...

"LUKOYL Oversiz" "Şahdəniz" yatağından hasil ediləcək kondensatı BTC boru kəməri ilə ixrac etmək niyyətindədir

Siyasət Materials 2 Avqust 2006 12:16 (UTC +04:00)
"LUKOYL Oversiz" "Şahdəniz" yatağından hasil ediləcək kondensatı BTC boru kəməri ilə ixrac etmək niyyətindədir

"LUKOYL Oversiz" Bakı-Tiflis-Ceyhan neft kəmərinin imkanlarından istifadə etmək niyyətindədir. "Hazırda BTC kəmərinin istifadəsi ilə bağlı məsələ üzərində iş gedir. Biz "Şahdəniz" layihəsi çərçivəsində hasil ediləcək qaz kondensatının bu magistralla tədarükü imkanlarını nəzərdən keçiririk". Trend in xəbər verdiyi kimi, bu barədə "Neftyanıe vedomosti" korporativ xəbərlər məcmuəsinə müsahibəsində "Lukoyl Oversiz Holdinq LTD" şirkətinin prezidenti Andrey Kuzyaev məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkət bir neçə hasilat mərkəzi yaradıb. "Bu, ilk növbədə Qazaxıstandır. Biz 2010-cu ildə burada istehsalın həcmini ildə 10 mln tona çatdırmağı planlaşdırırıq. Digər mərkəz isə hasilatın həcmi üzrə analoji perspektivlərin olduğu, lakin bu prosesin 2012-ci ildə gözlənildiyi Özbəkistandır", - deyə o bildirib.

A.Kuzyayev qeyd edib ki, şirkət hasilat və geoloji-kəşfiyyat aktivlərinin alınmasında, ilk növbədə Xəzər şelfində Türkmənistanla əməkdaşlıqda maraqlıdır.

Atasu-Alaşankou marşrutu ilə Qazaxıstandan Çinə neft ixracına gəlincə Andrey Kuzyayev bildirib ki, hələlik şirkət xammal tədarükünə başlamayıb. Ancaq belə perspektivlər planda var. "Biz ümumi qərar qəbul etmişik. Daha sonra CNPC ilə neft həcmini maksimum səmərəli şəkildə necə yerləşdirməklə bağlı kommersiya danışıqları aparılacaq. Söhbət "Kumkol" yatağından, bizim CNPC ilə müştərək "Turqay Petroleum" müəssisəsindən neftin mümkün tədarükündən gedir. Hazırda yataqdan tədarükün əsas həcmi Xəzər Boru Kəmər Konsorsiumu və Qazaxıstanın daxili bazarına gedir", - deyə o qeyd edib.

"Ümumiyyətlə, "LUKOYL" Qazaxıstandan ixracın axınını dəyişməyəcək. Əsas həcmlər XBKK vasitəsilə, bir hissə boru kəməri ilə Samaraya, bir hissə ("Severnıe Buzaçi" yatağından) Aktau-Mahaçkala dəniz trassı ilə nəql olunur, bir hissə Orenburq və Qazaxıstanın neft emalı zavodlarına tədarük olunur. Biz hazırda Qazaxıstanda mövcud olan bütün ixrac marşrutlarından istifadə edirik. Biz "Kumkol" yatağından hasil edilən neftin kiçik partiyasının (ayda 20 min ton) Özbəkistana tədarükünə başlayırıq", - deyə A.Kuzyayev sonda bildirib.

Xəbər lenti

Xəbər lenti