...

Azərbaycan Teleradio Şurası: Kabel televiziyaları keyfiyyət məsələlərinə yenidən baxmalıdırlar

Cəmiyyət Materials 4 Avqust 2011 14:56 (UTC +04:00)
Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) kabel televiziyalarının xidmət keyfiyyətinin artırılmasını vacib hesab edir.
Azərbaycan Teleradio Şurası: Kabel televiziyaları keyfiyyət məsələlərinə yenidən baxmalıdırlar

Azərbaycan, Bakı, 4 avqust /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Milli Televiziya və Radio Şurası (MTRŞ) kabel televiziyalarının xidmət keyfiyyətinin artırılmasını vacib hesab edir.

"Azərbaycanda kabel televiziyalarının keyfiyyəti o səviyyəyə çatdırılmalıdır ki, insanlar çanaq antenalarındansa, kabel televiziyalarının xidmətlərindən istifadəni üstün tutsunlar", - cümə axşamı Trend-ə MTRŞ sədri Nuşirəvan Məhərrəmli bildirib.

Onun sözlərinə görə, dövlətin çanaq antenalarının yığışdırılması barədə mövqeyi və qərarı yoxdur.

"Dövlət inzibati qaydada çanaq antenalarının yığışdırılması barədə qərar verə biməz. Bu proses təbii üsullarla getməlidir, yəni kabel televiziyalarının keyfiyyəti o həddə çatdırılmalıdır ki, insanlar çanaq antenalarından imtina etsinlər", - Məhərrəmli əlavə edib.

MTRŞ sədri onu da bildirib ki, çanaq antenaları həm şəhərin gözəlliyinə zərər vurur, həm də hündürmərtəbəli binalarda belə antenaların quraşdırılması təhlükəsizlik baxımından məqsədəuyğun deyil.

"Bu baxımdan kabel televiziyaları daha məqsədəuyğundur", - Məhərrəmli qeyd edib.

Onun sözlərinə görə, son illər kabel televiziyalarının xidmət keyfiyyətində nəzərəçarpacaq artım müşahidə olunur.

"Hətta bəzi kabel televiziyaları rəqəmsal yayıma da keçiblər. Ona görə də çanaq antenalarından istifadə etməkdənsə, kabel televiziyasının xidmətlərindən istifadə etmək sərfəlidir. Çünki çanaq antenalarından istifadə edən şəxslər Avropa ölkələri, Rusiya və ya digər ölkələrin televiziyalarının proqramlarına baxmaq istəsələr, mütləq gərək bir neçə antena quraşdırsınlar. Ancaq kabel televiziyası vasitəsi ilə cəmi bir xəttə qoşulmaqla bütün regionların kanallarına baxmaq mümkündür", - MTRŞ sədri vurğulayıb.

Kabel televiziyalarının xidmət haqlarının aşağı salınması barədə sualı cavablandırarkən Məhərrəmli deyib ki, hazırda kabel televizyalarının xidmətlərinin standart paketinin qiyməti 9-10 manat civarındadır və bu, optimal qiymətdir.

Onun sözlərinə görə, qiymətlərin bundan aşağı salınması iqtisadi baxımdan səmərəli olmazdı, çünki kabel televiziyaları yayımladıqları pullu kanallara özlərinin hər abonenti üçün ayrıca pul ödəyirlər.

Xəbər lenti

Xəbər lenti