...

Azərbaycanda uşaq intiharları: səbəblər və çıxış yolları

Cəmiyyət Materials 13 Sentyabr 2011 13:16 (UTC +04:00)
Azərbaycanda uşaq intiharlarının baş verməsi halları dövlət və qeyri-hökumət təşkilatları tərəfindən araşdırılır.
Azərbaycanda uşaq intiharları: səbəblər və çıxış yolları

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda uşaq intiharlarının baş verməsi halları dövlət və qeyri-hökumət təşkilatları tərəfindən araşdırılır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hesab edir ki, ailə psixoloqu institutunun yaradılması uşaqlar arasında intihar faktlarının baş verməməsi istiqamətində irəliyə doğru atılmış addım olar.

Azərbaycanda uşaq intiharlarının sayı barədə rəsmi statistika açıqlanmasa da, mətbuatda dərc olunan məlumatlara əsasən, bu ilin 8 ayında 20-yə yaxın uşaq intihar edib.

Komitədən Trend-ə bildirilib ki, ailə psixoloqu institutunun yaradılması istiqamətində iş aparılır.

Dövlət Komitəsi son vaxtlar uşaqlar arasında intihar hallarının artmasını problem kimi qəbul edir və hüquq-mühafizə orqanları tərəfindən uşaqlar arasında baş vermiş intiharların səbəblərinin açıqlanmadığını qeyd edir.

Uşaqların psixoloji durumunda ciddi dəyişikliklərin olduğunu qeyd edən Komitə buna uşaqların kütləvi informasiya vasitələrindən, internetdən, ətrafdan aldığı məlumatların onlarda yaratdığı stressin səbəb olduğu qənaətindədir.

Televiziyalarda uşaqlar üçün yayımlanan film və cizgi filmlərində daha çox aqressiyanın, şərin xeyir üzərində qələbəsinin təbliğ olunduğunu vurğulayan komitə bu məsələyə ciddi diqqət yetirilməsini vacib sayır.

Televiziyalara bu məsələ ilə əlaqədar Komitə tərəfindən müəyyən tövsiyələr verilsə də, bunlar nəzərə alınmır.

Bunun qarşısının alınmasını qeyri-mümkün hesab edən Komitə bu məsələdə əsas məsuliyyətin valideynlərin üzərinə düşdüyünü qeyd edir.

Belə ki, valideynlər uşağın seçimində ona kömək etməli, onu düzgün istiqamətləndirməli, onun gün ərzində hansı verilişlərə, hansı müddətdə baxmasını tənzimləməlidir.

Uşaqların psixoloji durumunun daim valideynlər və müəllimlər tərəfindən diqqətdə saxlanılması da vacibdir.

"Uşaq birdən-birə intihar etməyə qərar vermir. Onların psixoloji durumu tədricən intihar vəziyyətinə gətirib çıxarır. Bəzən valideynlər deyirlər ki, mən hiss edirdim ki, uşaq özünə qapanıb, hərəkətlərində qəribəlik var idi. Valideynlər bu halı aşkar edən kimi mütəxəssislərə müraciət etməlidirlər. Vaxtında müraciət olunarsa, intiharların qarşısını almaq mümkündür. Müəllimlər, məktəb psixoloqları da uşaqlara qarşı diqqətli olmalıdırlar", - komitədən bildirilib.

Uşaq və Gənclərin Sosial Reablitasiya Mərkəzinin psixoloqu Günel Aslanova Trend-ə bildirib ki, yeniyetməlik dövründə uşaq intiharlarının əsas səbəbi kimi özünütəsdiq motivi çıxış edir.

Psixoloq deyir ki, uşaqlar intihar etmək fikrinə düşəndə əksər hallarda özlərini öldürmək istəmirlər.

"İntihara cəhd etməklə onlar istədikləri məqsədə nail olmaq istəyirlər. Araşdırmalar göstərir ki, bu cəhdlərin əksəriyyəti ölümlə nəticələnmir", - psixoloq vurğulayıb.

Aslanova intihar etmək istəyini bildirən uşaqlarla söhbət aparılmasını, onların bu vəziyyətə düşməsinin səbələrinin araşdırılmasını və bu yolla onlara kömək göstərilməsini vacib sayır.

"Uşaqların intihar barədə söhbətləri bizə siqnal olmalıdır. Onlarla bu barədə danışmalıyıq, onlara kömək etməliyik. Əgər uşağın bu yolla əldə etmək istədiyi məqsəd düzgündürsə ona bu məqsədə çatmaq üçün kömək etmək lazımdır. Yox, əgər bunun əsasında şıltaqlıq, nəyisə nümayiş etdirmək dayanırsa, onu bu yoldan çəkindirmək lazımdır. Yeniyetməlik dövründə uşaqlar fizioloji, bioloji olaraq yetkinləşir, amma psixoloji cəhətdən yetkin olmurlar. Onlar yaranmış bu təzadı görür və balansı qorumaq üçün özlərini böyüklər kimi aparırlar. Valideynlər, böyüklər bu uşaqlarla dostluq münasibəti qurmalı, onları başa düşməyə çalışmalıdırlar", - o deyib.

Psixoloq bildirib ki, uşaqlar əksər vaxtlarda özlərini hansısa filmin qəhrəmanına bənzədir, özlərini onlar kimi aparmağa çalışırlar. Bu isə çox vaxt arzuolunmaz hallara gətirib çıxarır.

"Uşaqlar reallıqla virtual aləm arasında sərhəd qoymurlar. Bu iki aləm arasındakı fərqi, sərhədi böyüklər onlara başa salmalıdırlar", - Aslanova deyib.

Onun sözlərinə görə, intihara daha çox melonxolik temperament tipli insanlar meyl edir. Bu qəbildən olan insanların risk qrupuna daxil olduğunu deyən psixoloqun sözlərinə görə, bu, onların zəif sinir sisteminə malik olması ilə əlaqədardır.

Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının sədri Nabi Seyidov isə Trend-ə deyib ki, intihar riski olan uşaqlar daha çox pisixoloji gərginlik keçirən ailələrdəndir.

O, bu ailələri bir neçə kateqoriyaya ayırır.

Birinci kateqoriyaya yoxsulluq içərisində yaşayan ailələri aid edən Seyidov bildirib ki, bu ailələrdə uşaqların valideynlərlə münasibətləri gərgindi, valideyin uşağına lazımi diqqəti yetirmir və uşaqlar nəzarətsiz qalırlar.

O, ikinci qrupa əlil uşağı olan ailələri daxil edir.

Cinsi, fiziki, mənəvi, psixoloji zorakılığa məruz qalan, istismar olunan uşaqlar, küçə uşaqları, internatdan çıxan uşaqlar üçün reablitasiya mərkəzlərinin olmadığını problemin həllində əngəl olduğunu deyən Alyans rəhbəri bu kateqoriyadan olan uşaqlar üçün respublikanın bütün regionlarında reablitasiya mərkəzlərinin yaradılmasını vacib hesab edir.

Ekspertin fikrincə, uşaq intiharlarının kökündə sosial çətinlik deyil, psixoloji gərginlik, uşaqların valideynləri, həmyaşıdları ilə olan ünsiyyətindəki problemlər dayanır.

"Məktəb psixoloqlarının işi olduqca zəifdi. Məktəb psixoloqları müasir standartlara uyğun təlimlər keçməlidirlər. Məktəblərdə sinif rəhbərləri, müəllimlər psixoloji gərginlik keçirən uşaqları vaxtında müəyyənləşdirməlidirlər ki, onları vaxtında psixoloqa, sosial işçilərə yönəltsinlər", - Alyans sədri deyib.

Azərbaycanda uşaq intiharları ilə bağlı vahid statistikanın aparılmadığını deyən Seyidov bildirib ki, BMT-nin Uşaq Hüquqları üzrə Komitəsi 2006-cı ildə belə bir statistikanın aparılması üçün Azərbaycan hökumətinə tövsiyə verib.

Onun sözlərinə görə, uşaq intiharlarının səbəbləri ciddi araşdırılmalı, uşağın bu vəziyyətə çatmasında günahı olanlar cəzalandırılmalıdır.

"İntihar faktı baş verəndə Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanır. Həmin maddədə qeyd olunur ki, şəxsi özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə baş verir. Uşaq intiharları ilə bağlı cinayət işlərinin nəticəsi ilə bağlı məlumat əldə edə bilmirik. Onu bu həddə kimin çatdırdığı müəyyən edilmir. Bizə dövlət qurumlarından verilən məlumata görə, 2008-ci ildə 20, 2009-cu ildə 30, 2010-cu ilin 5 ayında 14 uşaq intiharı qeydə alınıb. Uşaq intiharları ilə bağlı hər bir fakt psixoloq, sosial işçilərin iştirakı ilə ciddi araşdırılmalıdır", - Seyidov deyib.

Alyans rəhbəri uşaq və gənclər arasında bu problemin həlli məqsədilə xüsusi dövlət proqramının qəbulunu da zəruri hesab edir.

Xəbər lenti

Xəbər lenti