Bakı. Trend:
SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün Bakıda keçirilməsi ölkəmiz üçün həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət kəsb edir.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan hər zaman beynəlxalq əməkdaşlığa mühüm töhfələr verir, qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq konfraslara, forumlara ev sahibliyi edir.
“Məlumdur ki, bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) 25-ci ildönümüdür. Məhz bu 25 ildə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü birinci dəfə və Azərbaycanın təşəbbüsü ilə keçirilir. Azərbaycanın bu təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən də böyük dəstək qazanıb.
Bu təşəbbüs eyni zamanda Azərbaycanın Mərkəzi Asiya ilə qarşılıqlı inteqrasiya prosesinində mühüm addımdır. Azərbaycan eyni zamanda Cənubi Qafqazla açıq dənizlərə çıxışı olmayan Mərkəzi Asiya arasında körpü fünksiyasını yerinə yetirir. Belə ki, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstan üçün, xüsusilə də Avropa istiqamətində ən qısa yol Xəzər dənizi üzərindən, yəni Azərbaycandan keçir.
Nəzərə alsaq ki, Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi fəxri qonaqlar qismində iştirak edirlər Zirvə görüşü daha geniş iqtisadi əməkdaşlıq formatına yol açacaq. Azərbaycan bu istiqamətdə əməkdaşlığın inkişafı üçün geniş imkanlar təqdim edir. Hesab edirəm ki, bu Zirvə görüşü Azərbaycanın beynəlxalq əməkdaşlığa, sülhə və sabitliyə daha bir mühüm töhfəsidir”, - deyə deputat əlavə edib.