...

Bu gün Azərbaycan regional və qlobal müstəvidə söz sahibidir - Deputat

Siyasət Materials 21 Fevral 2024 13:44 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan regional və qlobal müstəvidə söz sahibidir. Ölkəmizin iştirakı olmadan bölgədə heç bir layihə reallaşa bilmir. Qlobal müstəvidə də Azərbaycanın iştirakı və təşəbbüsləri artıq zərurətə çevrilib. Bütün bunlar güclü, qalib Azərbaycan reallığından, cənab İlham Əliyev siyasətinin xarakterindən formalaşan amillərdir.

Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, 7 fevral seçkilərindən sonra müasir müstəqil Azərbaycanın tarixində yeni mərhələ başlayır.

“Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində çıxışı zamanı qarşıda dayanan vəzifələr və hədəflərdən bəhs edərkən, Azərbaycanın bundan sonra qət edəcəyi yol xəritəsinin konturlarını açıqladı. Təbii ki, indiki reallıqların kökündə Prezident İlham Əliyevin 20 illik fəaliyyətinin zirvəsində ərazi bütövlüyünün və suverenliyimizin bərpası amili dayanır. Çünki ərazi bütövlüyü və suverenliyimizin tam təmin edilməsi fonunda daha böyük çağırışlara uyğun inkişafın olması labüddür.

Bugünkü tarixi nailiyyətlərə məhz xalqımızın birliyi və dövlət başçısına sonsuz inamı sayəsində nail olunub. II Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində təşəbbüslərlə çıxış edir.

Artıq bölgədə sülhə başlıca təhdid yaradan amil, Ermənistanın işğal faktı və separatizm aradan qalxıb. Azərbaycan separatizmə sarsıdıcı və birdəfəlik zərbə vurmaqla yeni bir reallıq yaradıb. Təəsüf ki, 30 ilə yaxın Azərbaycan ərazilərini işğalda saxladığı dövrdə olduğu kimi müharibədən sonrakı son üç ildə də Ermənistan havadarlarının təhriki ilə sülh prosesini uzadır. Fakt odur ki, rəsmi İrəvan müəyyən beynəlxalq dairələrlə birlikdə sülh məsələsi ətrafında spekulyasiya ilə məşğul olur.

Andiçmə mərasimində də cənab Prezident İlham Əliyev haqlı olaraq qeyd etdi ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi beynəlxalq gündəlikdən çıxamlıdır. Ölkəmizin başçısının vurğuladı ki, “Yerindən duran bu məsələ ilə məşğul olmaq istəyir. Amma biz öz məsələmizi həll etmişik”. Məhz bu açıq və birmənalı mövqe onu deməyə əsas verir ki, Ermənistanın havadarlarının pozuculuq fəaliyyəti bundan sonra da fiaskoya məhkumdur”, - deyə o əlavə edib.

Deputat vurğulayıb ki, “Azərbaycanın müstəqil siyasi kursu suverenlik kimi fundamental prinsiplərə söykənir.

“Cənab Prezidentinin də qeyd etdiyi kimi “Biz müttəfiqlərimizi özümüz seçirik”. Məhz bu xüsusda 7 fevral seçkilərinin qalibi olan Prezident İlham Əiyev andiçmə mərasimində söylədiyi nitqində ölkəmizin xarici siyasət kursu ilə bağlı da konkret istiqamətləri göstərdi. Təbii ki, Azərbaycanın Prezident İlham Əliyev tərəfindən müyyənləşdirilən uğurlu, daxili-xarici siyasət kursunun əsas mahiyyətində milli maraqlar başlıca prinsip kimi qəbul edilib.

Eyni zamanda 2011-ci ildən Qoşulmama Hərəkatına Azərbaycanın tamhüquqlu üzv qəbul olunmasından sonrakı fəaliyyəti beynəlxalq birlik və üzv dövlətlər tərəfindən yüksək dəyərləndirilib.

Həmçinin, Azərbaycan hər zaman özünün dost və tərəfdaşlarına böyük hörmət, ehtiramla yanaşır. Bu da qarşılıqlı maraqlar əsasında sıx əməkdaşlıq konsepsiyasına əsaslanır. Məhz bu effektiv siyasətin nəticəsində ölkəmiz yerləşdiyi coğrafiyada və onun hüdudlarından kənarda böyük nüfuza, hörmətə sahibdir. Ölkəmiz, həmçinin, normal qonşuluq siyasətinə səmimi, xoş niyyət, beynəlxalq hüquq normaları əsasında yanaşır. Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarda, o cümlədən, Birləşmiş Millətlər Təşkilatında xüsusi fəal mövqeyi ilə seçilir. BMT Təhlükəsizlik Şurasının 2012-2013-cü illərdə qeyri-daimi üzv seçilməsi bunu bariz nümunəsi idi.

Sözsüz ki, Azərbaycanın Qoşulmama Hərəkatında təmsilçiliyi səmərəliliyi və məhsuldarlığı ilə yadda qaldı”, - deyə o əlavə edib.

S.Hüseynova vurğulayıb ki, Prezident İlham Əliyevin andiçmə mərasimində yeni dövrdə xarici siyasətimizin əsas prioritetlərindən biri Türk dünyasına inteqrasiyanın dərinləşdirilməsinin olduğunu bir daha bəyan etməsi olduqca böyük əhəmiyyət kəsb edir.

“Prezident İlham Əliyevin də söylədiyi kimi “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bizim ailəmiz Türk dünyasıdır”. Sözsüz ki, cənab Prezidentin yeni dövrdə ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri olaraq Türkdilli dövlətlərlə inteqrasiyanın dərinləşdirlməsinin zəruriliyini vurğulaması ölkəmizin açıq hədəflərini göstərir.

Ölkəmizin Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətləri var. Dövlətimizin də başlıca məqsədi məhz Türk Dövlətləri Təşkilatını gücləndirməkdən ibarətdir. Təbii ki, Türk Dövlətləri Təşkilatı böyük coğrafiyanı əhatə edir. Bu, eyni zamanda, ümumi güc, hərbi amil, iqtisadiyyat, mühüm nəqliyyat yollarının qovşağı deməkdir.

Bütün bu amillər, Azərbaycanın öz imkanları və rolu sayəsində Türk Dövlətləri Təşkilatı qlobal arenada başlıca aktora çevrilməsini təmin edəcəyinə əminlik yaradır. Azərbaycan cənab Prezident İlham Əliyevin liderliyi və strategiyası ilə qarşıdakı dövrdə daha böyük uğurlara və hədəflərə nail olacaq”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti