...

Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri: "QHT-lər dövlətdən maliyyə alarkən hər hansı öhdəlik götürməyəcək"

Siyasət Materials 3 Avqust 2007 14:56 (UTC +04:00)
Azərbaycan Prezidentinin İcra Aparatının şöbə müdiri: "QHT-lər dövlətdən maliyyə alarkən hər hansı öhdəlik götürməyəcək"

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Azərbaycanda qeyri-hökumət təşkilatları (QHT) dövlətdən maliyyə alarkən, hər hansı öhdəlik götürməyəcək. Yalnız təqdim etdiyi layihələrin həyata keçirilməsinə məsuliyyət daşıyacaqlar. Qalan məsələlərdə isə QHT-lər nizamnamələri və fəaliyyət prinsipləri çərçivəsində öz işlərini quracaqlar. Bu baxımdan dövlətdən ayrılan maliyyə QHT-lərin müstəqilliyinə xələl gətirməyəcək. Bu barədə cümə günü Trend ə müsahibəsində Azərbaycan prezidentinin İcra Aparatının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov prezidentin imzaladığı QHT-lərlə əməkdaşlıq və QHT-lərin inkişafı ilə bağlı dövlət konsepsiyasını şərh edərkən məlumat verib. Onun sözlərinə görə, prezidentin imzaladığı sərəncamın mahiyyəti ondan ibarətdir ki, heç bir ölkədə dövlət hər işi görə bilmir, bütün sahələrə eyni diqqəti yetirə bilmir. Amma sahələr üzrə yaradılan QHT-lər mövcud sahə ilə məşğul olduğundan, oradakı problemlərin həllinə daha çevik nail ola bilir. Yaradılacaq fond da müxtəlif mənbələr hesabına qrant fondu olacaq. Bu fondun idarəçiliyində də şəffaflıq gözləniləcək. Həsənov bildirib ki, fondun maliyyəsi əsasən büdcədən ayrılacaq, ancaq digər vasitələr hesabına da maliyyələşdirmə həyata keçiriləcək. "Hazırda bunun üzərində iş aparılır və fondun əsasnaməsində mənbələr göstəriləcək" - deyə Həsənov əlavə edib. Prezident Aparatının rəsmisi hesab edir ki, dövlətdən maliyyələşmə QHT-lərin beynəlxalq təşkilatlarla qrant layihələrinə maneə törətməyəcək. "QHT-lər öz fəaliyyətlərində sərbəstdirlər. Onlar Azərbaycan qanunvericiliyinə zidd olmayan, milli maraqlara xələl gətirməyən istənilən fəaliyyətlə məşğul ola bilərlər" - deyə Həsənov bildirib.

Onun sözlərinə görə, QHT-lərlə iş üzrə dövlət qurumunun yaradılması mütləq şəkildə üçüncü sektorun inkişafına təkan verəcək. "Azərbaycan dövlətinin yürütdüyü daxili siyasətin əsas mahiyyəti ölkədə vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsi və onların fəaliyyətini stimullaşdırmaqdan ibarətdir. Ona görə də yaradılacaq qurum bu sahədə müvafiq işlər görəcək, QHT-lərlə dövlət qurumları arasında münasibətlərin intensivləşməsinə, onların dövlətin inkişafı ilə bağlı müxtəlif sahələr üzrə layihələrə cəlb olunmasına təkan verəcək" - deyə Prezident Aparatının rəsmisi bildirib.

Həsənov deyib ki, iki ay müddətində Prezidentin İcra Aparatı müxtəlif variantlarda təkliflərini dövlət başçısına təqdim edəcək. Təkliflərin hazırlanması işinə QHT-lər də cəlb edilib. Onlardan daxil olan təkliflərə də baxılır.

"Düşünürəm ki, göstərilən müddətdə qurumun yaradılması ilə bağlı təkliflər ortaya qoyulacaq" - deyə Həsənov əlavə edib.

Xəbər lenti

Xəbər lenti