...

Azərbaycanda hərbi xidmət əleyhinə olan cinayətlər azalıb - hərbi prokuror

Cəmiyyət Materials 27 Yanvar 2011 18:31 (UTC +04:00)
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu barədə hərbi prokuror Xanlar Vəliyev ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verib.
Azərbaycanda hərbi xidmət əleyhinə olan cinayətlər azalıb - hərbi prokuror

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan hərbi prokurorluq orqanları tərəfindən qeydə alınan cinayətlərin 99,1 faizi açılıb.

Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, bu barədə hərbi prokuror Xanlar Vəliyev ötən ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verib.

Hərbi prokuror qeyd edib ki, 2009-cu illə müqayisədə ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 3,8 faiz, o cümlədən tabelik qaydaları əleyhinə olan cinayətlər 12,7 faiz, hərbi xidmətdən yayınma cinayətləri 9,5 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətləri 13,7 faiz, qəsdən adamöldürmə cinayətləri 46,2 faiz, özünü öldürmə həddinə çatdırma cinayətləri 23,5 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 8,2 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 18,2 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 24 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 6,8 faiz azalıb.

Hərbi hissəni və xidmət yerini döyüş şəraitində özbaşına tərketmə halları isə baş verməyib.

Vəliyev deyib ki, hərbi birləşmələrdə törədilmiş bir sıra ağır və xüsusilə ağır cinayətlərin açılması təmin olunub. O, bu növ cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla qarşılıqlı sağlam və işgüzar əlaqələrinin yaranması, habelə birgə tədbirlərin əhəmiyyətini vurğulayıb.

Hərbi prokurorun sözlərinə görə, ötən il Silahlı Qüvvələrdə və qanunvericilikdə nəzərdə tutulmuş başqa silahlı birləşmələrdə törədilmiş hərbi xidmət əleyhinə olan cinayətlər azalsa da, tabelik münasibətləri olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 6,8 faiz, maşınlarları idarəetmə və istismar qaydalarnı pozma cinayətləri 62,5 faiz və qeyri-hərbi cinayətlər 18,9 faiz artıb.

Silahlı birləşmələrdə bu növ cinayətlərin qarşısının alınması üçün Respublika Hərbi Prokurorluğunda qanunda nəzərdə tutulan müvafiq tədbirlər görülüb.

Silahlı Qüvvələrdə törədilən cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilib və icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Hərbi prokurorluq orqanları cinayətlər nəticəsində vurulmuş maddi ziyanın 44 faizinin istintaq zamanı ödənilməsini təmin edib.

Vəliyev bildirib ki, mənimsəmə və israfetmə yolu ilə talama cinayətlərinin aşkarlanması sahəsində struktur qurumlar tərəfindən bir sıra işlər görülsə də, bu sahədə görülən işlərin səmərəliliyi və keyfiyyəti daha da artırılmalıdırlar. O qeyd edib ki, Silahlı Qüvvələrdə qanun pozuntularının araşdırılması şöbəsinə daxil olmuş müraciətlərin araşdırılması nəticəsində 14 cinayət işi başlanıb.

Ötən il hərbi prokurorluq orqanları tərəfindən axtarış tədbirlərinin yerinə yetirilməsi üzərində prokuror nəzarətinin gücləndirliməsi nəticəsində axtarışda olanlardan 79 nəfər tapılıb istintaqa cəlb edilib.

Kollegiya iclasında ibtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, cinayətkar hərəkətlər nəticəsində hüquqi və fiziki şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olunub və onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

2010-cu ildə Azərbaycan Respublikasının hərbi prokurorluq orqanlarında vətəndaşların 1684 müraciətinə baxılıb, 608 vətəndaş mərkəzi aparatda qəbulda olunub, ərazi hərbi prokurorluqlarında 2694 vətəndaşın şəxsi qəbulu aparılıb, hərbi hissə və birləşmələrdə hərbi prokurorluqların əməkdaşları tərəfindən 2002 nəfər qəbul edilərək müraciətləri üzrə müvafiq qərarların qəbul edilməsi təmin edilib.

Hərbi prokuror Vəliyev Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciəsi, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və erməni silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı Hərbi Prokurorluqda aparılan istintaq barədə kollegiya iclası iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət əməlləri Azərbaycan Cinayət Məcəlləsinin soyqırıma görə məsuliyyəti nəzərdə tutan 103-cü və digər maddələrinə tövsif edilib, iş üzrə 287 təqsirləndirilən şəxs barəsində axtarış elan edilib. Həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xəbər lenti

Xəbər lenti