Bakı. Trend:
Bu günlərdə Bakı Enerji Həftəsi 2024-cü il ərzində enerji sektorunun ən mühüm tədbirlərindən biri kimi qeyd edilir. Bu həftə ərzində Azərbaycanın paytaxtı Bakı enerji sənayesinin liderlərini bir araya gətirir. Tədbirdə 37 ölkədən 300-dən artıq şirkət iştirak edir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Sevinc Hüseynova və Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli Trend-ə açıqlama verib.
S.Hüseynova bildirib ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır və enerji siyasətinin bütün seqmentlərini əhatə edən belə bir tədbirə ev sahibliyi etməklə, özünün qlobal enerji bazarındakı mühüm rolunu bir daha təsdiqləyir.
“Bakı Enerji Həftəsi qlobal enerji təhlükəsizliyinin təmin olunması istiqamətində səmərəli müzakirələrin aparılması, yeni əməkdaşlıq imkanlarının yaradılması üçün mühüm bir platformaya çevrilib. Bu tədbir Azərbaycanın beynəlxalq imicini gücləndirir və ölkəmizin etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin tədbirin açılışındakı çıxışı və verdiyi mesajları, o cümlədən ABŞ Prezidenti Cozef Baydenin təbrik məktubu tədbirin əhəmiyyətini daha da artırır”, - deyə deputat qeyd edib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyev tərəfindən müstəqilliyimizin ilk illərindən möhkəm təməllər üzərində qoyulmuş enerji siyasətini uğurla davam etdirir və bu gün Azərbaycan Cənubi Qafqazın lider ölkəsi olaraq Avropanın, eləcə də dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilib.
“Azərbaycan nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft-kimya məhsulları və elektrik enerjisi ixrac edir. Ölkəmiz üçün elektrik enerjisi, bərpa olunan enerji, hidrogen və enerjinin səmərəliyi məsələləri də gündəmdədir. Eyni zamanda, Azərbaycan regional və beynəlxalq əhəmiyyətli enerji layihələrinin həyata keçirilməsində hər zaman maraqlı olub və təbii ki, buna da Azərbaycanın təbii imkanları şərait yaradıb. Azərbaycan digər ölkələr üçün vacib tranzit imkanlarını təqdim edir. Belə ki, hazırda Azərbaycanın müxtəlif istiqamətlərdə şaxələnmiş enerji marşurutları mövcuddur. Müxtəlif istiqamətə uzanan 3 neft boru kəməri və 4 qaz boru kəməri mövcuddur. Bu potensialdan da maksimum dərəcədə istifadə oluna bilər. Eyni zamanda, Azərbaycan zəruri infrastruktura malikdir”, - deyə deputat qeyd edib.
R.İskəndərli isə deyib ki, tədbir Azərbaycanın beynəlxalq əməkdaşlığa sadiq qalaraq qlobal enerji sektorunda əsas oyunçulardan birinə çevrilməsinin göstəricisidir.
“Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı enerji təhlükəsizliyinin strateji əhəmiyyəti, bərpa olunan enerji mənbələrinə keçid və Azərbaycanın iqlim dəyişikliyi kimi qlobal çağırışların həllindəki rolu, ölkənin daha yaşıl gələcəyə keçiddə cəsarətli addımların atdığının vurğulanması baxımından son dərəcə əhəmiyyətli idi. Prezidentin çıxışı həm tarixi konteksti, həm cari təşəbbüsləri, həm də gələcəyə baxışı əks etdirirdi. Azərbaycanın bir çox ölkələr, xüsusən də Avropa üçün etibarlı enerji təchizatçısı kimi rolu vurğulandı. Bunun regional enerji təhlükəsizliyinə və geosiyasətə təsirləri var, Azərbaycan ümumavropa qaz təchizatçısı kimi tanınır.
Prezident çıxışında həmçinin, Azərbaycanın son üç onillikdə öz
nüfuzunun yüksəldilməsində həlledici rol oynayan sabit və etibarlı
tərəfdaşlıq münasibətlərini qoruyub saxlamaq öhdəliyinə də
toxundu.
Çıxışın əhəmiyyətli bir hissəsi Azərbaycanın bərpa olunan enerjiyə
keçidinin müzakirəsinə həsr olundu. Yeni günəş və külək elektrik
stansiyalarının təməlqoyma mərasimləri bu istiqamətdə atılmış böyük
addımdır”, - deyə o əlavə edib.