...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Aşura günündə bütün müsəlmanlara başsağlığı verib

Cəmiyyət Materials 16 Dekabr 2010 12:36 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Aşura günündə bütün müsəlmanlara başsağlığı verib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Aşura günündə bütün müsəlmanlara başsağlığı verib

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir T.Hacıyev/

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Aşura günündə bütün müsəlmanlara başsağlığı verib.

"Torpaq yolunda şəhid olanlarımızı da bu gün yad etməliyik. Aşurada şəhid olanlar bizə Qarabağ uğrunda şəhid olanları yada salır. Biz bu gün həm İmam Hüseyn (ə.s.), həm də öz şəhidlərimizi yada salaraq bu matəmi keçiririk", - Paşazadə jurnalistlərə açıqlamasında bildirib.

QMİ sədri xalqımızı, cəmiyyətimizi ümumi qanunlardan kənara çıxmamağa, həmin qanunlara riayət etməyə və dövlət qanunlarına, ictimai qanunlara hörmət etməyə çağırıb.

"İmam Hüseyni yad etmək, onunçün göz yaşı tökmək bu qanunların əleyhinə deyil, ancaq bu gündən istifadə edərək insansanlar öz bədənlərinə müxtəlif əşyalar vasitəsilə xəsarət yetirirlər, qan çıxarırlar. Bu, İslamda bəyənilmir. Buna görə də bizim fətvamız var. İnsanlar mərasimlərini fətvaya uyğun olaraq keçirməlidirlər", - QMİ sədri əlavə edib.

Paşazadə bu gün Aşura günü ilə bağlı qan verib.

Azərbaycanda Aşura günü ilə bağlı səhər saat 8:00 radələrində məscidlərdə qanvermə aksiyası başlayıb.

Mərkəzi Qan Bankında qanla keçən infeksiyalar bütün standartlara uyğun yoxlanılır, sonra ehtiyacı olan xəstələrə veriləcək. Yığılan qanlar əsasən tallesimiya və gen xəstəliklərindən əziyyət çəkənlərə veriləcək. Bunu cümə axşamı Trend-ə Mərkəzi Qan Bankının həkimi Həqiqət Əliyeva deyib.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Aşura günü - dekabrın 16-da qanvermə aksiyalarının həyata keçiriləcəyi məscid və ziyarətgahların adlarını açıqlayıb.

Təzə Pir , Hacı Sultanəli, Bibiheybət, Qaraçuxur, Mir Mövsüm ağa, Sumqayıt məscidləri, Gəncədə İmamzadə ziyarətgahı, Mingəçevirdəki Heydər, Şəki, Şirvan, Lənkərandakı Böyükbazar və Bərdə məscidlərində qanvermə aksiyaları təşkil ediləcək. Bu barədə daha öncə Trend-ə QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib.

Qafqaz Müsəlmanları İdarəsi Aşura günü ilə bağlı vətəndaşları dini matəmi sakit şəkildə, qan çıxarmamaqla, özlərinə xəsarət vermədən keçirməyə, müqəddəs yerlərdə nizam-intizamı gözləməyə çağırır.

1368 il öncə məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin nəvəsi, İmam Əlinin oğlu İmam Hüseyn İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə həlak olub. Onlar Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib.

Dünyanın bir çox şiə-müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da qətlə yetirilən peyğəmbər övladları və digər müsəlmanlar yad edilir.

Xəbər lenti

Xəbər lenti