...

AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri: "Siyasi məhbus məsələsi ilə bağlı yeni məruzəçinin təyin olunmasına ehtiyac yoxdur"

Siyasət Materials 6 Aprel 2007 11:06 (UTC +04:00)
AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri: "Siyasi məhbus məsələsi ilə bağlı yeni məruzəçinin təyin olunmasına ehtiyac yoxdur"

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidovun Trend ə eksklüziv müsahibəsi

- AŞPA həmməruzəçisi Andres Herkel bildirib ki, Azərbaycanın öhdəlikləri ilə bağlı hazırlanmış məruzəyə dəyişiklik edilib. Məruzənin son variantı Monitorinq Komitəsində müzakirə edilərək qəbul olunduqdan sonra həmin sənəddə hansısa dəyişiklik etmək mümkündürmü?

- Məruzə Monitorinq Komitəsində müzakirə edilib və qəbul olunub. Əlbəttə, sənədə hansısa əlavə oluna və ya yeni bir bənd daxil edilə bilər. Həmməruzəçi kimi Andres Herkel və Toni Lloyidin buna ixtiyarı var. Lakin çətin ki, məruzədə hansısa bir prinsipal dəyişiklik edilsin. Biz daim əlaqədəyik və ona görə də hesab etmirəm ki, məruzədə hansısa kəskin, əsaslı və ya sənədin məzmununu dəyişdirən bir əlavə olsun.

- Həmməruzəçilər indi daha çox siyasi məhbus məsələsini qabardır. Onlar bəyan ediblər ki, bu məsələ hələ də qapanmayıb. Azərbaycan tərəfinin buna cavabı neçə olacaq?

- Siyasi məhbus anlayışı Azərbaycana heç vaxt düzgün şamil olunmayıb. Ona görə ki, bu anlayışın, ümumiyyətlə, özünün əsası yoxdur. Siyasi məhbus kimi qələmə verilən şəxslərlə bağlı biz öz mövqeyimizi konkret şəkildə bildirmişik. Onların hüquqlarının pozulması, problemlərinin həll olunması, azadlığa buraxılması və humanitar nöqteyi-nəzərdən həmin şəxslərin problemlərinə İşçi Qrupda baxılır. Prezident İlham Əliyevin əfv fərmanı imzalamasından əvvəl İşçi Qrupun iclası keçirilib. Çox sevindirici haldır ki, əfv fərmanında İşçi Qrupun siyahısında olan şəxslərin adları da var idi.

AŞPA-nın yaz sessiyasına qədər İşçi Qrupun növbəti iclası keçiriləcək. Bu da bizim üçün adi bir haldır. Ona görə ki, Azərbaycanda olan problemləri biz ölkə daxilində həll etmək iqtidarındayıq və mən bu sahədə heç bir problem görmürəm. Azərbaycanın imicinə xələl gətirmək üçün guya ölkəmizdə belə bir problemin olduğunu süni şəkildə qabartmaq düzgün deyil.

- Azərbaycanın hüquq müdafiəçiləri AŞPA-nın sessiyasında iştirak edəcəklər. Onlar bildiriblər ki, siyasi məhbus məsələsi ilə bağlı yeni məruzəçinin təyin olunması məsələsini qaldıracaqlar. Bu mümkündürmü?

- Əvvəla, mən qəti şəkildə bunun əleyhinəyəm. Ona görə ki, bu məsələ ilə bağlı əlavə bir məruzəçinin təyin olunmasına heç bir ehtiyac görmürəm. İkincisi, böyük etimalla deyirəm ki, qeyd olunan məsələ üzrə yeni məruzəçi təyin oluna bilməz. Çünki Azərbaycanda həyata keçirilən işlər onu göstərir ki, buna ehtiyac yoxdur.

O ki, qaldı hüquq müdafiəçilərinin AŞPA-ın sessiyasına getmələrinə, bu adi bir haldır. Hüquq müdafiəçiləri həmişə ora gediblər və bu, birinci və sonuncu sessiya deyil. Çünki Avropa Şurası qeyri-hökumət təşkilatları ilə yaxandan əməkdaşlıq edir və onları da sessiyaya dəvət edib. Burada qeyri-adi bir məsələ yoxdur.

- Həmməruzəçilər Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin olunmasının səviyyəsindən narazıdırlar. Sessiyada bu məsələ müzakirə olunan zaman Azərbaycanın cavabı neçə olacaq?

- Bu məsələ ilə bağlı Azərbaycan tərəfi öz mövqeyini bildirib. Siyasi iradə göstərilərək

Avropa Şurası Venesiya Komissiyası tərəfindən "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna təklif olunan əlavələr ciddi şəkildə araşdırılır. Bu yaxınlarda bir neçə mitinq də keçirilib və həmin aksiyalara heç bir müdaxilə edilməyib, problem yaranmayıb. Bu haqda Avropa Şurası da məlumatlıdır. Hesab edirəm ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun həyata keçirilməsində də heç bir problem yoxdur. Eyni zamanda, AŞPA-nın hesabatında bu qanunla bağlı çox müsbət fikirlər var. Əvvəllər, qanunun həyata keçirilməsi sahəsində müəyyən problemlər var idi və artıq həmin problemlər də öz həllini tapıb. Ona görə də hesab edirəm ki, bu məsələ ilə bağlı Azərbaycan heç bir problemlə üzləşə bilməz.

- Amma şəhərin mərkəzi hissələrində aksiyaların keçirilməsi problemi var və bu da həmməruzəçilərin diqqətindən yayınmır...

- Mənim aləmimdə "Ukrayna" meydanı şəhərin ən böyük mərkəzidir. Bunu Avropa Şurasında da demişəm. "Ukrayna" meydanının ətrafında yaşayan əhalinin sayını və yenicə təmir olunmuş və istifadəyə verilmiş Heydər Əliyev parkını götürsək, məlum olar ki, ora şəhərin ən gözəl mərkəzlərindən biridir. Ona görə də heç kim deyə bilməz ki, şəhərin mərkəzində aksiya keçirilməsinə icazə verilmir.

- Məruzədə ən geniş yer ayrılan məsələlərdən biri də Azərbaycan mətbuatının durumudur. Azərbaycan bu sahədə mövcud olan probleməri aradan qaldırmaq üçün hansı işlər görməlidir?

- Bu məsələlərin həll olunması üçün həm biz müəyyən işlər görməliyik, həm də Avropa Şurasının ekspertləri ilə treninqlər keçirməliyik. Burada həyata keçirilməsi vacib olan məsələlərin sırasına ümumi mədəniyyətin artırılması, bizim mətbuata münasibətimizin müsbət istiqamətdə dəyişməsi, azad mətbuatın daha da yüksək səviyyədə öz məsuliyyətini dərk etməsi daxildir. Burda xeyli işlər var və onları bir günün içində həll etmək olmaz. Azərbaycan iqtidarı bu problemlərin həll olunmasında israrlıdır və istəyir ki, yaxın zamanlarda bunlar aradan qaldırılsın. Amma bunlar uzunmüddətli, təhsil, tədris, ümumi vəziyyət və mentalitetlə bağlı olan problemlərdir və öz həllini tapacaq.

O ki, qaldı bu məsələlərə görə Azərbaycana hansısa iradın tutulmasına, bilmək lazımlır ki, Avropa Şurası bir təşkilat kimi müzakirə forumudur. Müzakirə zamanı hansısa bir məsələ ortaya çıxacaqsa, biz ona münasibət bildirəcəyik. Kimsə hesab edirsə ki, AŞPA yığılacaq və keçmiş Sov.İKP-nin Siyasi Bürosu kimi hansısa bir qərar qəbul edəcək və ya hansısa ittiham irəli sürəcək, həmin şəxslər yanılırlar.

- AŞPA-nın qış sessiyasında qərar qəbul olunmuşdu ki, qurumun Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin üzvləri Azərbaycanın və Ermənistanın AŞPA-dakı nümayəndə heyətləri ilə birgə Dağlıq Qarabağa səfər etsinlər. Bu məsələ ilə bağlı hansısa müzakirələr aparılırmı?

- Orada qərar qəbul olunmuşdu ki, AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə Alt Komitəsinin sədri lord Rassel Conston bölgəyə səfər etsin. Aprel sessiyasında da bununla bağlı fikir mübadiləsi aparacağıq ki, Conston bölgəyə nə vaxt - iyunda, yoxsa sentyabrda səfər etsin. Amma biz ümumi şəkildə bu səfərə etiraz etmirik. Çünki Rassel Constondan əvvəl Terri Devis və Atkinson da bölgəyə səfər ediblər. Nə qədər çox adam oradakı real vəziyyətlə tanış olsa, bir o qədər yaxşıdır.

- Azərbaycan və Ermənistanın AŞPA-dakı nümayəndə heyətlərinin lord Rassel Constonu müşayət etmələri mümkündürmü?

- Bu məsələ müzakirə olunmayıb və mən müzakirə olunmayan məsələyə münasibət bildirə bilmərəm. Əvvəlcə müzakirə obyekti yaranmalıdır və məsələ müzakirə olunmalıdır ki, biz hansısa mövqe formalaşdıraq. Bu, heç müzakirə obyekti də deyil.

Xəbər lenti

Xəbər lenti