Azərbaycan, Bakı, 18 aprel /müx. TrendLife Safura/
Doğma Azərbaycanımızın müxtəlif bölgələrində çox sayda özəl telekanallar fəaliyyət göstərir. Elə paytaxtımızda onların sayı hələ ki, altıdır. Hər telekanalın öz auditoriyası olsa da, son zamanlar demək olar ki, onların hamısına şou əhli daimi qonaqdır. Hətta müğənnilər, bəzi aktyor və aktrisalar da artıq telekanallarda aparıcı qismində çıxış edirlər. Kifayət qədər aparıcıları olan telekanalların müğənnilərə, aktyorlara olan tələbatının artmasının müxtəlif səbəbləri var. Telekanallar daha baxımlı olmaq üçün tanınmış müğənnilərə iş təklif edərək, onların vasitəsi ilə tamaşaçı auditoriyasını artırmağa çalışır. Dəvətli müğənnilər də artıq populyar olmalarına baxmayaraq, gündəlik və ya həftəlik verilişlər ilə tamaşaçı qarşısına çıxmağa məmnuniyyətlə razılıq verirlər. Hətta son vaxtlar şou əhli arasında rəqabət də yaranıb. Kim yeni veriliş açacaq, kimin verilişi maraqlı olacaq, reytinq toplayacaq və s. söhbətlər artıq müğənnilərin əsas mövzularından birinə çevrilib. Bir-birinin bəhsinə bir-birindən maraqsız və mənasız vilişlər ilə tamaşaçıları bezdirən sənətçilər göz yormaqdan deyəsən heç qorxmurlar. Onsuz da telekanallardan düşməyən, gah bu, gah o kanalda tez-tez görünən, ifası ilə deyil, qalmaqalları ilə tamaşaçı diqqətini cəlb edərək, yadda qalan müğənniləri görməkdən bezən tamaşaçılar az deyil. Bu gedişlə müğənnilər rəğbət yox, özlərinə qarşı ikrah qazanacaqlar. Hətta bəzi müğənnilər belə sənətçiləri başa düşmədiyini deyərək, öz iradlarını TrendLife-a bildirdilər.
Onların arsında müğənni Mətanət İsgəndərli də var: "İndi hansı telekanalı açırsan ki, maraqlı bir verilişə baxasan, görürsən, elə aparıcılar da axşam sənin ilə bir məclisdə olan sənətçilərdir. Mən anlamıram, müğənninin aparıcı olmasına nə ehtiyac var. Xüsusi ilə populyar müğənnilərin. Tutaq ki, telekanallar onlara təklif edir. Özünə hörmət edən, sənəti ilə məşğul olan müğənni heç vaxt bu təklifi qəbul etməz. Müğənnilər jurnalist deyillər. Onlar savadlı müğənni olsalar da, savadlı aparıcı ola bilməzlər. Televiziyaya baxan insanlar onların hər üzünü görür. Tamaşaçılar üçün bu sənətçilərin maraq doğuracaq nəyi isə qalmır. Hətta sizi inandırım ki, bir çoxları tamaşaçını qoyulan mövzu ilə deyil, öz geyimi, danışıq tərzi, mənasız atmacaları ilə cəlb edir. Mən başa düşürəm ki, bu telekanalların xeyrinədir. Auditoriya çoxalır. Lakin hansı auditoriya? Aşağı səviyyəli insanlar səviyyəsiz verilişlərə baxır. İndi demək olar ki, coxları peyk antenaları vasitəsi ilə xarici kanallara baxır. Bizdə baxmalı nə qalıb ki?"
Mətanət xanımın fikri ilə razı olmayan sənətkarlar da var. Elə şair Baba Vəziroğlu belələrindəndir: "Mənim fikrimcə, sənət adamları sənət barədə verilişləri daha yaxşı apara bilər. Əlbəttə, bunu bütün müğənnilərə şamil etmək olmaz. Bu iş ilə artıq uzun müddət sənətdə olan, tanınmış, tamaşaçılar qarşısında hörmət qazanmış, sənətdən anlayışı olan, savadlı sənətkarlar məşğul olarsa, bunun nəyi pisdir. Elə götürək Nisə Qasımovanı, məgər onun apardığı verilişi səviyyəsiz adlandırmaq olar. Əsla yox. Bu xanımın aparıcı qismində çıxışı məni çox məmnun edir. Nisə xanım bir çox aparıcılardan yaxşı veriliş aparır. Təki başqa müğənnilər, hətta mən deyərdim bir çox aparıcılar elə onun kimi olsunlar".
Telekanallarda müğənnilərin aparıcılıq etməsi hər kəs tərəfindən bir cürə qarşılanır. Kimi bunu alqışlayır, kimi isə əksinə. Lakin mənim fikrimcə, artıq populyar olan müğənnilərin aparıcılığı uzun sürməyəcək. Bu sadəcə qısaömürlü verilişlərin yaranıb, sonra da sıradan çıxması ilə nəticələnəcək. İllərin təcrübəsi buna sübutdur. Vaxtı ilə Brilliant Dadaşova, Aygün Kazımova, Ağadadaş Ağayev, aktrisa Məleykə Əsədova, Nisə Qasımova, Nüşabə Ələsgərli və bir çox sənətçilər müxtəlif telekanallarda, müxtəlif verilişlərə aparıcılıq ediblər. Lakin bu verilişlərin ömrü uzun olmayıb. Hazırda da televiziyalarda aparıcılıq edən çox sənətçilərin adını çəkmək olar. Bu sırada Nisə Qasımova, Brilliant Dadaşova, Faiq Ağayev, müğənni Röya, Sənubər İsgəndərli də var. Bəzi verilişlərdə hətta qoyulan və müzakirə olunmalı mövzular bir kənara qalır, gələn qonaqlar aparıcının tərifinə başlayırlar. Brilliant xanımın qonaqları onu o qədər tərif edir ki, veriliş yaddan çıxır. Yəqin ki, sənət aləmində olanların öz populyarlıqları özlərinə bəs etmir. Bu səbəbdəndir ki. necə olursa-olsun ekranda görünmək istəyirlər. Hətta verilişlərinin qusaömürlü olacağını billə-bilə. Onu da əlavə edim ki. artıq aktyor və aktrisalar da tamaşaçıların qarşısına aparıcı qismində çıxırlar. Arif Quliyev bir telekanaldan başqasına keçərək, bir neçə verilişin aparıcısı olsa da, hazırda yenə öz sənəti ilə-aktyorluqla məşğul olur. Nə var elə sənətdə var. Sənətkarlar isə sənəti ilə sevilib yadda qalmalıdırlar, müvəqqəti verilişlərlə yox. Bu mənim subyektiv fikrimdir. Razılaşmaya da bilərsiniz. Amma fakt fakt olaraq qalır. Ulduzların ulduz xəstəliyinin müalicəsi yoxdur.