...

Hüquq müdafiəçisi: "Məhkumlar arasında ruhi xəstələr çoxdur"

Cəmiyyət Materials 31 Oktyabr 2007 17:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Hər həbsxanada məhkumların altmışı ruhi xəstədir. Bu bəyanatla çərşənbə günü Dilarə Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlumat verib.

Hüquq müdafiəçisi bildirib ki, bir müddət əvvəl bir qrup hüquq müdafiəçisi bir neçə həbsxanada monitorinq keçirib və xəstə məhkumlarla bağlı çoxsaylı pozuntular aşkarlanıb. Hüquq müdafiəçisi aşkarlanan pozuntularla bağlı konkret məlumat verməib. O bildirib ki, yaxın günlərdə monitorinqin nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Cəfəroğlu ruhi xəstələrin digər məhkumlar üçün təhlükə yaratdığını bildirib. O bildirib ki, məhkumlar arasında SPİD, vərəm xəstələri, narkomanlar çoxdur.

Ədliyyə Nazirliyinin Baş Səhiyyə İdarəsinin rəisi Rəfael Mehdiyev Trend ə açıqlamasında qeyri-hökumət təşkilatlarının verdiyi məlumatın həqiqəti əks etdirmədiyini bildirib. İdarə rəisi indiyədək heç bir QHT-nin onlardan bu xəstəliklərlə bağlı statistik məlumat istəmədiyini deyib.

Ruhi xəstə məhkumların sayı barədə məlumat verməyən Mehdiyev məhkəmələrin qərarı ilə məcburi müalicəyə göndərilən ruhi xəstələrin sayının çox az olduğunu qeyd edib.

Ruhi xəstə məhkumların müalicəsinə toxunan Mehdiyev bildirib ki, bu xəstəliyin remissiya və kəskinləşmə mərhələləri var: "Remissiya mərhələsində şəxs normal vəziyyətdə olur. Xəstə məhkumlarda kəskinləşmə olarsa, onlar Penitensiar Xidmətin Müalicə Müəssisəsinin ruhi xəstəliklər şöbəsinə köçürülür. Satasionar müalicədən sonra məhkumlar yenidən cəza çəkdikləri müəssisəslərə qaytarılırlar".

Penitensiar Xidmətin Baş İdarəsinin şöbə rəisi Mehman Sadıqov bildirib ki, məhkəmənin qərarı ilə məcburi müalicəyə cəlb olunmuş məhkumlar Müalicə Müəssisəsində saxlanılır.

Şöbə rəisi hesab edir ki, ruhi xəstə məhkumlar üçün ayrı müəssisənin olması daha məqsədəuyğun olardı.

İdarə rəisi Mehdiyev vərəmli məhkumların müalicəsi ilə bağlı məlumat verib. O, hazırda 600-ə yaxın məhkumun vərəmdən müalicəyə cəlb olunduğunu bildirib.

Mehdiyev bildirib ki, vərəmin müalicəsi, mülki sektordan fərqli olaraq, Penitensiar Xidmətdə daha sistemli aparılır. "Mülki sektorda vərəmin resident formasının müalicəsi aparılmadığı halda, bu ildən Penitensiar Xidmətdə resident vərəmli məhkumların müalicəsinə başlanılıb", -deyə idarə rəisi qeyd edib.

Mehdiyevin sözlərinə görə, 130-a yaxın residentli vərəmli məhkum var və onlardan 54-ü "DOTS+" proqramı çərçivəsində müalicəyə cəlb olunub.

İdarə rəisi bildirib ki, həbsxanalarda vərəmin müalicəsi üçün Ədliyyə Nazirliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi, Ümumdünya Səhiyyə Təşkilatı və "Qlobal Fond"arasında əməkdaşlıqdan sonra, vərəmli məhkumların sayı kəskin azalıb. Bu xəstəlikdən ölən məhkumların sayı 1996-97-ci illərlə müqayisədə, 14 dəfə azalıb. Mehdiyev vərəmli məhkumlar arasında ölümün sayı barədə məlumat vermək istəməyib.

Məhkumlar arasında vərəmin müalicəsi məqsədilə, 1996-cı ildə Ədliyyə Nazirliyi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi, Ümumdünya Səhiyyə Təşkilatı və "Qlobal Fond"arasında saziş bağlanıb və həmin vaxtdan vərəmli məhkumların saxlandığı 3 saylı müəssisədə "DOTS" proqramı həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti