...

Ötən il Azərbaycanın Dövlət Sərhəd Xidməti MTN və DİN-də birgə uğurlu əməliyyat tədbirləri həyata keçirib

Siyasət Materials 24 Fevral 2006 13:31 (UTC +04:00)

Ötən il Azərbaycanın Dövlət Sərhəd Xidməti (DSX) Milli Təhlükəsizlik və Daxili İşlər Nazirlikləri ilə birgə uğurlu əməliyyat tədbirləri həyata keçirib. Trend xəbər verir ki, bu barədə fevralın 24-də DSX Mərkəzi Aparatında ötən ilin yekunlarına həsr oulnmuş geniş müşavirədə DSX rəisi Elçin Quliyev məlumat verib.

DSX-nin əməliyyat-axtarış və istintaq orqanlarının fəaliyyəti nəticəsində dövlət sərhədindən qanunsuz miqrantların tranziti və mütəşəkkil qaçaqmalçılıq fəaliyyətinin təşkili, saxta sənədlərin hazırlanması ilə məşğul olan 14 cinayətkar dəstə zərərsizləşdirilib. Ölkəmizə qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində aparılan tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən 3 Azərbaycan vətəndaşının məxfi əməkdaşlığa cəlb edilməsi müəyyənləşib.

"2005-ci il ərzində dövlət sərhədi və sərhəd rejimi pozuntularında iştirak edən 2.781 nəfər sərhəd pozucusu saxlanılıb. Tutulmuş sərhəd pozucularının 297 nəfəri Azərbaycan, 199 nəfəri Gürcüstan, 81 nəfəri İran, 63 nəfəri Rusiya, 30 nəfəri Türkiyə, 26 nəfəri Özbəkistan, 25 nəfəri Pakistan, 22 nəfəri Qırğızıstan, 16 nəfəri Moldova vətəndaşları olub. Tutulan sərhəd pozucularının sayı 2004-cü illə müqayisədə 5,5 faiz azalıb. Hesabat dövründə üçüncü ölkə vətəndaşlarının saxta sənədlərlə respublikamız ərazisindən tranzit istifadə edərək Avropa ölkələrinə getmə kanalları müəyyən olunub. Saxta sənədlərlə ölkəmizdən tranzit keçməyə cəhd göstərmiş 153, özgəsinin sənədləriylə isə 42 əcnəbi vətəndaş saxlanılıb" - deyə E.Quliyev bildirib.

DSX rəisinin sözlərinə görə, il ərzində dövlət sərhədində 7 halda sərhəd pozucuları tərəfindən sərhəd naryadlarına silahlı müqavimət göstərilib. Dövlət sərhədindən keçirməyə cəhd göstərən 37 nəfərdən 12 kq 755,9 qram narkotik maddə aşkar edilərək götürülüb. Sərhəd rayonları ərazisində 11 hektar sahədən ümumi çəkisi 19,1 ton olan narkotik tərkibli bitki kolu aşkarlanaraq məhv edilib.

"Bu kimi halların qarşısının alınması nəticəsində ölkəmizdə geniş iqtisadi islahatların və quruculuq işlərinin aparılması işi daha da sürətlənib", - deyə E.Quliyev söyləyib.

Xəbər lenti

Xəbər lenti