...

Milli Məclis sədrinin müavini: "Azərbaycanın razılığı olmadan Qəbələ RLS-dən başqa ölkə istifadə edə bilməz"

Siyasət Materials 16 İyun 2007 14:04 (UTC +04:00)
Milli Məclis sədrinin müavini: "Azərbaycanın razılığı olmadan Qəbələ RLS-dən başqa ölkə istifadə edə bilməz"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin şənbə günü keçirilən növbədən kənar iclasında Qəbələ RLS-dən Rusiya və ABŞ-ın birgə istifadəsi ilə bağlı Vladimir Putinin təklifi geniş müzakirə olunub.

Müxalifəti təmsil edən Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu iddia edib ki, Azərbaycanın xəbəri olmadan Rusiya prezidenti Putin ABŞ dövlət başçısı Gorc Buşa Qəbələ RLS-dən birgə istifadəyə dair təklif verib. Onun fikrincə, bu, Azərbaycan dövləti üçün mənfi bir tendensiyanın əsasını qoyur, ona görə də dövlət səviyyəsində buna münasibət bildirilməlidir.

"Müsavat" deputat qrupunun üzvü Pənah Hüseyn də bildirib ki, Qəbələ RLS-dən Rusiya və ABŞ-ın birgə istifadəsinə dair təklif ətrafında aparılan müzakirələrlə bağlı parlamentə məlumat verilməlidir, eyni zamanda Milli Məclis bu məsələyə münasibət bildirməlidir. "Qəbələ RLS analitik informasiya stansiyası adlandırılsa da, faktiki olaraq Rusiyanın Azərbaycan ərazisindəki hərbi bazası kimi fəaliyyət göstərir" - deyə Hüseyn vurğulayıb.

Onun bu fikirləri spiker Oqtay Əsədovun narazılığına səbəb olub. Spiker qeyd edib ki, hələki nə Qəbələ RLS-i Amerikaya birgə istifadəyə verən var, nə də ki onu istəyən. "Digər tərəfdən, Azərbaycanın xəbəri olmadan kimsə nəyisə digərinə təklif etməyib. Putinin özü də bildirib ki, bu məsələ ilə bağlı Azərbaycanla məsləhətləşmə aparılıb və həmin məsləhətləşmələr zamanı qeyd olunub ki, bununla bağlı 3 tərəfli müzakirələr aparıla bilər. Bunu Azərbaycanın xarici işlər naziri də bəyan edib " - deyə Əsədov əlavə edib. Spiker vurğulayıb ki, Qəbələ RLS hərbi baza deyil.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da qeyd edib ki, Qəbələ RLS Azərbaycanın müstəsna mülkiyyəti olduğuna görə Azərbaycanın razılığı olmadan bu obyektdən heç kim istifadə edə bilməz: "Qəbələ RLS hərbi obyekt deyil. Prezident İlham Əliyev bildirib ki, bu obyekt ABŞ-ın müştərək istifadəsinə verilsə belə, onun təyinatı dəyişməyəcək".

Xəbər lenti

Xəbər lenti