...

Azərbaycanlı zabitin öz ölkəsinə verilməsi məsələsi ədliyyə nazirinin Macarıstana səfəri zamanı müzakirə olunacaq - ədliyyə nazirinin müavini

Cəmiyyət Materials 22 Noyabr 2007 12:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir K.Zərbaliyeva/ Erməni zabitini qətlə yetirdiyi üçün Budapeşt məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan zabitinin cəza çəkməsi üçün öz ölkəsinə verilməsi məsələsi Azərbaycanın ədliyyə nazirinin Macarıstana səfəri zamanı müzakirə olunacaq. Bu barədə çümə axşamı jurnalistlərə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Nazim Ələkbərov məlumat verib.

Azərbaycan Ordusunun zabiti Ramil Səfərov 2004-cü ilin fevralında erməni zabiti Qurgen Markaryanı qətlə yetirdiyi üçün Budapeşt şəhər məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. Bu hökmdən verilən apellyasiya şikayəti də təmin olunmayıb. Onun cəzasını çəkmək üçün öz ölkəsinə verilməsi ilə bağlı Ədliyyə Nazirliyi Macarıstanın Ədliyyə Nazirliyinə müraciət edib.

Səfərov barəsində ikinci məhkəmə hökmü olduğu üçün və bu hökm qanuni qüvvəyə minmədiyi üçün onun Azərbaycana verilməsi prosesi gecikir.

Saxlandığı İstintaq Təcridxanasının nəzarətçilərinə tabe olmamaqda ittiham olunan Səfərova ötən il noyabrın 17-də Budapeştin rayon məhkəməsinin hökmü ilə 8 ay şərti iş verilib.

Ədliyyə Nazirliyindən isə Trend ə bildirilib ki, Macarıstanla Azərbaycan Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında saziş razılaşdırılıb. Sənədin iyunun 6-8-də Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədovun Macarıstana səfəri zamanı imzalanması nəzərdə tutulmuşdu. Lakin bir müddət öncə Macarıstanın ədliyyə nazirinin vəzifəsindən kənarlaşdırılması ilə əlaqədar olaraq nazirin səfəri qeyri-müəyyən vaxtadək təxirə salınıb. Hazırda Azərbaycanın Macarıstandakı səfirliyi bu səfərin vaxtının müəyyənləşdirilməsi istiqamətində müvafiq işlər həyata keçirir. Əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin məhkəmə, ədliyyə orqanları arasında təcrübə mübadiləsi, qanunvericilik layihələrinin mübadiləsi və s. məsələlər əhatə olunacaq.

Xəbər lenti

Xəbər lenti