Mərhum görkəmli bəstəkar Vasif Adıgözəlovun yaratdığı əsərləri daim yaşayacaq. Trend xəbər verir ki, bu barədə sentyabrın 16-da Bakı Musiqi Akademiyasında mərhum bəstəkar V.Adıgözəlovla vida mərasimində iştirak edən Milli Musiqi Konservatoriyasının rektoru Siyavuş Kərimi bildirib.
S. Kərimi deyib ki, mərhum bəstəkar Vasif Adıgözəlovla həm şəxsi, həm də yaradıcılıq təmasında olub: "Mənim yaradıcılığımda onun çox böyük təsiri olub. Vasif müəllimin əsərləri bundan sonra da xalq tərəfindən seviləcək".
S.Kərimli onu da vurğulayıb ki, V.Adıgözəlov Azərbaycanın ən parlaq bəstəkarları sırasına aid olan insandır: "Vasif müəllim elə bir həyat yaşayıb ki, ona "öldü" demək olmaz. Uzun illər keçəcək, ancaq bütün musiqiçilər Vasif Adıgözəlovun yaradıcılığını, musiqisini öyrənəcək, dinləyəcək və ifa edəcək".
S.Kərimli bildirib ki, V.Adıgözəlovun ən böyük dünyası musiqi dunyası idi. Onun musiqisi həmişə yaşayacaq.