Bələdiyyə seçkilərinin keçiriləcəyi dairə seçki komissiyalarının kompüter mütəxəssisləri üçün sentyabrın 30-da müşavirə keçiriləcək. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasının "Seçkilər" İnformasiya Mərkəzinin direktoru İqbal Babayev məlumat verib.
Müşavirə "Seçkilər" İnformasiya Mərkəzində keçiriləcək və İqbal Babayev kompüter mütəxəssislərini seçki günü vəzifələrinə, iş funksiyalarına, reqlamentə və digər proseduralara dair məlumatlandıracaq. Kompüter mütəxəssislərinin sualları cavablandırılacaq, onların maarifləndirilməsi məqsədilə izahlar veriləcək. Seçki günü kompüter şəbəkəsinin fəaliyyəti ilə bağlı əyani təcrübələr keçiləcək.
Müşavirədə bələdiyyə seçkilərinin keçiriləcəyi 82 dairənin kompüter mütəxəssisi (82 nəfər) iştirak edəcək.
Qeyd edək ki, bu il oktyabrın 6-da Azərbaycanda 604 bələdiyyəyə təkrar, əlavə, yeni və ilk dəfə seçki keçiriləcək. Boş qalmış bələdiyyə üzvlərinin sayı 1931-dir.