Gürcüstan, Tbilisi, 24 iyun /Trend, müxbir C.Babayeva/
Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) və "Milli azlıqların hüquq müdafiəsi üzrə Monitorinq Qrupu"nun təşəbbüsü ilə ölkənin azərbaycanlı kəndlərində aparılan monitorinqin ilkin nəticələri açıqlanıb.
İki aydır ki, aparılan monitorinq Gürcüstanın azərbaycanlı kəndlərində əhalinin yaşayış şəraitinin araşdırılması məqsədilə həyata keçirilir.
Monitorinq qrupunun rəhbəri, GAK üzvü, "Qarapapaq" Xeyriyyə Cəmiyyətinin sədri Elşad Əliyevin cümə axşamı Trend-ə bildirdiyinə görə, monitorinq zamanı kəndlərin məscid, içməli su, suvarma suyu ilə bağlı problemləri öyrənilir.
"İndiyə qədər Bolnisi rayonunun 23 kəndində aparılmış monitorinqin ilkin nəticələri göstərir ki, Gürcüstanın azərbaycanlı kəndlərinin əhalisinin yaşayış şəraiti çox aşağı səviyyədədir. Onlar içməli və suvarma suyunun olmamasından əziyyət çəkir, kəndlərin adlarının gürcü adlarına dəyişdirilməsindən çox narahatdırlar. Kəndlərin hər yerində xaçların ucaldılması onları çox incidir", - Əliyev deyib.
Əliyevin sözlərinə görə, monitorinq aparılmış bütün kəndlərin problemləri bir-birinə bənzəyir.
"Kənd əhalisini narahat edən ən başlıca problem isə azərbaycandilli məktəblərin bağlanmaq üzrə olmasıdır. Belə ki, həmin məktəblərdə həm kadr, həm də şagird çatışmazlığı problemi var. Şagird çatışmazlığının əsas səbəbi ondan ibarətdir ki, ağır sosial-iqtisadi vəziyyətdən ailələrin ölkəni tərk edib Rusiya, Türkiyə və Azərbaycana qazanc dalınca getməsidir. Həmin ailələr məktəbyaşlı uşaqlarını da özləri ilə aparırlar. Həmçinin, məktəblərin vəziyyəti acınacaqlı olduğundan, azərbaycanlı şagirdlər gürcüdilli məktəblərdə təhsil alırlar. Heç bir azərbaycandilli məktəbdə gənc müəllim kadrı yoxdur", - monitorinq qrupunun rəhbəri bildirib.
O, azərbaycanlı kəndlərinin əksəriyyətində gənclər olmadığını, yalnız yaşlı nəslin nümayəndələrinin qaldığını deyib.
Monitorinq qrupunun rəhbəri kəndlərdə, hətta qədim abidə, məscidlərin üstünə, müsəlman qəbiristanlıqlarının, ziyarətgahların yaxınlığında xaçların yerləşdirildiyini bildirib. "Yerli sakinlər bunu müsəlmanlara təhqir kimi qiymətləndirirlər. Onlar məscid tikintisinə icazə verilmədiyi halda, xaçların yerləşdirilməsinə narazılıqlarını bildirirlər", - Əliyev deyib.
Onun sözlərinə görə, monitorinq aparılmış 23 kəndin əzəli Azərbaycan adları yerli sakinlərin rəyi olmadan, onlarla məsləhətləşmədən dəyişdirilib.
"Kəndlərin Azərbaycan adlarının olduğu lövhələr dağıdılıb. Əhali kəndlərin əzəli dədə-baba adlarının dəyişdirilməsindən çox narahatdır və əvvəlki adların qaytarılmasını istəyirlər. Onlar kəndlərin gürcü adlarından yox, əzəli Azərbaycan adlarından istifadə edirlər. Məsələn, Qoçulu kəndi Çavala, Arxlı kəndi Naxeduri, Muğanlı kəndi Farisi, Kolagir kəndi Surtava adlandırılıb", - Əliyev deyib.
Onun sözlərinə görə, azərbaycanlı kəndlərində tarixi abidələr də gürcüləşdirilir. "Alban, Azərbaycan abidələrinin yaxınlığında xaç qoyulur. Tarixi və mədəni abidələrin üzərində onun nə vaxt, kim tərəfindən, nə məqsədlə tikildiyini bildirən daş lövhələr götürülüb", - monitorinq qrupunun rəhbəri bildirib.