailəsinə daimi firavanlıq və tərəqqi, sülh və səadət arzulayıram.
xxx
Rusiya Federasiyasının Dövlət Dumasında Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Leonid Slutski Prezident İlham Əliyevə məktub göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
Möhtərəm İlham Heydər oğlu!
Əlamətdar tarix – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin!
Azərbaycan dövlət quruculuğu sahəsində, geniş iqtisadi və sosial islahatların aparılmasında nəzərəçarpan uğurlar nümayiş etdirir. Azərbaycan zəngin ehtiyatlara və intellektual potensiala malik olan, dinamik inkişaf edən, milli ənənələrinin orijinallığını qoruyub saxlayan, bütün dünyada tanınan istedadlı mədəniyyət və incəsənət xadimlərinin bütöv bir nəslini yetişdirən ölkədir.
Siz dahi atanızın – ölkənizin Ümummilli Lideri Heydər Əliyevin kursunu layiqincə davam etdirirsiniz. Əminəm ki, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və humanitar sahələrdə əlaqələrin gələcək inkişafı Rusiya və Azərbaycan xalqlarının maraqlarına cavab verərək, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə kömək edəcəkdir.
Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, firavanlıq və Azərbaycanın daha da inkişafı naminə yeni-yeni nailiyyətlər arzulayıram.
xxx
Rusiyanın “SAFMAR Qrupu” Səhmdar Cəmiyyətinin prezidenti Mixail Qutseriyev Prezident İlham Əliyevə məktub göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
Hörmətli İlham Heydər oğlu!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Azərbaycanın müstəqillik tarixi 105 il əvvəl İstiqlal Bəyannaməsinin imzalanması ilə başlayıb. Gənc respublika müasir demokratik təsisatların inkişafının örnəyi olub, səmərəli dövlət idarəçiliyinə səy göstərib, şəffaflıq və milli maraqlara ciddi şəkildə əməl olunması prinsipləri əsasında qarşılıqlı faydalı diplomatik münasibətlər qurub.
Bir əsr əvvəl əsası qoyulmuş ənənələr müasir Azərbaycanın həyatında da özünün müsbət əksini tapır. Milli qürur, vətənpərvərlik və vətəndaşların ölkə Prezidentinin siyasi xəttinə qəti inamı Azərbaycan xalqına iqtisadi və sosial sahələrdə böyük uğurlar qazanmağa, beynəlxalq arenada dövlətin nüfuzunu möhkəmləndirməyə imkan verib.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, tükənməz enerji və Azərbaycan xalqının rifahı naminə bütün təşəbbüslərinizin reallaşmasını diləyirəm.
xxx
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko Prezident İlham Əliyevə məktub göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
Hörmətli İlham Heydər oğlu!
Sizi milli bayramınız – Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edirəm.
Sizin rəhbərliyinizlə ölkəniz sosial, iqtisadiyyat, təhsil sahələrində böyük uğurlar əldə edib.
Azərbaycanın elm, o cümlədən tibb sahəsində nailiyyətləri böyükdür. Rusiya Səhiyyə Nazirliyinin Seçenov adına Universiteti ilə Azərbaycanı çoxdankı tərəfdaşlıq münasibətləri birləşdirir. Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında respublikanız üçün dünya standartlarına uyğun mütəxəssislər hazırlanır.
Əminəm ki, Rusiya və Azərbaycan xalqlarının gələcəyi naminə təhsil və elm kimi mühüm sahələrdə əməkdaşlığımız daha sürətlə inkişaf edəcəkdir.
Cənab Prezident, Sizə və bütün Azərbaycan xalqına səmimi-qəlbdən aydın səma, tərəqqi və sabahkı günə əminlik diləyirəm.
xxx
Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Prezident İlham Əliyevə məktub göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
Zati-aliləri!
28 May – Müstəqillik Günü münasibətilə Sizə və Zati-alinizin simasında Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Əminəm ki, Myanma ilə Azərbaycan arasında mövcud dostluq münasibətləri ölkələrimiz və xalqlarımız üçün səmərəli olacaqdır.
Sizə möhkəm cansağlığı və şəxsi rifah, Azərbaycan xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıram.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
xxx
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Prezident İlham Əliyevə məktub göndərib.
Trend-in məlumatına görə, məktubda deyilir:
Zati-aliləri.
28 May – Azərbaycan Respublikasının Müstəqilliyi Günü münasibətilə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Zati-alinizə və xalqınıza salamlarını və təbriklərini çatdırmaqdan şərəf və fəxarət hissi duyur.
ICESCO üzv dövlətlərin qeyd etdiyi əlamətdar günlər də daxil olmaqla, bütün işlərdə onları dəstəkləməyə daim hazır olduğuna sadiqliyini bildirir. Biz bu əlamətdar günü Sizinlə və bütün xalqınızla birlikdə qeyd edirik.
Hazırda və gələcək illərdə ICESCO-nun davamlı dəstəyinə və əməkdaşlığına əmin ola bilərsiniz.
Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirəm.