"Azadlıq Hərəkatçıları Birliyi" BMT-nin, ATƏT-in, Avropa Şurasının Bakı ofislərinə, Macarıstanın dövlət və hakimiyyət rəhbərlərinə, Macarıstanın məhkəmə orqanlarına müraciət ünvanlayıb. Bu barədə Trend ə Azadlıq Hərəkatçıları Birliyindən məlumat verilib.
Müraciətdə Budapeşt şəhər məhkməsinin Azərbaycan ordusunun zabiti Ramil Səfərov barəsində çıxardığı hökmün ölkəmizdə hiddətlə qarşılandığı, bu qərarın Avropa ailəsinin bir üzvü olan Macarıstanda haqq-ədalətin mövcudluğuna şübhə yaratdığı bildirilib. Müraciətdə Ramil Səfərovun Macarıstanda qətl törədərkən hansı psixoloji durumda olması, onun torpağının ermənilər tərəfindən işğal edilməsi, yaxınlarının qətlə yetirilməsi barədə də məlumat verilir. Macarıstanın məhkəmə orqanlarının R.Səfərovu ömürlük həbs cəzasına məhkum etməsi qərarının Azərbaycan və macar xalqları arasında etimadsızlığın yaranmasına səbəb ola biləcəyi vurğulanır və bu ədalətsizliyin aradan qaldırılmasına çağırılır.
Qeyd edək ki, bu müraciət Azadlıq Hərəkatçıları Birliyinin aprelin 14-də Ramil Səfərova çıxarılan hökmlə əlaqədar keçirilmiş fövqəladə toplantısında qəbul olunub.