Azərbaycan, Bakı, 15 noyabr /müx. TrendLife Günel Əhmədova/
Bu günlərdə Bakıya səfər edən özbəkistanlı müğənni Şirəli Çorayevlə görüşən müğənni Aybəniz Haşımova ondan bir sıra yaradıcılıq təklifləri alıb. Öyrəndik ki, onlar həm bir filmdə oynayacaqlar, həm də bir səhnəni bölüşəcəklər. TrendLife-ın müxbiri ilə söhbətində Aybəniz xanım bir sıra mətləblərə aydınlıq gətirdi. Eksklüziv məlumatları bizə danışan müğənni dedi ki, əslində, özbəkistanlı müğənni ilə onun yaradıcı tanışlığı 1987-ci ildə başlayıb:
-Özbəkistan kinematoqrafçıları 1987-ci ildə Bakıya kino çəkməyə gəlmişdilər. "Şirəli və Aybarçin" adlanan filmin ikinci hissəsini Azərbaycanın şahlıq dövrü əhatə edirdi. Filmin birinci hissəsi Özbəkistanda lentə alınmışdı. Yaradıcı heyətin təklifi ilə, filmdəki şahzadə Aybarçinin obrazı mənə həvalə olundu. Həmin hissədə Azərbaycanlı şahzadə yə vurulan Şirəlinin mübarizəsi qələbə ilə bitir. O, sevdiyi Aybaçinə qovuşur. Film bütün dünyada məşhur idi. Hələ sovetin dövründə ekran işi yüksək məbləğdə satışa çıxarılaraq, 70-ə yaxın ölkəni dolaşmışdı.
-20 ildən sonra "Şirəli" ilə "Aybarçin"i nə birləşdirdi?
-Şirəli Çorayev hansısa yaradıcılıq işi ilə bağlı, Bakıya səfər etmişdi. Səfəri zamanı mənim sorağıma çıxıb. Dostlarının köməyi ilə biz görüşdük. Söhbətdən sonra bu qənaətə gəldik ki, 20 il bundan əvvəl təməli qoyulan yaradıcılıq əməkdaşlığımızı yenidən davam etdirək.
-Bu, nədən ibarət olacaq?
- Filmin davamının çəkilməsi üçün danışıqlar aparmışıq. Yaxın aylarda çəkilişlərin aparılması planlaşdırılıb. Yaradıcı qrup çəkilişləri Özbəkistan, Azərbaycan ,İran və İraqda aparmağı düşünür. Mənim iştirak etdiyim hissələr isə, yenə Azərbaycanda çəkiləcək.
-Üçüncü hissə Şirəli ilə Aybarçinin sonrakı taleyi ilə bağlı olacaq?
-Bəli, lakin ssenari hələ tam hazır olmadığından, bircə onu deyə bilərəm ki, ssenari müasirləşdiriləcək və bu günümüzlə ayaqlaşacaq bir ekran işi ərsəyə gətiriləcək.
-Qızınızla oxşarlığınız çoxdur. Onu da filmə cəlb etmək fikriniz var?
-Əslində, bu barədə konkret mövqe söyləyə bilmərəm. Hər şey filmin ssenari müəllifi və rejissorundan asılıdır. Qızım dəvət alsa, çəkilməsinə mane olmayacağam.
-Aybəniz xanımın tarixi filmdə çəkilməsi təsadüfi olub?
-Yox. Mən orada müğənni kimi iştirak etmişəm. Ssenariyə uyğun olaraq, mən gözəl səsli müğənni oluram və sarayda çalışıram. Şirəli ilə Aybarçin bir-birini sarayda görür və vurulur. Daha sonra Aybarçin Şirəli şahın arvadı olur. Onların sonrakı taleyi, macəraları növbəti bölümdə əksini tapacaq.
-Şirəli Çorayevlə konsert proqramınız nə vaxta gözlənilir?
- Konsert yaxın aylara nəzərdə tutulub.. Əvvəlcə konsert Özbəkistanda təşkil olunacaq. Hələ ki, danışıqlar gedir.Təşkilati işləri Şirəli Çorayev öz üzərinə götürüb. Bununla bağlı yaxın həftələrin birində Özbəkistana səfərim gözlənilir.
-Bakıda necə , konsert olacaq?
-Dəqiq söyləyə bilməyəcəm. Çünki bu işdə mənə dəstək olmalıdır. Əgər hər hansı təşkilatçı bunu müştərək layihə şəklində ərsəyə gətirmək təklifi versə, yaxın aylarda konserti burada keçirə bilərəm.Konsert vermək yüksək məbləğ tələb edir. Mənim maliyyə imkanlarım isə buna yetmir.
-Yeri gəlmişkən, bacınız Şahnaz Haşımova haqqında çəkdiyiniz filmi nə vaxt təqdim edəcəksiniz?
- Filmin son tamamlama işləri ilə məşğuluq. Cəmi 2-3 saatdan sonra film təqdimata hazır olacaq. Xatırladım ki, "Kəsmə-şikəstə" adlanan filmdə mən Şahnaz xanımın həyat və yaradıcılığını işıqlandırmışam. Yaxın günlərdə sənədli ekran işi mətbuat işçilərinin mühakiməsinə veriləcək.