...

Azərbaycanın Ali Məhkəməsi Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarını icra etdi

Cəmiyyət Materials 11 Noyabr 2010 17:41 (UTC +04:00)
Azərbaycanın Ali Məhkəməsi Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarını icra etdi
Azərbaycanın Ali Məhkəməsi Avropa Məhkəməsinin Eynulla Fətullayevlə bağlı qərarını icra etdi

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ali Məhkəməsinin Plenumu "Gündəlik Azərbaycan" və "Realnıy Azərbaycan" qəzetlərinin baş redaktoru barəsində Avropa Məhkəməsinin qərarı ilə bağlı işə baxıb.

Ali Məhkəmənin cümə axşamı keçirdiyi Plenum iclasında qərar verilib ki, Eynulla Fətullayevin Cinayət Məcəlləsinin böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma (147.1, 147.2) maddələri ilə məhkum olunmasına dair Ali Məhkəmənin 21 avqust 2007-ci il tarixli qərarı ləğv olunsun, həmin maddələr üzrə cinayət işinə xitam verilsin.

Qərara əsasən, Fətullayevin terrorçuluq (214.1), vergi ödəməkdən yayınma (213.2.2), Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması (283.2.2) maddələri ilə məhkumluğuna dair Ali Məhkəmənin 3 iyun 2008-ci il qərarının 283.2.2, 214.1-ci hissələri ləğv olunub və həmin hissə üzrə cinayət işinə xitam verilib.

Qərara əsasən, Cinayət Məcəlləsinin 213.2.2 maddəsi ilə təyin edilən 2 il 3 ay müddətinə azadlıqdan məhruetmə cəzası Fətullayevin üzərində qalıb. Lakin Fətullayev cəzasının müddəti 3 iyul 2007-ci ildən hesablanmaqla qəti cəza çəkib qurtardığından, hazırkı iş üzrə həbsdən azad edilib.

Eynulla Fətullayev 2007-ci ildə terrorla hədələmək, milli ədavəti qızışdırmaq və vergidən yayınmaqda ittiham olunaraq, 8 il yarım azadlıqdan məhrum edilmişdi.

Avropa İnsan Haqları Məhkəməsi bu il aprelin 22-də Fətullayevin həbsdən dərhal azad edilməsi ilə bağlı qərar qəbul edib. Qərara görə, Fətullayevə Azərbaycan hökuməti tərəfindən 28 min avro təzminat ödənilməlidir.

Azərbaycan hökuməti məhkəmənin qərarından Böyük Palataya şikayət edib. Böyük Palata hökumətin şikayətini qəbul etməyib və məhkəmənin qərarını qüvvədə saxlayıb.

Fətullayev barəsində 2009-cu ilin dekabrında Cinayət Məcəlləsinin qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.1) maddəsi ilə cinayət işi açılmışdı. Bu ittihamla Fətullayev Qaradağ rayon məhkəməsinin hökmü ilə bu il iyun ayında 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Fətullayev bu hökmlə bağlı Bakı Apelyasiya Məhkəməsinə şikayət edib. İş üzrə məhkəmə baxışı noyabrın 22-nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti