...

AMİP-in İran səfirliyi qarşısında etiraz aksiyası dağıdıldı

Siyasət Materials 27 Aprel 2007 14:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) bir qrup üzvünün İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında icazəsiz etiraz aksiyası keçirmək cəhdi baş tutmayıb. Cümə günü saat 13.00 radələrində bir qrup partiya fəalı əllərində şüarlar yazılmış plakatlarla səfirliyin binasına yaxınlaşmağa cəhd göstərib. AMİP fəalları əllərində "Repressiyalara və təhqirlərə son!", "Ana dilimiz ölən deyil!", "Siyasi məhbuslara azadlıq!", "Şovinizm bəşəriyyət üçün təhlükəlidir!" şüarları yazılmış plakatlar nümayiş etdiriblər.

Lakin polis əməkdaşları səfirliyin yaxınlığındakı məktəbin önündə piketçilərin qarşısını kəsib və onlara səfirliyə doğru irəliləməyə imkan verməyib. Beş nəfər piketçi polislər tərəfindən saxlanılıb və 9-cu polis bölməsinə aparılıb.

Piketə cəhd göstərilən zaman aksiyanın qətnaməsinin oxunmasına və İran səfirliyinə təqdim olunmasına da imkan verilməyib.

Müxalifəti təmsil edən AMİP İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına, Güney Azərbaycan milli hərəkatının fəallarına qarşı repressiyalar tətbiq edilməsinə, Azərbaycan dilinin sıxışdırılmasına etiraz edir.

AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavinidir.

Xəbər lenti

Xəbər lenti