...

Finlandiya XİN başçısı: Münaqişələrin sülh yolu ilə həlli Avropanın Cənubi Qafqaz ölkələri üçün qonşuluq siyasətinin fəaliyyət planında vacib prioritetdir

Siyasət Materials 15 Noyabr 2006 13:35 (UTC +04:00)
Finlandiya XİN başçısı: Münaqişələrin sülh yolu ilə həlli Avropanın Cənubi Qafqaz ölkələri üçün qonşuluq siyasətinin fəaliyyət planında vacib prioritetdir

Trend in AB Üçlüyünün Cənubi Qafqaz ölkələrinə səfərinə başçılıq etmiş Finlyandiya XİN başçısı Erki Tuomioya (Erkki Tuomioja) ilə eksklüziv müsabiəsi

- Siz AB "Üçlüyü"nün Cənubi Qafqaz bölgəsinə səfərinin nəticələrini necə qiymətləndirirsiniz? Avropa Birliyi Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığa, o cümlədən regional lider kimi Azərbaycanın roluna hansı əhəmiyyəti verir?

-AB Üçlüyünün səfəri vaxtında və uğurlu oldu. Əldə olunan başlıca nəticə Avropa Qonşuluq Siyasətinin (AQS) Fəaliyyət planları haqqında siyasi sazişdir. Fəaliyyət planları artıq tamamlanıb, AB və Cənubi Qafqazın hər bir ölkəsi tərəfindən rəsmi şəkildə qəbul oluna bilər. Mən xüsusilə xoşbəxtəm ki, biz Finlyandiyanın AB-də sədrliyi dövründə bu prosesi tamamlaya bildik. Fəaliyyət planları implementasiyaya hazırdır. İndi Fəaliyyət planının implementasiyasında Azərbaycan üçün növbəti addımlar həm şans, həm də çağırışdır.
Cənubi Qafqaz bəzi səbəblərə görə AB üçün maraq kəsb edir. Sabitlik və Azərbaycanın, eləcə də digər qonşuların çiçəklənməsi də bizim üçün maraqlıdır. AQS-nin həyata keçirilməsində məqsədimiz də elə budur. AQS ümumi dəyərlərə əsaslanan məqsədlərə çatmaq üzrə birgə işdə AB və Azərbaycan üçün səmərəli vasitədir. Biz həmçinin Cənubi Qafqazla ticarət tərəfdaşı kimi maraqlanırıq və mən bu sahədə əməkdaşlıq etmək üçün yaxşı imkanların olduğunu görürəm. Hazırda enerji məsələləri də görüşlərdə mühüm mövzudur və biz gələcəkdə enerji sahəsində Azərbaycanla sıx əməkdaşlıq edəcəyimizi məmnuniyyətlə gözləyirik. Şadam ki, AB-nin Azərbaycanla strateji tərəfdaşlığında qarşılıqlı anlaşma haqqında Memorandum noyabrın əvvəlinə qədər imzalanmaq üçün hazırlanıb.

- Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Proqramının qəbul olunması AB və Azərbaycanı nə qədər yaxınlaşdıracaq? Siz Proqramın hansı mühüm bəndlərini qeyd edə bilərsiniz? Bu sənədin imzalanma mərasimi nə vaxt və harada keçiriləcək?

- Fəaliyyət planı AB və Azərbaycan arasında daha yaxın münasibətlərin qurulması üçün atılan əhəmiyyətli addımdır. AB-nin Şərqdə genişlənməsi Cənubi Qafqazın AB ilə yaxınlaşmasına səbəb olub və biz sizin bölgədə mümkün potensialın olduğunu görürük. Biz artan maliyyə yardımını nəzərə alaraq, bölgənin inkişafına və orada sabitliyin yaradılmasına töhfə verməyə hazırıq. Fəaliyyət planı AB-nin Azərbaycanla yaxınlaşması məqsədilə konkret fəaliyyət üçün prioritetləri müəyyən edir.
Avropa Birliyi və Qonşuluq siyasətinn başlıca ideyası ümumi standartlara əsasən inteqrasiya, bütün sahələrdə əməkdaşlığın, eləcə də xalqlar arasında əlaqənin gücləndirilməsidir. Biz inanırıq ki, bu, demokratiya, sabitlik və tərəqqiyə səbəb olacaq. Mən deyərdim ki, münaqişələrin sülh yolu ilə həlli və regional əməkdaşlığın möhkəmləndirilməsi AQS Fəaliyyət planının Azərbaycan, eləcə də Ermənistan və Gürcüstan üçün müəyyən etdiyi ən başlıca prioritetlər sırasındadır. Həll edilməmiş münaqişələr hələ də bütün bölgənin inkişafına ən böyük maneə olaraq qalır.
Biz AB çərçivəsində AQS-ni regional əməkdaşlığın gücləndirilməsində daha səmərəli etmək üçün onun sonradan necə inkişaf edəcəyini müzakirə etməyə hazırlaşırıq. Bu cür imkanları gördüyümüz sahələr yaxın vaxtda energetika, nəqliyyat və ətraf mühitin mühafizəsi sahələrində beynəlxalq əməkdaşlıqdır.
AQS Fəaliyyət planı rəsmi şəkildə noyabrın 14-də Brüsseldə AB və Ermənistan, Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq üzrə Şuranın yığıncağında qəbul olunıb.

- Azərbaycan XİN nümayəndələri AB ilə müxtəlif sahələrdə, o cümlədən təhsil və səhiyyə sahəsində ikitərəfli əməkdaşlıq üzrə memorandumların imzalanması məsələlərini müzakirə etməyə hazır olduqlarını bildiriblər. Hazırda energetika sahəsində memorandum layihəsinin hazırlığı başa çatır. Avropa Birliyi digər sahələr, o cümlədən humanitar sahədə də danışıqlar aparmaq fikrindədirmi?

- Biz Azərbaycanın energetika sahəsindən başqa digər sahələrdə də strateji tərəfdaşlıq üzrə qarşılıqlı anlaşma haqqında memorandumun inkişafında maraqlı olduğunu bilirik. Avropa Komissiyası bu maraqlara mümkün qədər yaxşı cavab verməyə çalışır. Azərbaycanın yeni strateji tərəfdaşlıq təklif etdiyi sahələr AQS-in Fəaliyyət planına daxil edilib, bu və digər şəkildə prioritet hesab olunacaq. Bu sahələrdə əməkdaşlıq üçün vasitələr artıq mövcuddur.

- AB "Üçlüyü"nün nümayəndələri bölgəyə səfər zamanı bildiriblər ki, Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Proqramının qəbul olunması bölgədə münaqişələrin nizamlanmasına yardım edəcək. Sizcə, bu təşəbbüslər Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir göstərə bilər?

- Fəaliyyət planı münaqişələrin həlli üçün vasitə deyil və onun Minsk prosesinə heç bir aidiyyəti yoxdur. AB həmsədrlərin də işini dəstəkləməkdə davam edir. AB AQS vasitəsilə dolayısı ilə regional əməkdaşlığı, vətəndaş cəmiyyətinin cəlb olunmasını dəstəkləyərək, xalqlar arasında əlaqəni təşviq edərək, minalardan təmizləmə işinə yardım edərək, qaçqın və məcburi köçkünlərə köməklik göstərərək, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər. AB həmçinin tərəflərlə diplomatik dialoqu gücləndirəcək. Bizim bölgədəki xüsusi nümayəndəmiz Piter Semnebi sülh prosesinə də töhfə verə bilər.

- Azərbaycan XİN başçısının Helsinkiyə rəsmi səfəri zamanı (cari ilin yayında) Azərbaycan-Finlandiya əməkdaşlığının inkişafının müxtəlif aspektləri nəzərdə keçirilib. Bu sənədlər üzrə hansı konkret tədbirlərin görülməsi nəzərdə tutulub?

- Finlyandiyanın AB-də sədrliyi nəticəsində son bir neçə ay ərzində AB çərçivəsində Finlyandiya və Azərbaycan arasındakı əməkdaşlıq müzakirə olunub, lakin biz ikitərəfli səviyyədə də intensiv dialoq aparırıq. Məsələn, son bir neçə il ərzində ölkələrimiz arasında əmtəə dövriyyəsi xeyli artıb.
Finlyandiya yüksək texnologiyalara, Azərbaycan isə faydalı qazıntılara malikdir, bu isə bizim gələcək əməkdaşlığımız üçün böyük imkanlar yaradır.
Bizim müdafiə nazirliklərimiz böhranların idarəsi və sülhyaratma sahəsində əməkdaşlıq edib və biz ümid edirik ki, bu əməkdaşlıq davam edəcək. Artıq bir neçə ikitərəfli saziş qüvvəyə minib. Azərbaycan bu yaxınlarda iki ölkə arasında vergi sazişini təsdiq edib. Yol-nəqliyyat sazişi haqqında danışıqlar davam etdirilir və biz Finlyandiyanın AB-dəki sədrliyi başa çatdıqdan sonra gömrük rüsumu sahəsində əməkdaşlıq haqqında danışıqlara başlamağa razılıq vermişik.
Sizin xarici işlər naziriniz Elmar Məmmədyarovun bu il iyun ayının sonunda Finlyandiyaya səfəri ilə yanaşı, Finlyandiya prezidenti Tarya Xalonen də 2005-ci ildə Azərbaycana səfər edib və təbii ki, prezident İlham Əliyevin cavab səfəri planlaşdırılır, həmçinin Azərbaycan biznesi nümayəndə heyətinin də səfər ehtimalı var.

Xəbər lenti

Xəbər lenti