Azərbaycan, Bakı, 27 fevral / Trend , Q.Cəbiyev/ "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Alqış Həsənoğlu vəzifəsindən uzaqlaşdırıldıqdan sonra, bu vəzifəyə hələ ki, heç kim təyin olunmayıb. Bu barədə Trend a Yeni Azərbaycan Partiyasının mətbuat xidmətindən məlumat verilib. Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev "Yeni Azərbaycan" qəzetinin baş redaktorluğunun YAP icra katibinin müavini Mübariz Qurbanlıya həvalə edilməsilə bağlı yayılan məlumatları təkzib edib. Paşayev onu da qeyd edib ki, bu vəzifənin kimə tapşırılacağı haqqında dəqiq məlumat yoxdur. Bu barədə yaxın günlərdə mütbuata məlumat veriləcək.
YAP-ın İdarə Heyətinin cümə axşamı keçirilən iclasında "Yeni Azərbaycan" qəzetinin fəaliyyəti təhlil edilib. Müzakirələr zamanı yekdil qərara gəlinib ki, Alqış Həsənoğlunun qəzetin baş redaktoru kimi fəaliyyəti qeyri-qənaətbəxşdir. Ona görə də Həsənoğlunun tutduğu vəzifədən azad edilməsi barədə qərar çıxarılıb.
"Yeni Azərbaycan" qəzeti hakim Yeni Azərbaycan Partiyasının mətbu orqanıdır.
Alqış Həsənoğlu 2000-2005-ci illərdə Milli Məclisin deputatı ,11 il "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olub.