...

N.Məhərrəmli: "Telekanallar və xarici radiostansiyalar qərarımıza əməl etməsələr, yayımları dərhal dayandırılacaq"

Siyasət Materials 6 Noyabr 2006 13:00 (UTC +04:00)
N.Məhərrəmli: "Telekanallar və xarici radiostansiyalar qərarımıza əməl etməsələr, yayımları dərhal dayandırılacaq"

Bu gün Azərbaycanda Televiziya və Radio günü qeyd edilir. Trend agentliyi Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə müsahibə hazırlayıb

- Nuşirəvan müəllim, bu günlərdə regional telekanalların rəhbərləri ilə keçirdiyiniz görüşdə hansı məsələlər müzakirə edildi? Ümumiyyətlə, regional kanalların fəaliyyətini qənaətbəxş hesab edirsinizmi?

- Teleradio Şurasının iş prinsipinə uyğun olaraq regional telekanalların rəhbərləri ilə görüş keçirdik. Bundan əvvəl bu yaxınlarda kabel televiziyalarının rəhbərləri ilə də görüş keçirmişdik. Görüşdə əsas məqsəd regionlardakı telekanalların mövcud vəziyyətini, problemləri, perspektivləri müzakirə etmək idi. Regional telekanalların maddi-texniki bazası, kadr potensialı bizi çox narahat edir, onların vəziyyəti çox acınacaqlıdır. Bu kanalların maddi-texniki bazası müvafiq standartlara uyğun deyil və biz onların standartlara uyğun iş görmələrini tələb edəcəyik. Həmçinin qanunlara əməl etmələrini tələb etdik. Yerlərdə Azərbaycan dilində verilişlərin sayı azdır. Həmin telekanalların əldə etdikləri filmlərin əksəriyyəti rus dilindədir. Bu məsələ onların diqqətinə çatdırıldı ki, bu barədə fikirləşsinlər. Bütün regional telekanallar birləşib vahid bir dublyaj şəbəkəsi yarada bilərlər. Bu barədə təklif də irəli sürüldü. Biz hər hansı telekanal haqqında sərt qərar çıxarmazdan əvvəl mövcud situasiyanı öyrənməyə çalışırıq. Onların nəzərinə çatdırırıq ki, öz işləri üzərində ciddi düşünsünlər. Çünki teleradio yayımı ilə məşğul olan şəxsin gərək bu sahədə baş verən bütün yeniliklərdən daim xəbəri olsun, müasir bir qurum kimi yeni texnologiyalardan istifadə etsin. Bu sahədə hazırda bütün dünyada dijital, yəni rəqəmsal sistemə keçirilir və onların əksəriyyətində bu sistemə uyğun avadanlıqlardan istifadə olunur. Biz regional kanalları xəbərdarlıq etdik ki, fəaliyyətlərini bu sistemə uyğunlaşdırsınlar.

- Regional kanalların fəaliyyətində nə kimi qanun pozuntuları var?

- Demək olmaz ki, onların fəaliyyətində hər şey qaydasındadır və pozuntular yoxdur. Əlbəttə ki, bu və ya digər dərəcədə qanun pozuntuları var. İstər reklam, istər verilişlərin ana dilində yayımlanması ilə bağlı pozuntular müşahidə edilir. Bəzi kanallarda təsisçiliklə bağlı problemlər var. Bunların hamısı növbə ilə araşdırılır. Sadəcə olaraq, regionlarda reklam bazarı çox məhduddur, bu kanalların maddi-texniki bazası ürəkaçan deyil. Ona görə də bu cür pozuntulara yol verirlər. Biz belə hallarla bağlı lazımi tövsiyələrimizi veririk. Bəzən pozuntulara bilməyərəkdən yol verilir. Amma bu mərhələ artıq arxada qalıb və biz artıq onların hamısı ilə qanunun sərt dili ilə danışacağıq. Regional kanalların Bakıda yayımı olmadığı üçün biz onların hamısının verilişlərini hər gün izləmək imkanında deyilik. Buna görə də yeni texnologiya tətbiq ediləcək ki, Bakıda oturub hansısa regional kanalı izləyə bilək. Bunun üçün isə maddi vəsait tələb olunur. Lazımi vəsaiti tapa bilsək, sözügedən yeni texnologiyanı tətbiq edəcəyik.

- Yeni telekanalların açılması üçün növbəti dəfə tender elan olunması nəzərdə tutulurmu?

- Biz sonuncu dəfə bu yaxınlarda iki rayonda - Şəkidə və Yevlaxda yerli telekanal açılması üçün keçirilən tenderin qaliblərini elan etdik. Artıq həmin rayonlarda yerli telekanallar fəaliyyətə başlaya bilərlər. İndiyədək regional kanalların sayı 10 idi, ikisi də əlavə olunduqdan sonra ümumilikdə 12 regional telekanala lisenziya vermişik. Bildiyiniz kimi, "Xaçmaz TV"nin lisenziya müddəti uzadılmadı və onun tezliyinə müsabiqə elan olundu. Həmin müsabiqənin qalibi yanvarın 1-dən fəaliyyətə başlayacaq. Qalan 9 telekanal fəaliyyətini davam etdirir.
Növbəti dəfə yeni kanalların açılmasına gəldikdə, ola bilər ki, əvvəlcə iki, sonra üç telekanal açılsın. Ötən il parlament seçkiləri zamanı biz bölgələrdəki namizədlərin axışaraq Bakıya gəlməsinin və paytaxtdakı kanallar vasitəsilə təbliğat aparmalarının şahidi olduq. Nəticədə telekanallarda lazım olduğundan da artıq siyasi təbliğat aparıldı və qanun pozuldu. Azərbaycan Televiziyası, İctimai Televiziya, ANS bu məsələdə qanun pozuntusuna yol verərək lazım olduğundan artıq ödənişli təbliğat apardılar. Bundan sonra biz məsələni araşdırdıq və gördük ki, bir çox rayonlarda yerli kanallar olmadığından namizədlər Bakıya üz tuturlar. Sonra biz Şəki və Yevlaxda telekanal açılması işinə başladıq. Bu rayonlarda lisenziya verdiyimiz şirkətlər 6 ay ərzində fəaliyyətə başlaya bilərlər.
Hesab edirik ki, Şamaxıda, Əlibayramlıda da yerli telekanal açmaq lazımdır. Əgər bu bölgələrdə yerli telekanalların açılması prosesi səmərə versə, ondan sonra digər bölgələrdə,məsələn, Aran zonasında - Saatlı, İmişli, sonra Cəlilabad, Biləsuvar rayonlarında da telekanalların açılması məsələsinə baxa bilərik. Ancaq reklam bazarı olmadan telekanalın açılması çox çətin məsələdir. Bölgələrdə isə reklam bazarının səviyyəsi çox pis vəziyyətdədir.
Bütün ölkə ərazisinə yayımlanan yeni kanalların açılmasına isə ehtiyac olmadığını düşünürəm. Bəzən kimlərsə populist çıxışar edirlər ki, telekanalların sayı artırılmalıdır. Hazırda teleradio sahəsində çalışan adamlar bilirlər ki, yeni kanalların açılması birbaşa maliyyə mənbələrinin axtarılması, reklam bazarı ilə bağlıdır. Hazırda fəaliyyət göstərən kanallarda reklamla bağlı o qədər problemlər var ki, fikrimcə, üstəlik yeni kanalların açılması xeyli çətinlik yarada bilər. Baxmayaraq ki, son zamanlar reklam haqqında qanunun pozulması, yəni, gizli reklamla bağlı faktlar azalıb.

- Telekanalların lisenziya dəyərinin artırılması barədə hökumətə təkliflərinizi təqdim etdiniz, maraqlıdır, hansı məbləğdə ödənişlər edilməsini vacib sayırsınız?

- Hazırda lisenziyanın dəyəri məsələsi müzakirə olunur. Çünki Nazirlər Kabineti hələ öz üzərinə düşən işi görməyib. Noyabrın 1-də mən Nazirlər Kabinetinə məktub göndərdim. Hökumətdən telekanallar üçün lisenziyanın məbləğinin müəyyənləşdirilməsini xahiş etdim. Müraciətdə həmçinin Teleradio Şurasının təkliflərini təqdim etdik. Biz hesab edirik ki, regional kanallar üçün lisenziya dəyəri Bakı şəhərindən ölkə ərazisinə yayımlanan kanalların lisenziya dəyərindən xeyli dərəcədə fərqli olmalıdır. Çünki telekanallar üçün lisenziya dəyəri müəyyənləşərkən bu kanalın yayımlandığı ərazi, oradakı əhalinin sayı, iqtisadi potensialı və digər amillər nəzərə alınmalıdır. Bizim göstərdiyimiz rəqəmlər hələ təklifdir. Ölkə ərazisində ümumrespublika, regional, Bakı üzrə, kabel şəbəkəsi üzrə, peyk vasitəsilə yayımlar var, həmçinin xarici kanal və radiostansiyaların yerli studiyalarının yayımları və digər formada yayımlar mövcuddur. Xarici kanalların Azərbaycanda yayımı üçün lisenziya dəyərinin 85 min yeni Azərbaycan manatına bərabər olmasını təklif edirik. Milli telekanallar üçün isə lisenziyanın 40-50 min manat olması təklif edilir. Təbii ki, Nazirlər Kabineti bu təklifləri qəbul edə də, etməyə də bilər. Amma biz dünya təcrübəsinə əsaslanaraq, ortaq bir rəqəm müəyyənləşdirmişik. Regional telekanallar ümumrespublika yayımından, radio yayımı televiziya yayımından, kabel yayımı da onlardan fərqlidir. Hər birinin ayrıca qiymətləri olmalıdır. Mən ümidvaram ki, yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən məsələ həll ediləcək. Amma bu işləri birdəfəyə həll etmək olmur. Çünki digər qanunvericilik aktları da bizim təkliflərə uyğun gəlməlidir. Məsələn, hökumət yeni lisenziya dəyərini müəyyənləşdirmək üçün "Dövlət rüsumu haqqında" Qanuna müvafiq dəyişikliklər etməlidir. Buna baxmayaraq, biz problemin ciddiliyini nəzərə alaraq xahiş etmişik ki, müraciətimizə tez bir zamanda baxsınlar. Xahiş etmişik ki, Nazirlər Kabineti özünün müstəsna səlahiyyətindən istifadə edərək teleradio yayımı ilə bağlı ayrıca bir sərəncam imzalasın və lisenziya dəyərini müəyyənləşdirsin.

- Hazırda neçə telekanalın lisenziya müddətinin uzadılması məsələsi açıq saxlanılıb?

- Ümumilikdə, "Lider" telekanalı və radiosunun, ANS kanalı və "ANS-CM" radiosunun, "Aygün" televiziyasının, "Avropa+" radiostansiyasının və "Lənkəran" televiziyasının lisenziya məsələsi hələ ki, həll edilməyib. Onların bir hissəsində təsisçiliklə bağlı problem var. Məsələn, "Lənkəran TV"nin təsisçisi rayon icra hakimiyyətidir, amma bu, qanunaziddir. "Lənkəran TV" ilə bağlı bizdən vaxt istəmişdilər ki, bu problemi aradan qaldırsınlar. Digər bir telekanalda bir neçə təsisçi var, onlardan biri vəfat edib, digəri xaricə gedib, ona görə də hüquqi cəhətdən sənədlərdə problem var. Bəzilərinin isə fəaliyyəti yarıtmaz haldadır, qanun pozuntularına yol verilib. Ona görə də onların lisenziya müddətini uzatmamışıq. Hesab edirəm ki, bu ilin sonuna kimi bütün bu məsələləri həll edəcəyik.

- Bəzi xarici radiostansiyaların yerli kanallarda yayımına qadağa qoymağınız səs-küyə səbəb oldu, bu problemin aradan qaldırılması üçün həmin şirkətlərdən sizə müraciət edənlər varmı?

- Bu məsələ KİV-lərdə təhrif olunmuş formada işıqlandırılır. Bəzi hallarda qərarımız Azərbaycanda xarici radiostansiyaların yayımının dayandırılması kimi təqdim edilir. Amma əslində belə deyil. Həmin xarici radiolar Azərbaycanda həm öz dalğalarında, həm də yerli telekanalların dalğasında yayımlanırlar. Hazırda biz ilk olaraq yerli kanallarda onların yayımının yanvarın 1-dən dayandırılmasına dair qərar çıxarmışıq. Ancaq "BBS", "Azadlıq" radioları öz dalğalarında fəaliyyət göstərir və yayımlarını davam etdirirlər. Yeni lisenziya dəyəri müəyyən olunduqdan sonra biz gələn ilin əvvəlindən başlayaraq bütün yerli və xarici teleradio kanallarının lisenziya əldə etməsi məsələsinə baxacağıq. Çünki indiyədək onlar dövlətə lisenziya dəyəri ödəməyiblər. Demək olar ki, yalnız şifahi formada razılıq alınıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi onlara texniki xidmət göstərir, bunun əvəzində pul alır. Amma lisenziya ilə bağlı söhbət olmayıb. Bu məsələni biz qaldırmışıq, hesab edirik ki, xarici radiostansiyaların yayımı ilə bağlı ölkələrarası müqavilə bağlanmalıdır. "Azadlıq" və "BBS" radioları ilə bağlı Amerikaya, İngiltərəyə məlumat verilib.

- Anlaşılmazlıqları aradan qaldırmaq üçün həm yerli, həm də xarici teleradio yayımlarının rəhbərləri ilə görüş keçirilməsinə və qarşılıqlı şəkildə müzakirə aparılmasına ehtiyac görmürsünüz?

- Burada aydın olmayan heç bir məsələ yoxdur. Teleradio Şurası kanallarla birgə işləyir və onlar bizimlə əlaqə saxlayırlar. Noyabrın 8-9-da "Amerikanın səsi" və "Azadlıq" radiolarının nümayəndələri Azərbaycana gələcəklər. Biz ABŞ səfirliyi ilə də danışıqlar aparırıq. Əlbəttə ki, Azərbaycanın xarici ölkələrlə münasibətlərini nəzərə alırıq. Amma hər şey qanun çərçivəsində həllini tapmalıdır. Tutaq ki, hər hansı xarici radiostansiyanın eyni vaxtda üç yerdə yayım aparması mümkün deyil. Əgər ona əlavə dalğa, yaxud bütün ölkə ərazisinə yayımlanan tezlik lazımdırsa, biz bu tezliyi ona verəcəyik ki, bundan sonra bütün digər kanallar kimi yayımlansınlar. Lakin öz kanalından əlavə 2-3 kanalda yayım aparılırsa, bu, düzgün deyil. Məsələn, ANS kanalında "Azadlıq", "BBS", "Amerikanın səsi" radioları qanunsuz olaraq yayım aparırlarsa, o zaman istənilən telekanal bu təcrübədən istifadə edib dünyanın istənilən ölkəsindəki kanallarla müqavilə bağlayacaq və qanunsuz şəkildə yayım aparacaqlar. Deməli, bu gün ATV, "Space" İranın, yaxud başqa bir ölkənin telekanalları ilə müqavilə bağlayıb yayım apara bilər. Bəlkə kimsə Ermənistanın kanalını yayımlamaq istədi? Yəni, belə hallar çox pis və qanunsuz ənənə yaradır. Dövlətçiliklə bağlı məsələlərdə belə hallara yol vermək olmaz. Hüquqşünaslar da bəzən məsələnin əsl mahiyyətini bilmədən müxtəlif cür mülahizələr irəli sürürlər. Dövlətin idarə olunmasında emosiyalara, popilist çıxışlara yox, qanunlara əsaslanılmalıdır.

- Əgər yerli kanallar və xarici radiostansiyalar Teleradio Şurasının təklifləri ilə razılaşmasa, hansı tədbir görüləcək?

- Biz ciddi işlərlə məşğuluq. Əgər həmin telekanallar, radiostansiyalar qanuna əməl etməsə, həm retranslyasiya olunanların, həm də yerli kanalların yayımı dərhal dayandırılacaq. Bu, bizim qəti qərarımızdır. Nə ANS kanalında və radiosunda, nə "Radio Antenn"də, nə "Azərbaycan" radiosunda başqa radiostansiyaların icazəsiz yayımına imkan verilməyəcək.

- Bu kimi bəyanatlar və Teleradio Şurasının məlum qərarı ictimaiyyətdə azad sözün sıxışdırılması, mediaya təzyiqlər kimi də qiymətləndirilir.

- Mən çox təəssüf edirəm ki, bizim qərarlarımız mətbuatda təhrif olunmuş formada şərh edilir və bəzi beynəlxalq qurumlar, yerli telekanallar, müxalifət mətbuatı bu məsələni özünün marağına uyğun olaraq qiymətləndirir. Bu yanlış yoldur. İstənilən yerdə, istənilən formatda bu məsələlərin müzakirəsinə hazırıq. Bizim qərarlarımız həm dövlətçilik, həm milli maraqlar, həm də idarəçilik baxımından doğrudur. Burada hər hansı bir siyasi motivdən, hansısa telekanala qarşı qərəzdən söhbət getmir. Əksinə, Teleradio Şurası yarandığı dövrdən bəri bu 3 il ərzində telekanallara qarşı çox yumşaq siyasət həyata keçirib. İndi isə biz qanunun dili ilə danışırıq və bəzən qanunlar çox sərt olur. Bu sərtliyi isə qanunlara eə mən və nə Teleradio Şurası daxil edib.

Xəbər lenti

Xəbər lenti