M.V.Lomonosov adına Moskva Dövlət Universiteti (MDU) Bakı filialının rektoru, professor Nərgiz Paşayeva avqustun 3-də bu nüfuzlu ali məktəbə qəbul olunan tələbələr və onların valideynləri ilə görüşüb. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Görüşdə imtahan komissiyasının üzvləri, MDU-nun tanınmış alim və professorları da iştirak ediblər.
Tədbirdə çıxış edən rektor Nərgiz Paşayeva tələbələri təbrik edərək, bu günün onların həyatında ən əlamətdar hadisələrdən biri olduğunu vurğulayıb. Rektor deyib ki, artıq üçüncü ildir ki, MDU-nun Bakı filialına qəbul imtahanları keçirilir. Qəbul olunanların hamısının yüksək bilik, bacarıq və əzmkarlıq nümayiş etdirdiyini diqqətə çatdıran N.Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tələbəsi adını daşımağın şərəfli və məsuliyyətli olduğunu söyləyib.
Qeyd olunub ki, dünyaşöhrətli MDU-nun Bakı filialında fəaliyyət göstərən tətbiqi riyaziyyat, kimya, filologiya və psixologiya fakültələrinə 200-dən çox abituriyent ərizə ilə müraciət edib, onların 92-si bu nüfuzlu ali təhsil ocağının tələbəsi adına layiq görülüb.
Zala toplaşanlar tələbələri hərarətlə alqışlayıblar.
Nərgiz Paşayeva tələbələrə M.V.Lomonosov adına MDU-nun peşəkar müəllimlərinin dərs deyəcəyini, Bakı filialında təhsilin universitetin statusu səviyyəsində olacağını diqqətə çatdırıb.
Tələbə adını qazanan gənclərin elm sahəsində çətin və şərəfli yola qədəm qoyduğunu deyən rektor Nərgiz Paşayeva qəbul imtahanlarını keçirən komissiyanın işinin təşkilində MDU-nun rektoru Viktor Sadovniçiyə və imtahanları qəbul edən Moskva komissiyasının üzvlərinə minnətdarlığını bildirib, valideynləri təbrik edib.
Sonra imtahan komissiyasının üzvləri, MDU-nun professor- müəllim heyəti tələbələri təbrik etmiş, onlara təhsildə uğurlar arzulayıblar.
Mərasimdə Bakı filialının direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Vitali Fedorçuk, fizika-riyaziyyat elmləri doktoru, professor Yuri Sadovniçi, psixologiya elmləri namizədi Andrey Kiselnikov, qəbul komissiyasının məsul katibi, kimya elmləri doktoru Sergey Karlov, filologiya elmləri doktoru Aleksandra Anisimova çıxış ediblər. Qeyd olunub ki, MDU-nun diplomu hər bir tələbə üçün şərəfdir. Universitet tələbələrinin qarşısında duran başlıca vəzifə isə biliklərə mükəmməl yiyələnmək, gələcəyin layiqli mütəxəssisləri olmaqdır. MDU-nun Bakı filialına müsabiqənin asan keçmədiyini deyən natiqlər abituriyentlərin Moskvadan gələn müəllim-professor heyəti qarşısında biliklərini yüksək səviyyədə nümayiş etdirdiklərini və sınaqdan uğurla çıxdıqlarını söyləyiblər. Bu gün MDU-nun Bakı filialında fəaliyyət göstərən fakültələrin cəmiyyətimiz üçün aktual olan sahələrdə ixtisaslı kadrların yetişməsi işində əhəmiyyəti vurğulanıb.
MDU-nun Bakı filialında bu il ən böyük müsabiqə tətbiqi-riyaziyyat fakültəsində olub. Natiqlər hər il universitetə orta məktəblərin Azərbaycan bölməsindən qəbul olunan abituriyentlərin sayının artmasından məmnunluqlarını bildiriblər.
Qeyd olunub ki, bu gün dünyada 60 mindən çox universitet var. M.V.Lomonosov adına MDU dünyanın ən yaxşı 100 universiteti sırasına daxildir.
Tələbələrə tövsiyələrini verən natiqlər onları MDU-nun Bakı filialında yaradılan geniş imkanlardan maksimum səmərəli istifadə etməyə çağırıblar. Onlar tələbələrin yüksək biliklərə yiyələnmələrində rektor Nərgiz Paşayevanın səylərini yüksək qiymətləndiriblər.