...

Azərbaycan Mətbuat Şurası jurnalist etikası ilə bağlı konfrans keçirəcək

Cəmiyyət Materials 4 Fevral 2010 15:26 (UTC +04:00)
"Jurnalist etikası və dünya ölkələrindəki ənənələr" mövzusuna həsr olunan konfransın martın 15-də keçirilməsi nəzərdə tutulur", - cümə axşamı Trend News-a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Azərbaycan, Bakı, 04 fevral / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Mətbuat Şurası jurnalist etikası ilə bağlı konfrans keçirəcək.

"Jurnalist etikası və dünya ölkələrindəki ənənələr" mövzusuna həsr olunan konfransın martın 15-də keçirilməsi nəzərdə tutulur", - cümə axşamı Trend -a Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Trеnd Nеws-un аrаyışı: Azərbaycanda dörd minə yaxın kütləvi infоrmаsiyа vаsitəsi qеydiyyаtdаn kеçib. Hаzırdа оnlаrdаn 600-ə yахını fəaliyyət göstərir. Təхminən 400-ə qədər qəzеt və jurnаl dərc оlunur, 8 ümumrespublika, 14 regional, 13 kabel televiziyası fəаliyyət göstərir. Аzərbаycаndа 50-yə yaxın elektron KİV, təxminən 20 informasiya agentliyi vаr. Qalanları isə internet resurslarıdır.

Amaşovun sözlərinə görə, həmin gün Mətbuat Şurasının yaranmasının 7-ci ildönümü də qeyd olunacaq. "Biz 2010-cu ili "Diffamasiya ili" elan etmişik. "Diffamasiya haqqında" qanunun qəbulu da məhz jurtnalistlərin peşə etikasına nə dərəcədə əməl edib-etməmələrindən asılıdır", - Şura sədri əlavə edib.

Şura sədri deyib ki, kütləvi informasiya vasitələrinin, Azərbaycan hakimiyyəti və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə, xüsusilə jurnalistika etikasına dünya ölkələrində necə əməl olunması məsələsi müzakirə olunacaq. "Düşünürəm ki, diffamasiya ilə bağlı başladığımız müzakirələrin davam etdirilməsi istiqamətində bu konfransın xüsusi rolu olacaq", - Amaşov vurğulayıb.

"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyi ilə hazırlanıb. Onu hazırlayan işçi qrupuna millət vəkillləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.

Beynəlxalq təşkilatlar hesab edirlər ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır.

"Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi Demokratik Jurnalistlər Liqası parlamentə müracitə etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti