...

Azad Rəhimov: Azərbaycan idmanla nəfəs alır və demək olar ki, idmanın bütün növlərində yeni adlar yaranır

Siyasət Materials 15 May 2006 14:38 (UTC +04:00)
Azad Rəhimov: Azərbaycan idmanla nəfəs alır və demək olar ki, idmanın bütün növlərində yeni adlar yaranır

Azərbaycanın gənclər və idman nazirinin Trend ə eksklüziv müsahibəsi

- Yaxın perspektivdə siz özünüz üçün hansı prioritet vəzifələri görürsünüz?

- İlk öncə, mən ölkəmizdə gənclər və idmanla bağlı məsələlərə maraq göstərdiyinə və bu sahəni obyektiv işıqlandırdığına görə kütləvi informasiya vasitələrinə, xüsusilə Trend agentliyinə öz minnətdarlığımı bildirmək istəyirəm. Sualınıza gəlincə, qeyd edim ki, biz gənclər siyasətinin bütün problemlərini öyrənərək və yeni inkişaf yolları tapmaq üçün bu sahədə yeni səhifə açmaq niyyətindəyik. Məsələnin öyrənilməsi göstərir ki, bu, dəqiq statistik məlumatların təhlili və hüquqi bazanın yaradılması ilə mümkündür.
Ölkənin idman siyasətindəki problemlərə gəlincə, bir faktı da qeyd etmək lazımdır ki, beynəlxalq arenada çoxlu sayda medal qazanan idmançılarımızın sayı ilbəil artır və biz xüsusilə 2008-ci ildə keçiriləcək Pekin olimpiadası ərəfəsində bu tempi saxlamalıyıq. Bu vəzifəni yerinə yetirmək üçün ən başlıcası maddi-texniki bazanı, Olimpiya komplekslərinin tikintisini yaxşılaşdırmaq, ölkə daxili çempionatları daha keyfiyyətli keçirmək və əlbəttə, regionlarda futbolu inkişaf etdirmək lazımdır. Bu, ölkədə kütləvi idmanın inkişafına və yeni istedadların üzə çıxmasına şərait yaradacaq.

- Bununla əlaqədar olaraq nazirlikdə hansı struktur dəyişiklikləri aparılır?

- Bu yaxınlarda Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fərmanı ilə konkret olaraq nazirliyə tabe olan təşkilatların da göstərildiyi əsasnamə və struktur təsdiqlənib. Hazırda nazirlikdə idarəetmə aparatının yeni bölmələrinin formalaşdırılması prosesi gedir. Bunlar əsasən futbol, antidopinq və tələbələrlə iş üzrə bölmələrdir. Eyni zamanda digər şöbə və sektorların işi üzrə də hazırlıq aparılır.

Yəqin ki, Antidopinq komitəsinin yaradılması xüsusi aktuallıq kəsb edir...

- Beynəlxalq Olimpiya Komitəsi və demək olar ki, bütün beynəlxalq federasiyalar antidopinqlə bağlı məsələlərə böyük diqqət ayırır. Bu yaxınlarda Moskvada Ümumdünya Antidopinq Agentliyi İdmançılar Komitəsinin iclası keçirilib. İclas başa çatdıqdan sonra Ümumdünya Antidopinq Kodeksinin qəbul olunması və bu kodeksə mütləq və tam əməl olunması ilə bağlı beynəlxalq idman cəmiyyətinə, xüsusilə peşəkar liqa rəhbərlərinə müraciət qəbul olunub. Buna görə də biz bu problemə xüsusi diqqət ayırırıq və hazırda xarici həmkarlarımızın təcrübəsini öyrənirik. Artıq bır sıra görüşlər keçirilib və həlli başa çatmaq üzrə olan təkliflər irəli sürülüb.
Dopinq preparatlarının sayının artması ilə bağlı hər ay son məlumatların daxil olduğu Respublika İdman-Tibb Mərkəzinin iş üsulu dəyişdiriləcək və yaxşılaşdırılacaq.
Hesab edirik ki, bütün yığmalar xoşagəlməz vəziyyətlərdən uzaq olmaq üçün yarışlara qədər mütəxəssislərimizlə məsləhətləşməlidir. Təəssüflər olsun ki, əvvəllər bəzi komandalar mərkəzin mütəxəssislərinin xidmətlərinə əhəmiyyət vermirdi. Ancaq indi bu lazımdır. Axı yarışlarda mükafat qazanmaq idmanın yalnız bir tərəfidir. Medalın digər tərəfi isə texniki bazanın yaxşılaşdırılması, o cümlədən antidopinq məsələsinin həlli ilə bağlıdır.

- Fikrinizcə, respublikada antidopinq laboratoriyasının yaradılması vaxtı gəlib çatmayıbmı?

Əslində, belə laboratoriyanın yaradılması çox lazımdır. Bakıda yarışların keçirilməsi zamanı biz test üçün Moskva laboratoriyalarına müraciət etməyə məcbur olduq. Ancaq laboratoiya açmaq nəinki maddi, həm də təşkilati səy tələb edir. Bu, əsasən, BOK-dan lisenziyanın alınması, həmçinin, müvafiq mütəxəssislərin hazırlığı ilə bağlıdır. Buna görə də biz bu məsələni mərhələ-mərhələ həll edəcəyik. Bununla əlaqədar olaraq antidopinq şöbəsinin yaradılması bu istiqamətdə ilk addımdır.

- Nazirlik MOK ilə birgə yığmanın Pekin olimpiadasında çıxışına hazırlıq üzrə işə başlayıbmı?

- Nazir postunda mənim həyata keçirdiyim ilk tədbirlərdən biri MOK qərargah mənzilində aparıcı idmançılar, məşqçilər və federasiya rəhbərləri ilə görüş olub və bu məsələ hərtərəfli müzakirə edilib. İlk növbədə Olimpiadaya hazırlıq işlərinin dərəcəsi qiymətləndirilib, yeni və perspektivli atletlərin lisenziya əldə etməsi ilə bağlı tapşırıqlar verilib, həmçinin, yaxın ehtiyat təhlil edilib.
İlin birinci yarısının sonunadək ölkə federasiyaları tərəfindən olimpiadaya hazırlığın gedişi ilə bağlı ətraflı hesabatın hazırlanacağına dair razılaşma əldə olunub. Biz ölkənin olimpiya yığmasına daxil olan idmançıların elmi-metodiki təminatına xüsusi diqqət ayırırıq.
Biz Azərbaycan idmançılarının 2008-ci ildə Pekində keçiriləcək XXIX Olimpiadasına hazırlıq konsepsiyasını və ümumi planını işləyib hazırlamışıq. Bütün bu işlər əvvəlki Olimpiya oyunları ilə müqayisədə Azərbaycan yığmasının həm sayca, həm də kefiyyətcə daha güclü olmasına yönəldilib.

- Fikrinizcə, Azərbaycan idmanın hansı olimpiya və qeyri-olimpiya növlərində daha çox potensiala malikdir?

- Bildiyiniz kimi, hər bir ölkədə bir əsrlik tarixə malik ənənəvi idman növləri vardır. Respublikamızda bu növə güləş aiddir. Boks isə inkişaf etməkdədir. Cüdo yığmasında gəncləşmə prosesi başa çatır, taekvandoçularımızın da nəticələri bizi sevindirir. Komanda növlərindən isə Romada keçirilən dünya çempionatının seçmə turnirinə vəsiqə qazanmış otüstü xokkey üzrə qadınlardan ibarət yığmanı qeyd etmək istəyirəm. Bu, bizi sevindirməyə bilməz. Hazırda Yaponiyada dünya çempionatına hazırlığa başlayan Azərbaycanın qadınlardan ibarət voleybol yığması həmişə olduğu kimi inkişafdadır. Əlbəttə, biz respublikanın Olimpiadada daha çox idman növü üzrə təmsil olunmasını istərdik.
Dəyişikliklər artıq hiss olunur. Xüsusilə, güllə atıcılığı proqramında Nigar Bağırova özünü yaxşı göstərib, yunan-roma güləş növü üzrə idmançılarımız Fuad Əliyev və Rövşən Bayramov isə Moskvada keçirlən Avropa çempionatında bürünc medal qazanıb. Digər tərəfdən, irəlidə ənənəyə görə, Oyunlarda çoxlu sayda medalın qazanıldığı üzgüçülük və atletikanın inkişafı istiqamətində böyük həcmdə işlər görülməlidir. Bununla yanaşı, bir faktı da qeyd etmək lazımdır ki, idmanın qeyri-olimpiya növləri üzrə də çoxlu sayda medal qazanılır və məhz bu istiqamətdə kütləvilik müşahidə olunur. Şahmat buna parlaq nümunədir. Federasiya və aparıcı idmançılar arasında mövcud problemlərin onların nəticələrinə təsir etməməsi də fərəhləndiricidir. Beynəlxalq qrossmeyster Rauf Məmmədovun dünya kubokunda çıxış etmək hüququ qazanması çox sevindiricidir. Dünya çempionatına vəsiqə qazanmış qrossmeyster İlahə Qədimova isə ölkənin birinci şahmatçısıdır. Bü gün bizim ən yaxşı qrossmeysterlərimiz xarici klublara dəvət olunur və onlar öz reytinqini qaldırır. Bir qayda olaraq, müxtəlif turnirlərdə karateçilərimiz çoxlu sayda medal qazanır, samboçularımız isə bu yaxınlarda keçirilmiş qitə çempionatında uğurla çıxış edib.
Bir sözlə, ölkə idmanla nəfəs alır və idmanın demək olar ki, bütün növlərində yeni adlar yaranır. Hazırda Dövlət İdman Akademiyasına yeni qəbul keçirilir. Belə ki, atletlərimiz təkcə tatami, xalça üzərində və rinqdə deyil, həm də elm və təhsil sahəsində məşq edir. Bütün bunlar gələcəyə nikbin baxmağa əsas verir.

- Yeni olimpiya komplekslərinin tikilməsi Azərbaycanda idmanın inkişafına necə təsir göstərib?

- Qeyd etdiyim kimi, yeni idman komplekslərinin tikilməsi Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin yürütdüyü ölkənin idman siyasətinin prioritet vəzifələrindən biridir. Nəticədə yaxın vaxtlarda demək olar ki, hər bir rayonda olimpiya kompleksi fəaliyyət göstərəcək ki, bu da ölkə çempionatı və regionlarda beynəlxalq turnirlər keçirməyə imkan verəcək. Məsələn, bunun sayəsində 2003-cü ildə Naxçıvanda gənclər arasında dünya birinciliyi, Qubada isə qadınlardan ibarət komandalar arasında voleybol üzrə Qran-Pri seçmə turniri keçirilib.
Bu il yeni idman komplekslərinin təməlinin qoyulması, həmçinin, sovet dövründə inşa edilmiş komplekslərin yenidən qurulması planlaşdırılır. Bizim Mingəçevirdə avarçəkmə bazası ilə bağlı böyük planlarımız var. Yaxın vaxtlarda isə H.Əliyev adına idman-konsert kompleksində buz meydançası fəaliyyət göstərməyə başlayacaq. Bu, Azərbaycanda qış idman növlərinin inkişafına təkar verəcək.

- Biz idman və gənclər sahəsində hansı ölkələrlə daha fəal əməkdaşlıq edirik?

- Moldovalı həmkarlarla gənclər sahəsində ikitərəfli əməkdaşlığa dair saziş imzalanıb. Gürcüstan, Rusiya və Türkiyə ilə əməkdaşlıq haqqında sənədlər paketləri hazırlanır. Bundan başqa, Azərbaycanda Rusiya ilinin keçirilməsi ilə bağlı müxtəlif foto-sərgilərin, kursların və s. nəzərdə tutulduğu tədbirlərin təşkili istiqamətində iş gedir.
İdmana gəlincə, qeyd etmək lazımdır ki, bizim Səudiyyə Ərəbistanı, Rusiya və Türkiyə ilə sazişlərimiz hələ qüvvədədir. Biz həmkarlarımızla Pekin Olimpiadasında yığma komandaları birgə dəstəkləmək imkanlarını müzakirə edirik.
Xüsusilə, bununla bağlı bu yaxınlarda rusiyalı həmkarım Vyaçeslav Fetisovla görüşdə də söhbət olub. Görüşdə, həmçinin, idmanın müxtəlif növləri üzrə komandaların birgə məşqlərinin təşkili ilə bağlı da müzakirələr aparmışıq.

Xəbər lenti

Xəbər lenti