...

Bakıda partlayış zamanı dağılan binanın üç bloku söküləcək və yerində yenisi tikiləcək

Cəmiyyət Materials 29 Dekabr 2008 10:49 (UTC +04:00)
Bakıda partlayış zamanı dağılan binanın üç bloku söküləcək və yerində yenisi tikiləcək

Azərbaycan, Bakı, 29 dekabr, / Trend müxbir S.Kazımlı/ Bakıda partlayış zamanı dağılan binanın bir hissəsi söküləcək və yerində yenisi tikiləcək, bu barədə Nizami rayon icra hakimiyyətinin başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Ərrəhman Həsənov  bazar ertəsi Trend -a məlumat verib.

"Partlayış zamanı ciddi ziyan dəyən altı bloklu binanın üç bloku söküləcək" Həsənov deyib.

Trend -un arayışı: Dekabrın 13-də səhər saat 08:23 radələrində Nizami rayonu, Naxçıvanı 34 ünvanında, ticarət mərkəzinin qarşısında yerləşən yaşayış binasında partlayış baş verib. Hadisə zamanı ölən Tamila Əlirzayevanın və Vitalik Balametovun meyitləri dağıntılar altından çıxarılıb, xəsarət alan Əlirzayeva Aylin, Qurbanova Nurəstə Məhəmməd qızı, Mahmudova Oksana Alekseyevna, Kərimov Ağamir İsa oğlu, Kərimov Şirxan Ataş oğlu, Mürsəlova Afət Hüseyn qızı paytaxtdakı xəstəxanalara yerləşdiriliblər.  Dekabrın 18-də xəsarət alan Qurbanova müalicə olunduğu 5 saylı xəstəxanada ölüb.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov hadisə günü billdirib ki, ilkin məlumatlara görə, partlayış qaz sızması nəticəsində baş verib. Heydərov deyib ki, buna dördüncü mərtəbədəki mənzillərdən birində təmir işlərinin aparılması səbəb ola bilər.

Bakı şəhər prokuroru Əziz Seyidov həmin gün Trend - a açıqlamasında faktla bağı Bakı şəhər Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin tikinti, mədən və sair işlər aparılarkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda (222.3 - cü) maddəsi ilə cinayət işi başlanıldığını və istintaq aparıldığını deyib.

Binada partlayış zamanı 30 mənzilə ziyan dəyib, hadisə zamanı 30 ailə üzvü zərər çəkib. Zərərçəkən şəxslərin yerləşdirilməsi üçün rayon ərazisindəki 172 saylı uşaq bağçası boşaldılıb.

Həsənov bildirib ki, 9 ay müddətində sökülən üç blokun yerində beş mərtəbəli eyni ölçülü mənzil sahəsi ilə bina tikiləcək. Həsənovun sözlərinə görə, həmin müddətdə sakinlərə dövlət tərəfindən kirayə mənzillər tutulacaq.

Həsənov əlavə edib ki, binada baş verən partlayış zamanı dəymiş ziyanın məbləği də müəyyənləşib.

"Dəymiş ziyanı müəyyən edilməsi üçün sənədlər hazırlanıb. Partlayış zamanı sakinlərə və mənzillərdə olan əşyalara dəyən ziyanın 122 500 manat  olması müəyyən olunub", - deyə Həsənov qeyd edib.

Həsənov əlavə edib ki, sakinlərə dəymiş ziyanı, onların müvəqqəti kirayə evlərin tutulması,  partlayış zamanı ölənlərin yaxınlarına və yaralanan şəxslərə dövlət tərəfindən kompensiasiya ödəniləcək. 

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti