...

Fuad İsmayılov: Cənubi Qafqaz və Nabukko qaz kəmərlərini birləşdirmək mümkün olacaq

Siyasət Materials 22 Avqust 2006 15:44 (UTC +04:00)
Fuad İsmayılov: Cənubi Qafqaz və Nabukko qaz kəmərlərini birləşdirmək mümkün olacaq

Trend in Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılovla eksklüziv müsahibəsi

- Azərbaycan və Avstriya arasındakı əlaqələr hansı səviyyədədir?

- Bildiyiniz kimi, 2002-ci ildə Azərbaycanın keçmiş prezidenti Heydər Əliyev rəsmi səfərlə Avstriyada olub. İki ölkə arasındakı əlaqələrdə bu günkü uğurlar məhz bu səfərin nəticəsidir. Son iki il ərzində Azərbaycanın daxili işlər və milli təhlükəsizlik nazirləri, Sərhəd Qoşunları baş komandanı, Konstitusiya Məhkəməsinin sədri Avstriyaya rəsmi səfərlər ediblər. Dövlət başçılarının səfərlərinə gəlincə isə, hazırda bununla bağlı danışıqlar aparılır. İlk növbədə, biz gələn il Avrstriya prezidenti Hans Fişerin Azərbaycana rəsmi səfərini təşkil etməyi planlaşdırırıq. Bu, Avstriya dövlət başçısının Azərbaycana ilk səfəri olacaq.

- Avstriyanın işgüzar dairələri Azərbaycana sərmayə qoymaqda maraqlıdırmı?

- Azərbaycanda böyük iqtisadi potensial var. Ancaq təəssüflər olsun ki, biz hələ bu imkanlardan axıradək istifadə etmirik. Avstriyanın işgüzar şəxsləri regiona böyük maraq göstərirlər. Halbuki 6-7 il bundan əvvəl belə şey yox idi. Bu dairələr açıq şəkildə bəyan ediblər ki, tarixi köklər baxımından onlar üçün Şərqi Avropa və Balkanlar cəlbedicidir. Ümumiyyətlə, avstriyalılar hesab edirdilər ki, Avropa Türkiyədə bitir. Ancaq indi vəziyyət dəyişib. Bu gün Avstriya Azərbaycana sərmayə qoyuluşunda maraqlıdır.

Onu da qeyd etmək lazımdır ki, Avstriya şirkətlərinin də potensialı möhkəmlənib. Məsələn, Almaniya, ABŞ, Böyük Britaniyadan olan həmkarlarla müqayisədə onlar o qədər də zəngin deyil. Bir çox Amerika şirkətləri üçün Qafqaz regionunda 1-2 mln dollar itirmək faciə deyil. 8 mln əhalisi olan Avstriya isə kiçik ölkədir və risklərdən uzaq olmağa çalışır.

Yeri gəlmişkən , 2006-cı ilin oktyabrında Bakıda Avstriya-Azərbaycan hökumətlərarası komissiyasının 4-cü iclası keçiriləcək. Turizm sahəsində Avstriya ilə gözəl əməkdaşlıq perspektivlərimiz var. Bu sahədə onlar kifayət qədər təcrübəyə malikdirlər. Bundan başqa, Avstriyada kənd təsərrüfatı, maşınqayırma da inkişaf edib və bu, bizim üçün maraq kəsb edə bilər. Onu da qeyd etmək istəyirəm ki, Avstriya alternativ enerji mənbələri, xüsusilə külək enerjisi sahəsində böyük təcrübəyə malikdir.

Azərbaycan və Avstriya arasında mal dövriyyəsi ilə bağlı sonuncu rəqəmlər 2005-ci ilə aiddir. Həmin dövrdə mal dövriyyəsinin həcmi təxminən 105 milyon dollar təşkil edib. Azərbaycan bu ölkəyə neft və qaz tədarük edir. Avstriyadan isə respublika kənd təsərrüfatı məhsulları, maşınqayırma avadanlıqları alır. Qeyd etdiyim kimi, əməkdaşlığın inkişafı üçün ölkələrimiz böyük potensiala malikdir.

- Nabukko qaz kəməri layihəsi çərçivəsində Azərbaycan-Avstriya əməkdaşlığı hansı mərhələdədir?

- Bu layihədə Avstriyanın ən böyük neft şirkəti OMI iştirak edir. Avstriyanın da daxil olduğu Nabukko Konsorsiumu Azərbaycana, xüsusilə "Şahdəniz" layihəsinə böyük maraq göstərir. Onlar hesab edir ki, "Şahdəniz" yatağı istismara verildikdən sonra Cənubi Qafqaz və Nabukko qaz kəmərlərini birləşdirmək mümkün olacaq. Ancaq hələlik onlarda bir qədər şübhə qalmaqdadır. Bu, siyasi məsələlər və layihənin gəlirliliyi ilə bağlıdır. Buna görə də 2011-ci ildə layihənin gerçəkləşdiriləcəyi ilə bağlı birmənalı şəkildə bəyan etmək olmaz.

Avstriyanı sabitlik maraqlandırır. Bu layihədə Türkiyə iştirak edir. Həmçinin, İranın da iştirakı planlaşdırılır. Çünki əsas qaz məhz oradan tədarük olunmalıdır. Bu səbəbdən də təhlükəsizliyə zəmanət vacibdir. Əgər regionda sabitlik təmin olunarsa, o zaman bu layihə də gözəl perspektivlərə malik olacaq. Ancaq maraq xüsusilə OMI şirkəti və onun prezidenti Volfqanq Ruttunstorfer tərəfindən (Wolfgang Ruttenstorfer) çox böyükdür. O, Nabukko layihəsində iştirak edən və cəlb olunacaq ölkələrin səfirləri ilə görüş keçirib və mən Azərbaycana böyük maraq olduğunu bir daha hiss etdim.

- Avstriyanın Azərbaycanın ərazi bütövlüyü məsələsi ilə bağlı mövqeyi necədir? Azərbaycan bu məsələdə Avstriyanın dəstəyinə güvənə bilərmi?

- Əlbəttə. Avstriya ATƏT və BMT-nin üzvüdür. Avstriyanın mövqeyi Avropa Birliyinin mövqeyidir. Bu ölkə beynəlxalq təşkilatların bütün bəyanatlarına qoşulur.

- Siz Azərbaycanı ATƏT-də və BMT-nin Vyana şöbəsində təmsil edirsiniz. Bu təşkilatlarda Azərbaycan hansı prioritetlərə malikdir?

- Azərbaycanda ATƏT ilk növbədə Dağlıq Qarabağ problemi ilə assosiasiya olunur. Əlbəttə, bizim üçün bu, həmin təşkilatda prioritet mövzudur. Biz bu məsələni daim gündəlikdə saxlamağa çalışırıq. Təəssüflər olsun ki, Ermənistan tərəfi bu problemin unudulması üçün məsələni ört-basdır etməyə cəhd göstərir. Ancaq biz öz fikrimizdə qalırıq. Məsələn, yanğınlarla bağlı məsələni götürək. May ayından biz bu məsələni qaldırmışıq. Yanğınların baş verməsini sübut edən videomaterialları ATƏT-in Daimi Şurasının yığıncağına təqdim etmişik.

- ATƏT-in ekspertlər qrupunun tezliklə gəlişini gözləmək olarmı?

- Hələlik katiblik bununla bağlı qərar qəbul etməyib. Ancaq biz belə missiyanın gəlməsini tələb edirik. Bu missiya həm də reabilitasiya məsələlərinə baxmalıdır. Payız yaxınlaşır və bu o demək deyil ki, məsələ bağlanacaq. Biz yenə də bu məsələyə qayıdacağıq. Yanğınların baş verməsi faktı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin hesabatında öz əksini tapıb. Bu əraziləri bərpa etmək lazımdır. Biz Daimi Şuranın həftəlik yığıncaqlarında çıxışlarımız zamanı vurğulayırıq ki, azərbaycanlılar bu ərazilərə qayıdacaq. Ermənilər bunun baş verməyəcəyini bildirsələr də, əvvəl-axır məcburi köçkünlər ora qayıdacaq. Biz təşkilatın fəaliyyətdə olan sədri Karl de Quxtun qərarını gözləyirik.

- Bir müddət əvvəl Minsk Qrupu həmsədrlərinin əvəz edilməsi ilə bağlı məsələ müzakirə olunub.

- Hazırda belə bir plan yoxdur. Mən də bu barədə eşitmişəm. Amma biz həmsədrlərin fəaliyyətinin səmərəsiz olduğunu və maraqlarımıza cavab vermədiyini görürük. Digər tərəfdən, onlar vasitəçi kimi lazımdır. Mən şəxsən Minsk Qrupunun vasitəçi kimi əvəz edilməsinə razı olardım. Ancaq bu məsələ hələ ATƏT çərçivəsində həll olunmalıdır.

Xəbər lenti

Xəbər lenti