...

COP29: Azərbaycan hansı dividendləri əldə edəcək - İnqilab Əhmədovun TƏHLİLİ

Siyasət Materials 25 Dekabr 2023 14:25 (UTC +04:00)

Müəllif: İnqilab Əhmədov, iqtisad elmləri doktoru

Bütün və ya əksər geosiyasi gedişlər keşməkeşli zamanlarda edilir. COP29 konfransının Azərbaycanda keçirilməsi barədə qərar bir çoxları üçün sürpriz oldu. Hərçənd zənnimcə, bu gözlənilməz qərarın arxasında hakimiyyətin zəhmətli əməyi dayanır. Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatının bir qədər əvvəl açıqlanan və “Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəklədiyinin” qeyd olunduğu birgə bəyanat bu fikri təsdiqləyir və bununla belə, tam rəsmin yalnız bir hissəsini təşkil edir.

Son 3 il ərzində bir-birinin ardınca zəfər notları eşitməyə necəsə öyrəşmişik və bəzən bu hadisələrə lazımi əhəmiyyəti vermirik. İstər döyüş meydanında, istərsə də beynəlxalq diplomatiyada növbəti qələbəyə tez öyrəşirik. Tariximizin qısa dövrü ərzində bütün baş verənlərin təkrar qiymətləndirilməsi hələ qarşıdadır. Bu təkcə bizim nəslə aid deyil. Bu arada, Azərbaycan kimi gənc bir dövlət üçün mürəkkəb geosiyasi ziddiyyətlər labirintini çözmək və maraqlarını qorumaq, yəqin ki, inanılmaz dərəcədə çətindir. İndiyədək maraqlarımızın qorunması, əsasən, Qarabağ, onun azad olunması və başlayan reinteqrasiya ətrafında fokuslanmışdı.

Bu dərəcədə mühüm bir tədbirin Bakıda keçirilməsi üçün əsas geosiyasi qüvvələrin və beynəlxalq ictimaiyyətin etibarını qazanmaq, şübhəsiz, daha diqqətəlayiqdir.

Səbəbləri isə aşağıdakılardır:

Ondan başlayaq ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin sayca 29-cu Konfransı 1995-ci ildən keçirilir. Bu müddət ərzində tədbir, əsasən, Almaniya, Yaponiya, Fransa, Niderland, Kanada, Böyük Britaniya və s. kimi inkişaf etmiş ölkələrdə keçirilib. Bu vaxt ərzində konfrans cəmi iki dəfə Qətər və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi karbohidrogen cəhətdən zəngin olan ölkələrdə keçirilib. Bu isə simvolik xarakter daşıyır. Çünki ənənəvi olaraq neft-qaz ölkələri atmosferin çirklənməsinin əsas tətikləyiciləri hesab edilir, hərçənd əslində, bunlar sənaye ölkələri, ilk növbədə ABŞ və Çindir. Azərbaycan da gələn il iki həftəliyinə atmosferin istiləşməsinin 1,5 dərəcə Selsi həddində saxlamaq uğrunda mübarizə meydanına çevrilməklə bu sıraya qoşulacaq üçüncü karbohidrogen ölkəsi olacaq. Bununla da, bu konfranslar tarixində Azərbaycan həm də tədbirə ev sahibliyi edən ən gənc dövlət olacaq.

COP29 konfransının Azərbaycan üçün hansı dividendlər gətirə biləcəyini nəzərdən keçirək.

Uzun illər ərzində şərtsiz geosiyasi dividendin olacağı açıq-aşkardır. Biz sivil dünya ilə eyni dalğada olmaqla, planetin qorunub saxlanması uğrunda ciddi mübarizəyə qoşuluruq. Konfransa hazırlıq, tədbirin özü və Azərbaycanda qəbul ediləcək qərarların əks-sədası müzakirə və tanışlıq predmeti, hətta ola bilsin ki, daha səmərəli qərarlar qəbul edilərsə, istinad nöqtəsi olacaq (bu hələlik mümkün olmayıb). Bilmək lazımdır ki, İqlim Dəyişmələri üzrə bu cür irimiqyaslı konfrans növbəti tədbir deyil, “yaşıl gələcək” adlı trendin izlənməsidir.

Konfrans uğurlu enerji keçidinə və bərpa olunan enerji mənbələrinə (BEM) qoyulan investisiyaların artmasına ciddi təkan verə bilər. Müasir dünyada yalnız müvafiq infrastruktura malik olmaqla beynəlxalq ictimaiyyətin etibarını qazanmaq yetərli deyil. Nəticədə, daha yaxşı infrastrukturlara, üstəlik, bu cür tədbirlərin keçirilməsi ilə bağlı daha zəngin təcrübəyə malik olan ölkələr az deyil. Həssas dünya estafeti qəbul edən ölkənin yaşıl investisiyaların artım sürəti üzrə dünya trendi ilə eyni dalğada olmağa hazırlığını görmək istəyir. Burada biz nisbətən yeni çalışmağa başlasaq da, sürətlər heyrətamizdir. BƏƏ-nin “Masdar” şirkəti və Səudiyyə Ərəbistanının “Acwa Power” şirkətləri ilə 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin ümumi gücünün 100 geqavatta çatdırılması üzrə irimiqyaslı layihələr Azərbaycanın enerji keçidi ilə bağlı əsl niyyətini əks etdirən yaxşı dayaq nöqtəsidir.

Konfransın özü və onun keçirilməsi üzrə hazırlıq işləri, həmçinin, Qarabağda və Şərqi Zəngəzurda BEM üzrə investisiya layihələrinin fəallaşmasına səbəb ola bilər. Bu fəaliyyət artıq başlayıb. Lakin işin gedişatı zamanı xarici investorlar tərəfindən daha böyük təkliflər ala bilərik ki, bu da ölkə büdcəsinin üzərindəki yükü ciddi şəkildə azaldacaq.

COP29 Azərbaycan və Qazaxıstandan Qara dəniz vasitəsilə (“Yaşıl Dəhliz” təşəbbüsü) “yaşıl enerji” layihəsinin, “Qara dəniz sualtı enerji kabeli” layihəsi adını almış və Avropa üçün təhlükəsiz enerji mənbələrinin yaradılmasına yönəlmiş “Global Gateway” təşəbbüsünün və nəhayət, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) reallaşdırılmasını sürətləndirə bilər.

Nəhayət, COP29 kollektiv Qərbin Azərbaycanla qarşılıqlı əlaqələrində ziddiyyətlərin ciddiləşməsini əhəmiyyətli dərəcədə azalda bilər. İqlim dəyişmələri üzrə qlobal miqyaslı konfransa ev sahibliyi edən ölkə mahiyyətcə ictimai etimad orbitinə daxil olur ki, bu da öz növbəsində ölkə rəhbərliyinin beynəlxalq arenalarda daha iddialı məqsədlər qoymasına və onları reallaşdırmasına imkan verir.

Rəhbərlikdən söz düşmüşkən. Sirr deyil ki, son illərdəki parlaq qələbələrin arxasında, əslində, dövlət başçısının mövcud dünya nizamında tektonik dəyişikliklərin baş verdiyi mürəkkəb bir zamanda ölkə üçün maksimal dividend əldə etmək məqsədi güdən uzaqgörənliyi, mətanəti və zəhmətli əməyi dayanır. Belə bir təəssürat yarana bilər ki, Azərbaycan Prezidenti son zamanlarda çox şanslıdır. Yazıçı Jül Renarın dediyi kimi, “bəxti gətirən insan başqalarının etmək istədiklərini edən şəxsdir”.

Xəbər lenti

Xəbər lenti