...

Ukraynalı politoloq: "GUAM-ın Bakı sammiti öz perspektivliyini sübut etdi"

Siyasət Materials 21 İyun 2007 12:02 (UTC +04:00)
Ukraynalı politoloq: "GUAM-ın Bakı sammiti öz perspektivliyini sübut etdi"

Ukrayna, Kiyev /müx. Trend D.Bobesyuk/ GUAM-ın Bakı sammiti öz perspektivliyini sübut etdi. Baxmayaraq ki, qurumun siyasi məhvi ilə bağlı proqnozlar var idi. "GUAM-ın hazırkı sammiti sübut etdi ki, prinsip etibarilə bu təşkilatın perspektivi var. Yəqin ki, bu, əsas nəticədir". Bu sözlərin müəllifi Ukraynanın "Penta" Siyasi Araşdırmalar Mərkəzinin idarə heyətinin sədri Vladimir Fesenkoya məxsusdur.

GUAM formatı (Gürcüstan, Ukrayna, Azərbaycan və Moldova) postsovet dövlətləri tərəfindən 1997-ci ildə yaradılıb. 2006-cı ildə Kiyevdə bu formatın birinci sammitində GUAM-ın beynəlxalq təşkilata çevrilməsi və adının dəyişdirilməsi ilə bağlı qərar verilib: "Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilat - GUAM". İyunun 19-da Bakıda GUAM-ın ikinci sammiti keçirilib. Bu sammitdə sədrlik Ukraynadan Azərbaycana verilib.

"İndi əsas odur ki, GUAM fəaliyyət göstərir" - deyə Fesenko sammitin nəticələrini şərh edərkən bildirib. "Çoxları qurumun tezliklə siyasi cəhətdən öləcəyini iddia edirdilər. Bəziləri GUAM-ı süni birlik hesab etsələr də, təşkilat irəliləyir və Bakı sammitinin nəticələri bunu sübut edir. GUAM müəyyən perspektivə malikdir. Bu potensialdan istifadə etmək lazımdır. Hər şey siyasi və iqtisadi maraqların nə dərəcədə uyğunlaşacağından asılıdır. Kifayət qədər uzun müddət GUAM sırf siyasi müstəvidə mövcud olub. İndi müəyyən mənada bu təşkilatın potensialının reallaşa bilməməsi isə məhz iqtisadi dolğunluğun olmaması ilə bağlıdır. İqtisadi təşəbbüslər reallaşmağa başlayan anda düşünürəm ki, həm quruma diqqət artacaq, həm də potensialı artacaq" - deyə Fesenko vurğulayıb.

GUAM üzvlərinin Odessa-Brodı-Qdansk neft kəməri layihəsinin reallaşması ilə bağlı qərarına gəldikdə isə Fesenko qeyd edib ki, böyük investisiyalardan əlavə bu layihəyə təkcə Polşanın yox, digər Avropa dövlətlərinin marağı olmalıdır. Hazırda bu dövlətlər prinsip etibari ilə tərəddüd edirlər. "Bundan əlavə, Xəzər dənizinin o biri tərəfindəki dövlətlərin də maraqlarını nəzərə almaq lazımdır. Sirr deyil ki, son zamanlar Rusiya Orta Asiyada kifayət qədər aktiv işləməyə başlayıb. Bu ölkə böyük enerji layihələrinin reallaşmasına Qazaxıstan, Türkmənistan və digərilərini cəlb edir. Burada da siyasi və iqtisadi maraqların balansını axtarmaq lazımdır" - deyə politoloq bildirib. Fesenko qeyd edib ki, əgər GUAM layihəsi antirusiya kimi gerçəkləşdirilsə, çox sayda problemlər peyda ola bilər. Ona görə də o hesab edir ki, bir tərəfdən bu layihələrin Rusiya əleyhinə kimi qəbul olunmaması üçün onların ətrafındakı siyasi gərginliyi aradan qaldırmaq lazımdır. Digər tərəfdən isə ilk növbədə Avropa dövlətlərinin hesabına potensiallı iştirakçıların dairəsini genişləndirmək gərəkdir.

Fesenkonun fikrincə, GUAM çərçivəsində müəyyən təşəbbüslər və konkret anlaşmalar var. Lakin onların gerçəkləşdirilməsinin qarşısını alan kifayət qədər problemlər mövcuddur. Belə problemlərə politoloq Ukraynadakı siyasi böhranı, Rusiyanın əsəbiliyini aid edib. "Konkret olaraq GUAM çərçivəsində sülhməramlı kontingentin yaradılması təşəbbüsü Moskva tərəfindən Rusiyanın postsovet məkanında əleyhinə yönəlmiş təşəbbüs kimi nəzərdən keçiriləcək, yaxud da artıq keçirilir... Zənnimcə, GUAM-la MDB arasında balans axtarmaq lazımdır. Bundan əlavə, GUAM-ın regional təhlükəsizlik təşəbbüslərinin reallaşdırılması da təşkilatın gələcəyinə təsir göstərəcək".

Xəbər lenti

Xəbər lenti