Azərbaycan, Bakı, 27 may /müx. TrendLife Nigar Musayeva/
Hazırda İnternet istifadəçilərinin sayı artıb. Demək olar ki, insanlar yaşam tərzini iki hissəyə bölüblər. Bəziləri real, bəziləri isə virtual həyatla yaşır. Bəs görəsən, şou-biznes nümayəndələrinin virtual aləmlə araları necədir?
Müğənni Almaz Ələskərova: "Mən fəal şəkildə İnternetdən istifadə edirəm. Hər gün də olmasa, gün aşırı saytlara girirəm. Əsasən xarici saytlarla maraqlanıram. Xarici şou-biznes nümaynədələrinin həyatları, yaradıcılığında olan yeniliklər mənə çox maraqlıdır. İnternetlə tanışlığım 2000-ci ildə olub. İnternet haqqında çox şey danışa bilərəm, sadəcə olaraq hazırda qızımın yanındayam. Londona bir az istirahət etməyə gəlmişəm. İstəmirəm iş haqqında danışım.
Aktyor Firdovsi Atakişiyev: "Mənim İnternetlə tanışlığım Rus Dram Teatrının saytının açılışı zamanı olub. İnternetə ona görə daxil oldum ki, görüm orada nələr var. Bu prosesi doğrusu oğlum həyata keçirmişdi. Əlbətdəki indi artıq özüm də İnternetdən istifadə etməyi bacarıram. Lakin çox nadir hallarda virtual aləmə daxil oluram. Çünki hansısa sayta daxil olmaq üçün bir qədər gözləməlisən. Mənim isə buna səbrim çatmır. Oğlum Almaniyada oxuduğu üçün arada emeyilimi yoxlayıram. Ordan şəkillərini mənə göndərir. Yoxsa belə heç bir saytda qeydiyyatdan keçməmişəm.
Müğənni Elnur: "İnternetə münasibətim müsbətdir. Virtual aləmlə tanışlığım altı il bundan əvvəl, institutun ikinci kursunda oxuyarkən baş vermişdi. Düzdür indi vaxt azlığından İnternetə daxil ola bilmirəm. Son vaxtlar kimsə mənim adımdan "odnoklassnikov" saytında qeydiyyatdan keçib. Əslində isə o saytın nə olduğundan xəbərim yoxdur.
Rejissor, Muğam Teatrının direktoru Arif Qazıyev: " Mənim səbrim yoxdur ki, İnternetdə baş verənlərlə maraqlanım. Mənə elə gəlir ki, virtual aləm insanın həm əsəb sisteminə, həm də sağlamlığına mənfi təsir göstərir. İnternetdən ən çox nəvələrim istifadə edir.
Müğənni Suli: "Əlbəttəki virtual aləmlə maraqlanıram. İşlə əlaqədar, dostlarımla məktublaşıram. Lakin heç cürə yadıma sala bilmirəm ki, İnternetlə necə tanış olmuşam. Yerigəlmişkən, hazırda şəxsi saytım hazırlanır. Bu yaxınlarda saytıma təqdimat mərasimi də keçirməyi düşünürəm.