Bakı. Trend:
Fransanın Evian şəhərində yerləşən Azərbaycanın şairi Natəvanın heykəlinə qarşı vandalizm hərəkətkləri Fransanın Azərbaycana qarşı açıq düşmənçilik münasibətininin təzahürü kimi qiymətləndirmək olar.
Bunu Trend-ə Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, Makronun apardığı siyasətin sanki bir hissəsini anti-Azərbaycan siyasəti təşkil edir.
“Fransa hər zaman Azərbaycana qarşı qərəzli siyasət aparıb. Biz uzun illərdir ki, Fransanın Azərbaycana qarşı qərəzli və riyakar siyasətinin şahidi olmuşuq. İstər 30 illik erməni işğalı dövründə, istər vətən müharibəsi, istərsə də sonrakı dövrdə Fransa Azərbaycana qarşı qərəzli siyasət aparıb. 44 günlük Vətən müharibəsində Azərbaycanın tarixi Zəfərindən sonra Fransanın ölkəmizə qarşı siyasəti daha da aqressivləşib.
Münaqişə dövründə tərəfsiz mövqe sərgiləməli olan ATƏT keçmiş Minsk qrupunun həmsədrlərindən biri Fransa qurumun fəaliyyəti dövründə daim ermənipərəst mövqeyi ilə seçilib, həmsədr ölkə mandatının prinsiplərinə zidd olaraq işğalçı və terrorçu Ermənistana hərtərəfli dəstək verib”, - deyə deputat bildirib.
Onun sözlərinə görə, Makron hakimiyyəti Azərbaycanın ərazi bütövlüyünə qarşı ardıcıl olaraq çirkin siyasət aparır.
“Onlar ermənidən çox ermənipərəstlik edirlər. Biz bu siyasəti müxtəlif istiqamətlərdə görürük. Həm Ermənistanın silahlandırılmasına yardım edilməsi, həm də Azərbaycana qarşı beynəlxalq təşkilatlarda qarayaxma kampaniyaların aparılması və qərarların qəbul edilməsinə cəhd edilməsinin şahidi oluruq. Bu cəhdlərin hər biri fiaskoya uğrayıb və sabun köpüyündən başqa bir effekt verməyib.
Eyni zamanda Fransa Azərbaycanın daxili işlərinə qarışmağa cəhd edib. Bir müddət öncə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən Fransanın Azərbaycanda qurmaq istədiyi casus şəbəkəsi ifşa edildi və sözügedən ölkənin ölkəmizdəki səfiri Xarici İşlər Nazirliyinə dəvət olunaraq, səfirliyin iki diplomatının arzuolunmaz şəxs elan edilməsi onun diqqətinə çatdırıldı. Həmin şəxslərin 48 saat ərzində ölkəni tərk etməsi barədə nota verildi. Fransanın bu cür addımları iki ölkə arasında münasibətləri pisləşdirir və eyni zamanda beynəlxalq aləmdə özünü rüsvay vəziyyətinə salır”, - deyə deputat əlavə edib.
S.Hüseynova bildirib ki, Makron öz cılız siyasəti ilə ölkəsini beynəlxalq aləmdə nüfuzdan salır və onun simasında Qərbdə lider böhranı yaşanır.
“Makron cəsarəti, prinsipiallığı, qətiyyəti olmayan bir siyasətçidir. Onun qorxaqlığı və cılızlığı həm də özünü onda göstərdi ki, Ukraynaya yardım vəd etdi, amma heç bir şey etmədi. Qorxusundan 3-cü dəfədir ki, Ukraynaya səfərini təxirə saldı. Bu gün Ukrayanın çətin vəziyyətdə olmasının əsas səbəbkarlarından biri də məhz Makron və onun yalan vədləridir”, - deyə deputat əlavə edib.