...

Azərbaycana vizasız daxil olan şəxslərin ölkədə qalma müddəti 90 günlə məhdudlaşdırılıb – Prezident Aparatının şöbə müdiri

Cəmiyyət Materials 8 Avqust 2008 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Azərbaycana vizasıza daxil olan şəxslər əvvəlcədən müvəqqəti yaşayış müddətlərini uzatmasalar və ya müvəqqəti yaşayış üçün icazə almasalar, ya da belə icazənin alınması üçün ərizə verməsələr, onların ölkədə qalma müddəti 90 günlə məhdudlaşdırılıb. Bu barədə cümə günü Prezidentin İcra Aparatının Hüquq-Mühafizə Orqanları ilə İş üzrə Şöbə müdiri Fuad Ələsgərov Trend -a məlumat verib.

Onun sözlərinə görə, 30 gündən artıq müddətə ölkəyə gələn bütün əcnəbilər və vətəndaşlığı olmayan şəxsər üç gün ərzində daxili işlər orqanlarında yaşayış yeri üzrə qeydiyyatdan keçməlidirlər.

Viza ilə Azərbaycana daxil olan şəxslər vizada göstərilən müddət ərzində ölkədə yaşaya bilərlər. Yəni viza birillik verilibsə və onda əcnəbinin ölkədə 90 gün yaşaya biləcəyi göstərilibsə, o zaman 90 gün başa çatdıqdan sonra, qanunvericiliyin müəyyən etdiyi qaydada, ölkədə müvəqqəti yaşayış müddəti uzadılmazsa, o, Azərbaycanı tərk etməlidir. Dövlət Miqrasiya Xidməti əcnəbinin ölkədə müvəqqəti yaşama müddətini uzadarsa, Xarici İşlər Nazirliyi onun vizasının müddətini uzadır.

Ələsgərovun bildirdiyinə görə, bu qayda xarici diplomatik nümayəndəliklər, konsulluq və beynəlxalq təşkilat nümayəndəliklərinin əməkdaşları, onların ailə üzvləri, həmçinin, xüsusi diplomatik missiya ilə Azərbaycanda olan əcnəbilərə şamil olunmur və onlar üçün başqa qayda müəyyən edilib.

Bu şəxslərin ölkədə yaşadıqları 90 günlük müddət "Miqrasiya haqqında" Qanun qüvvəyə mindikdən sonra - yəni avqustun 7- dən hesablanacaq.

Müvəqqəti yaşamaya dair icazəni Dövlət Miqrasiya Xidməti verir. Lakin belə icazə alındıqdan sonra, daxili işlər orqanlarında yaşayış yeri üzrə qeydiyyatdan keçmək lazımdır.

"Qanunda nəzərdə tutulan əsaslar olarsa, o zaman müvəqqəti yaşayış müddətinə dair icazə bir il müddətinədək verilə bilər. İcazənin müddəti 4 dəfədən çox olmayaraq, hər il artırıla bilər", - prezident Aparatının şöbə müdiri bildirib.

Əcnəbi Azərbaycan vətəndaşı ilə yaxın qohumluq münasibətlərində və ya Azərbaycan vətəndaşı ilə nikahda olarsa, ya da Azərbaycan iqtisadiyyatına sərmayə yatırarsa və ya Azərbaycan banklarında Nazirlər Kabinetinin müəyyən etdiyi həcmdə əmanətə malikdirsə, həmçinin, "Əmək miqrasiyası haqqında" Qanunun müəyyən etdiyi qaydada, ölkədə əmək məşğuliyyətinə dair fərdi icazə alıbsa, Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırsa və ya iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və s. kimi sahələrdə yüksək ixtisaslı mütəxəssisdirsə, ona icazə verilə bilər.

Azərbaycanda müvəqqəti yaşayış üçün icazə aşağıdakı hallarda verilmir, əvvəllər verilən icazə isə ləğv edilir:

- əcnəbinin müvəqqəti yaşayışı milli təhlükəsizlik maraqları və ictimai qayda- qanuna zərər yetirə bilərsə;

- şəxs saxta sənədlər və ya yalan məlumatlar təqdim edibsə;

- şəxsin onun şəxsiyyətini təsdiqləyən sənədləri yoxdursa;

- şəxs təhlükəli virus xəstəliyinin daşıyıcısıdırsa;

- şəxs əvvəllər ölkədən çıxarılıbsa;

- müvəqqəti yaşayış üçün icazənin verilməsinə xidmət etmiş nikah etibarsız hesab edilibsə;

- şəxsin Azərbaycanda yaşaması aruzolunmaz hesab edilibsə.

Şəxsə Qanunda nəzərdə tutulan digər hallarda da rədd cavabı verilə bilər.

Dövlət Miqrasiya Xidməti ölkədə qanuni əsaslarla 2 ildən çox müddətdə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərə daimi yaşayış barədə icazə - daha doğrusu, mühacir statusu verə bilər. Beləliklə, mühacir statusu Dövlət Miqrasiya Xidmətinin müvafiq qərarı ilə təsdiqlənir. Daimi yaşayış hüququ 5 il müddətinə verilir. Bu müddət başa çatdıqdan sonra icazə daha 5 il uzadıla bilər və qanuni əsaslar olduğu halda belə uzatmaların müddəti məhdudlaşdırılmır.Mühacir statusu alan şəxs daxili işlər orqanlarında yaşayış yeri üzrə qeydiyyatdan keçməlidir və bu halda ona Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin qeydiyyat vəsiqəsi verilir.

Xəbər lenti

Xəbər lenti