...

Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır

Siyasət Materials 11 Aprel 2025 12:41 (UTC +04:00)
Ağbənd-Kəlalə avtomobil körpüsünün tikintisinin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevin və ölkəmizdə səfərdə olan İran İslam Respublikasının yol və şəhərsalma naziri, Komissiyanın İran tərəfindən həmsədri Fərzanə Sadeqin başçılıq etdiyi nümayəndə heyətləri, İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək, Zəngilan rayonunun yaxınlığında Araz çayı üzərində tikintisi davam edən Ağbənd-Kəlalə avtomobil yolu körpüsünə baxış keçirdikləri zamanı məlumat verilib.

Baxış zamanı həmsədrlərə körpünün və avtomagistraldan körpüyə bağlanacaq köməkçi yolun texniki parametrləri, burada yaradılması planlaşdırılan sərhəd-gömrük infrastrukturu barədə, eyni zamanda tikilməsi nəzərdən keçirilən yeni dəmiryolu körpüsünün layihələri barədə məlumat verilib. Qeyd olunub ki, Ağbənd avtomobil körpüsünün və ona bitişik köməkçi yolun tikintisinin 2025-ci ilin sonunadək tamamlanması planlaşdırılır.

Bu layihə regionun strateji nəqliyyat infrastrukturunun mühüm hissəsini təşkil etməklə, bir sıra əhəmiyyətli funksiyaları yerinə yetirəcək.

Tikinti işləri başa çatdıqdan sonra yeni yol marşrutu:

Şərqi Zəngəzur iqtisadi rayonunu Naxçıvan Muxtar Respublikası ilə birləşdirən ən qısa və səmərəli nəqliyyat bağlantısını təmin edəcək;
Çin–Mərkəzi Asiya–Azərbaycan–İran–Türkiyə xəttini əhatə edən Şərq-Qərb nəqliyyat dəhlizinin əsas komponentlərindən biri olacaq;
Şimal–Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsinin funksional imkanlarını genişləndirəcək;
Fars körfəzi ilə Qara dənizi birləşdirən, həm relyef, həm də iqlim baxımından ən əlverişli avtomobil yolu kimi çıxış edəcək.
Tikilən avtomobil yolu I texniki dərəcəyə malik olmaqla, Ağbənd–Cəbrayıl–Ağdam–Yevlax–Gürcüstan istiqamətində səmərəli yük və sərnişin daşımalarını mümkün edəcək. Paralel olaraq, təxminən bir il ərzində tamamlanması gözlənilən Ağbənd–Laçın–Kəlbəcər–Gəncə–Gürcüstan avtomobil marşrutu da bu şəbəkəyə əlavə ediləcək və regionun nəqliyyat-logistika potensialının daha da artmasına töhfə verəcəkdir.

Layihələrin reallaşması ikitərəfli və regional nəqliyyat-tranzit əlaqələrinin, yükdaşımaların artırılmasına, logistik imkanların genişlənməsinə və ümumilikdə geniş kommunikasiya bağlantılarının yaradılmasına şərait yaradacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti