...

Türk dövlətləri birliyi gücləndirir: gələcək necə olacaq?

Siyasət Analytics 4 Noyabr 2023 10:50 (UTC +04:00)
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Türk Dövlətləri Təşkitlatının Astana sammiti bölgədə yeni hadisələrin ilkin mərhələsi sayıla bilər. "Türk əsri" adlanan sammit əsrlərdən bəri bir araya gələ bilməyən etnosu, xalqları bir araya gətirir, dövlətləri gələcək və inkişaf üçün birləşdirir

Müxtəlif vaxtlarda və fərqli məkanlarda yaradılan çoxsaylı ittifaqlar, birliklər, uniyalar, assosiativ təşkilatlar və digər adlı strukturlar bir neçə dövlətin birləşərək hansısa konkret məsələləri həll etməkdə qarşılıqlı yardımlarını ehtiva edib.

Siyasi tarixdə onlarla, yüzlərlə belə birlik olub və çağdaş dünyanın siyasi yaşamında da yox deyil.

NATO, Avropa İttifaqı, Ərəb Ölkələri Liqası, İslam Konfransı Təşkilatı, Afriuka İttifaqı və digər təşkilatlar həmin qurumlar arasında nisbətən effektiv, rasional siyasət yürüdənlərdir.

Belə birliklərin sayı çox azdır.

Türk Dövlətləri Təşkilatı yaradılanda da onun mövcudluğunun kağız üzərində qalacağı, əsrlərdən bəri bir araya gələ bilməyən türk etnoslarını birləşdirəcəyini düşənənlər çox deyildi.

Türkiyə, Azərbaycan və Qazaxıstanın dövlət başçılarının liderlik etdikləri struktur çox qısa müddətdə bütün bədbin təxminlərin yanlışlığını, strukturun işləklik səviyyəsinin azlığı barədə danışanların isə sadəlövhlüklərini göstərdi.

Böyük Turan ideologiyasının reallaşması, bölgə dövlətlərinin bəzilərinin, xüsusilə də Rusiyanın ərazi bütünlüyünə iddialar, millətçilik, pantürkçülük, radikal islamçılıq və s. kimi heç bir əsası olmayan iddiaların səslənməsinə rəğmən, türk dövlətlərinin birliyinin bölgə ilə yanşı, bütün Avrasiyaya və qlobal dünya düzəninə yalnız sülh, stabillik, inkişaf və rifah bəxş edəcəyi anlaşıldı.

Türk Dövlətləri Təşkilatı (TDT) illər keçdikcə möhkəmləndi, səbatlaşdı, rəvan konstruksiyalı və ciddi perspektivli birliyə dönmək uğrunda sürətlə irəlilədi.

Qərb və Şərq TDT-nin adi dialoq formatı yoxz, türkdilli ölkələr arasında ticari, iqtisadi, siyasi və digər sahələrdə əməkdaşlıı genişləndirən dinamik birlik olduğunu gördü.

Əvvəllər Türk Şurası kimi tanınan təşkilat qlobal geosiyasi proseslərə təsir etmək imkanlarına yiyələnib. Bunun alternativi yoxdur: müasir dünya ümumi maraqlar və ortaq mənafelər əsasında, habelə mösvcud və mümkün çağırışları zərərsizləşdirmək üçün yaradılaraq fəaliyyət göstərən bloklar, ittifaqlar və alyanslar məkanıdır.

TDT isə dil, din, mədəniyyət, tarix və mental dəyərlər bazımından ümumi prinsiplərə malik xalqları təmsil etdiyindən təbii ki, təşkilatda təmsil olunan dövlətlər tərəfdaşlıqla əməkdaşlığı intensivləşdirməyə çalışırlar.

Habelə TDT üzvü olan ölkələr arasında ikitərəfli və çoxtərəfli əlaqələrlə bağlı məsələlər baxımından ciddi ziddiyyətlərlə köklü fikir ayrılıqları yoxdur. Tam əksinə, mövcud geosiyasi problemlərə baxış prizması TDT mənsubu olan ölkələrdə ümumi sayıla bilər.

Siyasi, iqtisadi, maliyyə, loqistika, ixracat və idxalat, geostrateji maraqlar, təhlükəsizliyin təminatı və milli maraqların reallaşdırılması — sadalanan nüansların gerçəkləşdirilərək təmin edilməsi üçün TDT üzvü olan ölkələr arasında əməkdaşlığın daha da genişləndirilməsinə zərurət duyulur.

Çünki bu təşkilati yalnız qurumda yer almış ölkələrin yox, bütün Avrasiyanın təhlükəsizlik problematikası müstəvisindəki çağırışların həlli baxımından yetərincə önəmlidir.

Astana sammitində sözügedən məqam nəzərdən keçirildi və qərara alındı ki, problemlərin nizamlanması üçün əməkdaşlığın keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsinə zərurət duyulur.

Eyni zamanda, TDT-yə üzv ölkələr arasında hərbi və hərbi-texniki əməkdaşlığın dinamik inkişafına, miqyasının sürətlə genişləndirilməsinə də ehtiyac var.

Qlobal dünya düzənində əvvəlki siyasi münasitbətlər mexanizmləri dağılıb, dəyərlər eroziyaya uğrayıb, beynəlxalq hüquq əksər hallarda beynəlxalq qaydalarla əvəzlənib, dövlətlər hamının hamıya qarşı savaşına qatılıblar və ən əsası, hibrid informasiya müharibələrində düşərjələnmələr daha da artıb.

Belə şəraitdə TDT yeni dünya düzəninin modelinin hazırlanması adı ilə yeni neokolonializm və müstəmləkə strategiyasını tətbiq etməyə çalışan güclərin planlarına müqavimətdə ciddi imkanlar yaradır.

Türk Dövlətləri Təşkilatına qoşulan dövlətlər aramsız ləngər vuran dünya düzənində stabillik, sülh və inkişaf marağında olanların qurumudur.

Təşkilatdakı ölkələrin hakimiyyət isteblişmenti ilə yanaşı, siyasi elitalarının da əməkdaşlıq variantları ilə tərəfdaşlıq yolları aramaları, işbirliyinə canr atmaları da simptomatikdir.

Astanada müzakirə olunan sənədlər arasında əməkdaşlığın yol xəritəsinin də olduğunu nəzərə alsaq, yaxın, orta və uzunmüddətli perspektivdə tərəfdaşlığın dayanıqlı inkişafı planlaşdırılıb.

Bütün bunlarla yanaşı, TDT-yə üzv ölkələr ikitərəfli qaydada qatıldıqları beynəlxalq loqistika və kommunikasiya layihələrinin bir müddət sonra təşkilatın daxili, konsentrik müstəvisinə uzlaşdırılimasına da çalışacaqlar.

Türk dövlətləri həm ayrı-ayrılıqda, həm də birlikdə qlobal siyasətdə mövqelərini möhkəmlətməklə yanaşı, hadisələrə təsir imkanlarını və rıçaqlarını da artıracaqlar.

Avrasiyada yeni təhlüksizlik sisteminin formalaşması, dövlətlərin təhlükəsizlik məsələlərinin fasiləsiz çağırışlar və təhdidlər şəraitində təminatı, stabil inkişaf və iqtisadi yüksəlişə nail olmaq, ən başlıcası isə insanların maddi rifah səviyyəsinin artırılması ilə paralel dayanıqlı transregional səbatlılılıq rejiminə nail olmaq - Türk Dövlətləri Təşkilatının reallaşdıracağı işlərdir.

Təbii ki, bütün bunları həyata keçirmək asan deyil. Xüsusilə də millətçilik, şovinizm, türkfobiya, islamofobiya, revanşizm, irqçilik və bədnam “qızıl milyard” ideologiyasının daşıyıcıları olan elementlərin aktiviliyi səngiməyib.

Tam əksinə, onların fəallığı daha da artacaq.

Türkdilli dövlətlərin inkişafında maraqlı olan qüvvələrlə yanaşı, bu tərəqqiyyə, ümumiyyətlə, yol verməməyə çalışan güclər az deyil.

Qlobal geosiyasi məkanda neomüstəmləkə təfəkkürünü maraqların gerçəkləşdirilməsində effektiv vasitə hesab edən dövlətlər, təşkilatlar TDT-nin güclənməməsinə, zaman keçdikcə zəifləməsinə çalışacaqlar.

Bu çağırışları və təhdidləri görməzdən gəlmək olmaz: türk dövlətlərinin siyasi elitaları bunu bilirlər.

Fəqət bütün real və hipotetik çağırışlara rəğmən, Türk Dövlətləri Təşkilatı çox böyük potensiala malik qurumdur və aramsız güclənmə perspektivinə malikdir.

21-ci əsr gerçəkdən də, türk əsri olacaq.

Xəbər lenti

Xəbər lenti