...

Azərbaycanın futbol mütəxəssisləri bu gün Serbiya klubu ilə görüşəcək "İnter"in şanslarını aşağı qiymətləndiriblər

Cəmiyyət Materials 29 İyul 2008 16:17 (UTC +04:00)
Azərbaycanın futbol mütəxəssisləri bu gün Serbiya klubu ilə görüşəcək "İnter"in şanslarını aşağı qiymətləndiriblər

Azərbaycan, Bakı 29 iyul / Trend , müxbir R.Ergün/ Azərbaycanın "İnter" futbol klubunun Çempionlar Liqası çərçivəsində Serbiyanın "Partizan" komandası ilə görüşdə yeganə üstünlüyü oyunun Bakıda keçirilməsidir. Çərşənbə axşamı Trend -un keçirdiyi sorğuda iştirak edən futbol mütəxəssisləri "İnter" - "Partizan" oyunundan əvvəl hər iki komandanın şanslarını qiymətləndiriblər.

"İnter" Çempionlar Liqasının ikinci mərhələsi çərçivəsində "Partizan"la ilk oyununu bu gün keçirəcək. Görüş Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 19.00-da başlayacaq.

Azərbaycanın futbol üzrə yığma komandasının keçmiş baş məşqçisi Vaqif Sadıqov bildirib ki, "İnter" Serbiya klubu ilə görüşdə mütləq qol vurmalıdır. "Partizan çox güclü rəqibdir. "İnter"in ən böyük üstünlüyü bu oyunu Bakıda keçirməsidir. Bakı klubu təkcə bu oyunu yox, Serbiyada keçiriləcək cavab görüşünü də nəzərə almalıdır", - deyə mütəxəssis əlavə edib.

Azərbaycan yığma komandasının digər keçmiş baş məşqçisi Şahin Diniyev "İnter"in qələbə qazanmaq şansının çox az olduğunu deyib: "İnter" Bakıda oynasa da, rəqibi çox güclü komandadır. Bakı komandasının oyununda çatışmayan cəhətlər çoxdur. Bu görüşdə "Partizan"ın qələbə qazanmaq şansını 65, "İnter"də isə 35 faiz görürəm".

Azərbaycanın gənclərdən ibarət (U-21) yığma komandasının keçmiş baş məşqçisi Şakir Qəribov hesab edir ki, "İnter"in ən böyük problemi sabit oyun göstərə bilməməsidir: "İnter"in yeni futbolçularının komandaya uyğunlaşmaqla bağlı problemləri var. Bu görüşdə ustalıq öz sözünü deyəcək. Təəssüf ki, "İnter"dən fərqli olaraq, sabit çıxış edən "Partizan"da usta futbolçular daha çoxdur".

Azərbaycan komandası Çempionlar Liqasının birinci mərhələsində Makedoniyanın "Rabotniçki" klubu ilə görüşərək, səfərdə vurduğu qola görə mərhələni keçib (0:0, 1:1).

"İnter" komandasının baş məşqçisi Ukraynadan olan Valentin Xodukindir.

Xəbər lenti

Xəbər lenti