...

Bakıya Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti gələcək

Siyasət Materials 19 Oktyabr 2006 19:00 (UTC +04:00)
Bakıya Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti gələcək

"Sərbəst toplaşmaq azadlığı haqqında" Azərbaycan qanununu müzakirə etmək üçün Avropa Şurası Venesiya Komissiyasının nümayəndə heyəti noyabrın əvvəlində Bakıya gələcək. Bu barədə Trend ə eksklüziv olaraq Avropa Şurası Venesiya Komissiyasının konstitusional əməkdaşlıq şöbəsinin katibi Alan Şable (Alain Chablais) məlumat verib.

O bildirib ki, səfər zamanı 1998-ci ildə qəbul olunmuş qanun müzakirə olunacaq. Danışıqlar ATƏT ilə birgə Azərbaycan hökuməti ilə aparılacaq. Bununla bağlı nümayəndə heyəti qanunun təkmilləşdirilməsi ilə bağlı konkret təkliflər gətirəcək. Venesiya Komissiyasının sonuncu plenar sessiyasında təsdiq olunmuş bu təkliflər Azərbaycan hökumətinə təqdim olunacaq.

Venesiya Komissiyasınun nümayəndə heyəti ilə yanaşı Bakıya Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Andreas Herkel və Toni Lloyd gələcək.

Xatırladaq ki, Azərbaycana səfər zamanı həmməruzəçilər Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti nümayəndələri, eləcə də jurnalistlərlə görüşlər keçirəcəklər. Səfərdə məqsəd AŞPA-nı son aylar Azərbaycanda baş verən proseslər barədə məlumatlandırmaqdır.

Həmsədrlər hesabat hazırlayacaqlar. Sənəd AŞPA-ya təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti