Bakı. Trend:
Azərbaycanın Xarici İşlər Nazirliyi nazir Ceyhun Bayramovun
Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri
Luminitsa Odobesku ilə görüşü barədə məlumat yayıb.
Nazirlikdən Trend-ə bildirilib
ki, C.Bayramov və L.Odobesku arasında baş tutan təkbətək görüş,
daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə
geniş tərkibdə davam edib, Xarici İşlər Nazirlikləri arasında
siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Görüşlər zamanı Azərbaycan-Rumıniya arasında ikitərəfli və
çoxtərəfli formatlarda əməkdaşlıq əlaqələri, habelə regional
məsələlər barədə fikir mübadiləsi aparılıb.
Əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında ali
və yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun
əhəmiyyəti və rolu qeyd olunub. Həmçinin, ölkələrimizin qanunverici
orqanları arasındakı əməkdaşlıq yüksək qiymətləndirilib.
Rumıniya ilə iqtisadiyyat, enerji, ticarət, humanitar, təhsil, kənd
təsərrüfatı, turizm, əczaçılıq və sair istiqamətlərdə müvafiq
əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə olunub.
Xüsusilə yaşıl enerji sahəsindəki tərəfdaşlığın əlaqələrimizin
inkişafındakı potensialı vurğulanıb, nəqliyyat və logistika kimi
istiqamətlərin əməkdaşlığımıza əlavə töhfə verəcəyi diqqətə
çatdırılıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi
geniş miqyaslı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb
və Rumıniya şirkətləri sözügedən quruculuq fəaliyyətlərində həm
podratçı və investor kimi iştiraka dəvət olunub. Bununla yanaşı
Ələt Azad İqtisadi Zonasında geniş imkanlar barədə məlumat
verilib.
Görüşlərdə nazir Ceyhun Bayramov tərəfindən ölkəmiz tərəfindən 24
saat ərzində həyata keçirilmiş anti-terror tədbirlərini
şərtləndirən amillər, xüsusilə öhdəliklərə zidd olaraq Azərbaycan
ərazilərindən çıxarılmamış erməni silahlı qüvvələrindən irəli gələn
təhdidlər, mövcud regional vəziyyət və Azərbaycanın bölgədə sülh və
sabitliyin təmin edilməsi istiqamətində planları barədə məlumat
verib.
Ermənistan ilə münasibətlərin normallaşdırılması üzrə
Azərbaycanın davamlı sülh gündəliyini təşviq etməsinə baxmayaraq,
Ermənistan tərəfindən ölkəmizə qarşı ardıcıl şəkildə qarayaxma
kampaniyasının sülhə xidmət etmədiyi bildirilib. Eyni zamanda,
Ermənistan tərəfindən ölkəmizə qarşı yaradılmış mina təhdidləri
diqqətə çatdırılıb.
Görüşlər zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə olunub.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşlərin
nəticələrinə dair bəyanatlarla çıxış ediblər.
xxx
12:55
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rumıniya xarici işlər naziri Luminita Odobescu arasında təkbətək görüş keçirilir.
Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında qeyd edilib.
Qeyd edək ki, 5 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfərə yola düşüb. Səfər çərçivəsində nazir Ceyhun Bayramovun rəsmi şəxslərlə yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.