Bakı. Trend:
Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzunun rəhbərlik etdiyi parlament nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində oktyabrın 19-da Şuşa şəhərində olub.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən xəbərə görə, nümayəndə heyətini Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Şuşada qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.
Sonra TBMM-in nümayəndə heyəti Şuşada Ulu Öndər Heydər Əliyevin
100 illik yubileyinə həsr olunmuş rəsm sərgisi ilə tanış olub.
Qonaqlar Saatlı və Yuxarı Gövhər ağa məscidlərində, Cıdır düzündə
olmuş, Şuşanın Qala divarlarını seyr etmişlər. Cıdır düzündə
qonaqlara məlumat verilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət
göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və
qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü
işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana
çevrilib.